Ölkəmiz haqlı, həm də güclü tərəfdir
Siyasət

Ölkəmiz haqlı, həm də güclü tərəfdir

Hər zaman sülhü və təhlükəsizliyi təşviq edən Azərbaycanın suveren hüquqlarına hörmətlə yanaşılır

"Onlar bizim şərtlərimizi qəbul etməlidirlər. Delimitasiya istəmirlərsə, olmasın delimitasiya. Onda nə olacaq, harada desək, sərhəd də orada olacaq. Onlar bilirlər ki, biz bunu edə bilərik. Heç kim onlara kömək etməz, nə Avropadan gələn pensiyaya çıxmış Fransa polisləri, nə də başqaları, heç kim". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşündə bildirib. Qeyd edib ki, delimitasiya bizim ədalətli şərtlər, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır. Naxçıvana yolumuz açılmalı və Qarabağda hələ də kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq və burada əbədi olacağıq.

2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində və noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatla azad olunan torpaqlar üzərində Azərbaycanın suverenliyi bərqərar olunmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir. Üçtərəfli Bəyanatla Ermənistanın götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyi üçün 2021-ci ildən Rusiya və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirərək sülh müqaviləsinin hazırlanması məqsədilə beş baza prinsipini təqdim edib və Ermənistan bu prinsipləri qəbul edib. Azərbaycanın təqdim etdiyi beş baza prinsipi, güc tətbiq etməmək və ya güclə hədələməmək, dövlətlərin suveren bərabərliyi, sərhədlərin toxunulmazlığı, dövlətlərin ərazi bütövlüyü, əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq kimi beynəlxalq hüququn əsas prinsiplərinə tam uyğundur. Təqdim edilən baza prinsiplərinin biri də sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlıdır. Ermənistan digər əsas prinsiplərlə yanaşı, ilk öncə, bu şərti yerinə yetirməklə sülh müqaviləsini imzalamağa hazır olduğunu nümayiş etdirə bilər.

İkinci Qarabağ müharibəsindən keçən dövr də gələcək üçün çox önəmli idi. Çünki müharibə başa çatanda demək olar ki, bu məsələ ilə vaxtilə məşğul olmuş vasitəçilər heç özləri də bilmirdilər ki, bundan sonra nə edəcəklər. Ermənistan acı məğlubiyyətin ağrılarını, yaralarını hələ də sağalda bilmir. Onlara böyük hərbi və psixoloji zərbə vurulubdur. Hazırda bizim yaşadığımız reallıq məhz İkinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində əldə edilmiş nəticələr əsasında formalaşıb. Postmünaqişə dövründə əsas istiqamətlərdən biri sülh müqaviləsi üzrə gedən prosesdir. Bu proses intensiv olsa da, daha sonra Ermənistan tərəfinin danışıqları boykot etməsi səbəbindən təxminən 6 aylıq bir müddətdə fasilə yaranmışdı. Nəhayət, beynəlxalq vasitəçilərin bilavasitə iştirakı ilə may ayında Vaşinqtonda görüş baş tutdu. İki ölkənin müvafiq nümayəndə heyətləri arasında danışıqlar aparıldı. Daha sonra bu prosesin liderlər səviyyəsində davamı oldu, may ayı ərzində bir neçə görüş keçirildi. Ermənistan heyəti ilə bilavasitə sülh müqaviləsi üzrə danışıqlar bir günlük mərhələ üzrə Moskvada baş tutub.

Mayın 14-də Avropa İttifaqı Şurası Prezidentinin təşkilatçılığı ilə Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında Brüsseldə keçirilmiş növbəti görüşdə Azərbaycan tərəfinin regionda sülh və sabitliyin təmin edilməsi ilə bağlı prinsipial mövqeyi bir daha tərəf müqabillərin diqqətinə çatdırılıb. Xüsusilə, dövlətlərin ərazi bütövlüyünə hörmətin bir daha təsbit edilməsi, bu kontekstdə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün Ermənistan tərəfindən də qəbul edilməsi müstəsna əhəmiyyət kəsb edirdi. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən Brüssel platformasının bərpası əslində Azərbaycanın bu istiqamətdə siyasi və diplomatik uğurudur. Görüşün nəticələri ilə bağlı açıqlama da Brüssel platformasında aparılan müzakirələrin rəsmi Bakının prinsipial mövqeyinə və təbii ki, bu mövqeyin söykəndiyi reallıqlara, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun bir şəkildə davam etdirildiyini sübuta yetirir. Tərəflər 1991-ci il Alma-Ata bəyannaməsinə sadiq olduqlarını bildirmişlər. Brüsseldə qeyd olundu ki, Ermənistan 86,6 min kvadratkilometr ərazisi olan Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycan da, öz növbəsində 29,8 min kvadratkilometr ərazisi olan Ermənistanın ərazi bütövlüyünü tanıyır. Bununla da Ermənistan rəhbərliyindən ilk dəfə Paşinyan Azərbaycanın suverenliyini tanıdığını, bu addımla Qarabağın Azərbaycana məxsus olduğunu rəsmən təsdiq edib.

Bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən də qəbul edilir və təqdir olunur. 44 günlük müharibədə qazandığımız qələbənin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi, işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması, haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, istisnasız olaraq Prezident İlham Əliyevin həm müharibə, həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir və etibarlı tərəfdaş imicini qazanıb. Azərbaycanın ədalətli qələbəsinin bölgədə yaratdığı reallığın regionda davamlı sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı istisnasızdır. Ölkə başçısının da qeyd etdiyi kimi, artıq bütün nüfuzlu və qlobal miqyasda əsas söz sahibi olan beynəlxalq təşkilatlar - BMT, Qoşulmama Hərəkatı, ATƏT, Avropa İttifaqı, MDB və digər təsisatlar Azərbaycanın bölgədə yaratdığı reallıqları qəbul ediblər və bu amil Azərbaycan-Ermənistan münasibətlərinin normalaşdırılması, həmçinin regionun bu günü və gələcəyi ilə bağlı bütün dəyərləndirmələrdə nəzərə çarpır. Ölkəmiz haqlı olduğu kimi, həm də güclü tərəfdir. Azərbaycan tərəfi ilk təşəbbüsü irəli sürən tərəf kimi, ərazi bütövlüyü və suverenlik prinsipləri əsasında Ermənistanla sülh sazişini imzalamağa hazırdır.

Hər zaman sülhün və təhlükəsizliyin tərəfdarı olan Azərbaycanın suveren hüquqlarına hörmət bəslənilir, davamlı sülhün əldə olunması prosesinə məhz mövcud reallıqlar çərçivəsindən yanaşılır. Ayrı-ayrı ölkələr və beynəlxalq qurumlar prosesin normal inkişafı, yəni Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi üçün fəallıq göstərməyə başlayıblar. Təbii ki, onları hərəkətə keçməyə vadar edən ən əsas məsələ Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, prinsipial və milli maraqlara söykənən mövqeyidir. Moldovanın paytaxtı Kişineuda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında keçirilən son beştərəfli görüşü də məhz bu baxımdan müsbət dəyərləndirmək olar. Beş ölkənin liderlərinin qeyri-rəsmi görüşünün pozitiv müstəvidə keçdiyini nəzərə almaq lazımdır. Bunu erməni tərəfi də etiraf etmişdi. Belə ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilin sonuna qədər sülh müqaviləsinin bağlanması şansının olduğunu bildirmişdi. "Kişineuda sərhədlərin delimitasiyası məsələsində müəyyən irəliləyiş əldə etmişik, məsələnin tamamilə həll olunduğunu deyə bilmərik, amma biz irəliləyirik", - deyə vurğulamışdı. Onu da qeyd edək ki, bu görüşə qədər Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqtonda növbəti dialoqu baş tutmuşdur. Vaşinqtonda əsas danışıqlar məhz sülh müqaviləsi ilə bağlı olmuşdur.

Göründüyü kimi, məsələyə ümumilikdə yanaşsaq, son hadisələrə rəğmən yekun sülh müqaviləsinin daha da yaxınlaşdığını söyləmək olar. Politoloqların qənaətinə görə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəsilə Kişineuda aparılan son danışıqlar isə daha çox işin bir mərkəzdə əlaqələndirilməsi xarakteri daşıyır. Fransa və Almaniya liderlərinin bu görüşdə iştirakına gəlincə isə deyə bilərik ki, onların həmin tədbirə qatılması daha çox qeyri-formal xarakter daşıyırdı. Yəni əsas müzakirələr burada Şarl Mişelin dəstəyi ilə üçtərəfli formatda aparılırdı. Bunu təsdiq edən məqamlardan biri iyulun 21-də Brüsseldə üçtərəfli görüşün keçirilməsi barədə razılığın əldə edilməsidir. Beynəlxalq hüquq və prinsiplərə uyğun olaraq sülhün əldə olunması qaçılmazdır. Sülh müqaviləsi və dövlətlərarası münasibətlərin normallaşması üzrə saziş hazırlanmalı və imzalanmalıdır. Bu prosesin nə qədər zaman alacağını söyləmək isə hələ ki çətindir.

Mustafa KAMAL,

"Respublika".