Deputat: Ermənistan Qarabağda protektorat altında muxtariyyət statusu əldə etmək istəyir
Siyasət

Deputat: Ermənistan Qarabağda protektorat altında muxtariyyət statusu əldə etmək istəyir

Ermənistanın siyasi hərbi rəhbərliyi iki cəbhədə Azərbaycana qarşı fəaliyyətini intensivləşdirib. Bunlardan birincisi, diplomatiya, ikincisi isə, hərbi müstəvidir. Diplomatiya müstəvisində Ermənistan çox ciddi uğursuzluğa düçar oldu. İrəvan rəhbərliyi  hesab edirdi ki, Laçın yolu ətrafında yaratdığı hay-küy kampaniyası beynəlxalq aləmdə rezonans verəcək və beynəlxalq birliyin ən böyük təşkilatı olan BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnaməsi qəbul ediləcək. Lakin onların bu iddiaları heç bir nəticə vermədi və fiaskoya uğradı. Diplomatik cəbhədə aldıqları bu zərbədən sonra Ermənistan Azərbaycanla şərti sərhəddə təxribatçı hərəkatını intensivləşdirib və vəziyyəti gərginləşdirməkdə maraqlıdır. Onlar istəyirlər ki, havadarlarını bu prosesə daha yaxından cəlb etsinlər. Bu istiqamətdə xüsusilə də Fransanın fəallığı həmişəki kimi diqqətdən yayınmır və Parisin merinin artıq bu proseslərə qatıldığı, uğursuz “humanitar yardım” karvanına da rəhbərlik etdiyi də bəlli həqiqətdir.

Bu sözləri “Respublika”ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov söyləyib.

Deputatın sözlərinə görə Ermənistan çox gözəl dərk edir ki, Azərbaycanla hərbi müstəvidə toqquşmaq intihar  kimi bir şeydir: "Amma bununla yanaşı çalışır ki, regiondan kənar oyunçuları bu prosesə cəlb etsin və bununla da mövqelərini gücləndirsin. Ermənistanın indi bir nömrəli iddiası ondan ibarətdir ki, Qarabağda ermənilər üçün ən yüksək səviyyəli muxtariyyət statusu əldə etsin. Eyni zamanda istəyirlər ki, bu muxtariyyət statusu beynəlxalq protektorat altında olsun, beynəlxalq təşkilatların nəzarəti altında həyata keçirilsin. Yəni Azərbaycanın suverenliyindən kənarda olsun. Bu, onların niyyətidir və bu istiqamətdə bütün bu canfəşanlıqlar da eyni məntiqdən qaynaqlanır. Ancaq bunların heç bir nəticəsi olmayacaq. Çünki Azərbaycanın işi haqq işidir. Biz güclüyük və  beynəlxalq hüquqa söykənib addımlarımızı atırıq. Biz həm diplomatik cəbhədə, həm də hərbi cəbhədə qələbə əzmində qalib gəlmiş dövlətik. Müzəffər Prezidentimiz var, yenilməz ordumuz, dəmir yumruğa çevrilmiş xalqımız var və bütün reallıqlar bizi növbəti qələbələrimizi şərtləndirir.”

Deputata bildirib ki, bütün bunları  dərk etməyən  Ermənistanın hərbi-siyasi rəhbərliyi təxribatçı addımlar atmaqla özünə quyu qazır. Bu günlərdə Paşinyan və onun ətrafı üçün bir nömrəli vəzifə əslində öz hakimiyyətlərini maksimum qoruyub saxlamaqdır. Elə bu məntiqdən də çıxış edərək siyasi canfəşanlıq edir, siyasi şou yaradır və bulanıq suda balıq tutmaq istəyirlər.

Musa BAĞIRLI,

“Respublika”.