Regionun davamlı inkişafının formulu
Siyasət

Regionun davamlı inkişafının formulu

Azərbaycan ümumbəşəri dəyərlərə sadiq qalaraq bütün ölkələrlə, o cümlədən möhkəm mədəni-tarixi bağlarımız olan İranla dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamağı və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi ali niyyət olaraq müəyyən edib. Biz digər dövlətlərlə olduğu kimi, cənub qonşumuzla da münasibətlərimizi həmişə beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmuşuq.

Möhtərəm Prezidentimiz İlham Əliyevin ifadə etdiyi kimi, "əsrlər boyu İran və Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar". Rəsmi Bakı və Tehran arasında münasibətlərin inkişafı hər iki tərəfin milli maraqlarına uyğundur və bu proses qarşısında prinsipial maneə yoxdur. Bundan başqa, əlaqələrimizin regional nöqteyi-nəzərdən strateji önəmi var və Azərbaycan Prezidentinin də bu məsələdə mövqeyi aydındır. Cənab İlham Əliyev məhz bu əməkdaşlığı regionun inkişafının formulu hesab edir: "Bölgənin inkişafı bölgədəki ölkələrdə yaşayan xalqların iradəsi ilə təmin olunmalıdır". Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası" hidroqovşağının açılışı bu mənada, rəsmi Bakı və Tehran arasında əldə edilmiş növbəti uğur hesab oluna bilər. Cənab İlham Əliyevin dediyi kimi, bu layihənin texniki nöqteyi-nəzərdən önəmi aydındır, enerji güclərinin də bərabər bölünməsi Azərbaycana və İrana əlavə fayda verəcək, eyni zamanda energetika sahəsində digər çox böyük planlar üçün əsas olacaq. "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları, eyni zamanda iki xalqı, iki dövləti daha sıx birləşdirəcək ki, nəticədə bu proses xalqlarımızın rifahının yaxşılaşdırılmasına doğru növbəti addım olacaq.

İran-Azərbaycan əməkdaşlığı bölgənin sabitliyi və gələcək təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün çox önəmlidir. Bunun üçün isə çox ciddi zəmin var. Rəsmi Bakı və Tehran bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir. İran-Azərbaycan dostluğu, həmçinin təcavüzkar məqsəd güdən qeyri-region dövlətləri üçün ciddi səddə çevrilmək potensialındadır. Həmin güclər özləri də bu reallığın fərqindədirlər və Bakı-Tehran münasibətlərinin gərgin olmasında maraqlıdırlar. Lakin cənab İlham Əliyevin rəsmən bəyan etdiyi kimi, "Bu səylər əbəsdir və biz bunu bir daha sübut edirik".

Azərbaycan Vətən müharibəsi və antiterror tədbirləri ilə qeyri-adekvat niyyətli qlobal subyektləri neytrallaşdırmaq və ya məğlub edərək regiondan uzaqlaşdırmaqla təsəvvürə belə gətirilməyən bir reallıq yaradıb. Artıq İran da bunun fərqindədir. Beləliklə, regionda tarixin heç bir dövründə olmadığı qədər uzlaşma əldə olunub və prosesin yeganə zəif bəndi dövlət başçımızın təbirincə desək, "uzun illər bölgədən uzaqda yerləşən ölkələrin himayəsinə, dəstəyinə bel bağlayan Ermənistan"dır.

Rəsmi İrəvan indiki reallıqları doğru qiymətləndirməli, Azərbaycan-Türkiyə, Azərbaycan-Rusiya və Azərbaycan-İran münasibətləri fonunda başa düşməlidir ki, bölgə dövlətləri güclü, müstəqil siyasət aparır və heç bir kənar qüvvə bu dövlətlərin iradəsinə təsir edə bilməyəcək. Bu mənada, İrəvanın qarşısında yalnız bir yol var, regional əməkdaşlığa töhfə vermək. Sevindirici haldır ki, hazırda Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi və paralel olaraq sülh müqaviləsi üzrə danışıqlar prosesi gedir və ilkin müsbət nəticələr mövcuddur. Digər müsbət cəhət ondan ibarətdir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi üzrə prosesdə İranın mövqeyi də bizi qane edir.

Ümumiyyətlə, konseptual yanaşsaq, son təmaslar və hazırkı situasiya yalnız İran-Azərbaycan münasibətləri fonunda qiymətləndirilməməlidir. Bu, eyni zamanda cənab İlham Əliyevin növbəti qlobal miqyaslı qələbəsidir. Sirr deyil ki, bir çox güclər İran və Azərbaycan arasında mümkün gərginliyə potensial fürsət kimi baxırdılar. Lakin cənab İlham Əliyevin İrana münasibətdə uğurlu, zərgər dəqiqliyi ilə həyata keçirdiyi siyasi gedişlər prosesləri Azərbaycanın lehinə çevirdi.

Məhz bu iradənin ifadəsidir ki, Azərbaycan Respublikasının Prezidenti mayın 21-də İranın ölkəmizdəki səfirliyinə gedərək Prezident Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və onları müşayiət edən digər şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar şəxsən başsağlığı verib. Həmçinin cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi, xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin Azərbaycan-İran parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri və digər rəsmi şəxslərin daxil olduğu nümayəndə heyəti dost İran xalqının kədərinə şərik olmaq üçün Tehran şəhərində keçirilən rəsmi anım mərasimində iştirak ediblər.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.