Füzuli: Gələcəyə nikbin baxış
Region

Füzuli: Gələcəyə nikbin baxış

Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının növbəti mərhələsi Füzuli rayonunda uğurla həyata keçirilir. 1994-cü ildə əsarətdən azad edilən Horadiz şəhərinə baxmaq kifayətdir ki, müasirliyi, gözəlliyi, inkişafı görəsən. Burada hər bir iş zərgər dəqiqliyi ilə həyata keçirilir, küçələr genişləndirilir. Yaraşıqlı məhəllələr salınır, işıqlandırma, yaşıllaşdırma şəhərə xüsusi gözəllik verir.

Rayon ərazisində yol-nəqliyyat infrastrukturu müasir tələblər səviyyəsində qurulub, bütün yolların asfaltlanması tam şəkildə başa çatdırılıb. Dövlət Proqramı çərçivəsində rayon ərazisində icra olunan infrastruktur layihələr, bir-birindən yaraşıqlı binalar, xidmət obyektləri ümumi mənzərəni tamamlamaqla yanaşı, əhalinin işlə təmin edilməsində də mühüm rol oynayır. Hazırda rayon ərazisində qazlaşdırma 100 faiz səviyyəsinə çatdırılıb və ərazidə əhalinin mavi yanacaqla, eləcə də elektrik enerjisi ilə fasiləsiz təminatı həyata keçirilir. Dövlət Proqramının uğurlu icrası rayonda içməli su təchizatına da öz mühüm töhfəsini verib. Belə ki, rayon əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə kəndlərdə yerləşən subartezian nasos aqreqatları cari təmir edilir, Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı mühüm tədbirlər görülür, şəhərdə yeni içməli su xətləri çəkilərək istifadəyə verilir.

Arazqırağı obalarda adamlar payız qayğıları ilə yaşayır, pambıq tarlalarında, əkin sahələrində axşam düşənə kimi qızğın iş gedir. Barlı-bərəkətli torpaqlarda alın təri ilə bol məhsul yetişdirilir və yığılan məhsul tədarük məntəqələrinə təhvil verilir. Qeyd edək ki, hazırda Füzuli rayonu ölkəmizdə ən iri taxıl istehsalçılarındandır. Belə ki, cari mövsümdə rayonda 118 min tondan çox taxıl istehsal edilib. Mütəxəssislərin qənaətinə görə, işğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatının bərpası hesabına, xüsusilə taxıl, pambıq, yem bitkiləri və heyvandarlıq məhsulları istehsalında yüksək artım təmin ediləcək. Belə ki, bu ərazilər hesabına ümumi taxıl məhsulları istehsalının təqribən 400 min ton, ət istehsalının 45 min ton və süd istehsalının 240 min ton artırılması imkanları mövcuddur. Təbii iqlim və relyef xüsusiyyətlərinə əsasən işğaldan azad olunmuş ərazilərdə ənənəvi hesab edilən heyvandarlıq və taxılçılıqla yanaşı, bölgədə meyvəçilik və tərəvəzçiliyin inkişaf imkanları da var. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların idarə edilməsi ilə bağlı bəzi məsələlər haqqında" dövlətimizin başçısı İlham Əliyevin 2021-ci il 27 aprel tarixli Fərmanının icrası çərçivəsində ərazilərin minalardan təmizlənməsi prosesi ilə paralel olaraq kənd təsərrüfatı təyinatlı torpaqlarda əkin işləri də aparılır. Artıq cari mövsümdə 50 min hektardan artıq torpaq sahəsi əkinə cəlb edilib.

Qeyd edək ki, işğaldan əvvəl Füzuli böyük potensiala malik kənd təsərrüfatı rayonu olub. Rayonun əkin sahələrinin 77 faizini taxılçılıq, 21 faizini isə pambıqçılıq təşkil edib. Rayonda həm də üzümçülük və heyvandarlıq inkişaf etdirilib. Rayonda su ehtiyatları da kifayət qədərdir. Məhz bunun sayəsində rayonda kənd təsərrüfatının bütün sahələrinin inkişafı üçün geniş imkanlar var. Füzuliyə qayıdışın başlanması ilə həmin bölgənin ölkə iqtisadiyyatına reinteqrasiyasının təməli qoyulub. Rayona köçürülən əhali işlə təmin olunur, sosial obyektlərin fəaliyyəti bərpa edilir. Yeni əkin sahələri dövriyyəyə cəlb edilir və bu da onu deməyə əsas verir ki, artıq Füzuli rayonunun iqtisadi həyatı bərpa olunmağa başlayıb.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına davamlı dövlət dəstəyi rayonun aqrar həyatına böyük bir stimul verir. Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıq və tövsiyələri rayonda uğurla icra olunur.

Füzulililər pambıqçılığın ölkə iqtisadiyyatı üçün çox böyük faydası olduğunu yaxşı bilirlər. Hər şeydən əvvəl, əhali arasında məşğulluq yaranır, satılan mahlıcdan respublikamıza valyuta daxil olur, həm də yerli istehsala təkan verilir. Aqrar sahəyə, o cümlədən pambıqçılığa göstərilən dövlət dəstəyinin nəticəsində fermer və torpaq mülkiyyətçiləri təsərrüfatlarını genişləndirir, kənd təsərrüfatı məhsulları istehsalını ilbəil artırırlar.

Rəsmi statistik məlumatlara əsasən deyə bilərik ki, pambıqçılıq rayon əhalisi tərəfindən tarixən də taxıldan sonra ən çox istehsalına üstünlük verilən kənd təsərrüfatı sahəsi olub. Ötən əsrin 80-ci illərində rayonda pambıqçılığın inkişafı davamlı olub və aparılmış təhlillərdən göründüyü kimi, pambıqçılıqda ölkə üzrə maksimum məhsuldarlıq hər hektardan 35.4 sentner olduğu halda, Füzuli rayonunda bu göstərici 40.6 sentnerə çatdırılıb. Aparılan araşdırmalar nəticəsində 2025-ci ilə qədər Füzuli rayonunda pambığın intensiv üsullarla əkilib-becərilməsi hesabına hər hektarın məhsuldarlığı 41.0 sentnerə çatdırılacaq və ölkəmizdə pambıq istehsalının təxminən 1,4 faizinin məhz Füzuli rayonunda yetişdirilməsi nəzərdə tutulub.

Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun əkinçilik tarixində üzümçülük də mühüm yer tutub. Rayonun təsərrüfatlarında yetişdirilən müxtəlif sort üzüm keçmiş sovet respublikalarına ixrac edilib. Üzüm istehsalının artırılması rayonda şərab emalı zavodlarının yaranmasına, yeni iş yerlərinin açılmasına güclü təkan verib. Üzüm digər Qarabağ rayonlarında olduğu kimi, Füzuli rayonunda da təsərrüfatçılıq ənənəsinin mövcud olduğu bitkiçilik sahələrindən biri hesab edilir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin kənd təsərrüfatına göstərdiyi diqqət və qayğısı sayəsində ötən əsrin 70-ci illərində Füzulidə 100 min tondan çox üzüm istehsal edilib. Ötən əsrin 90-cı illərinin əvvəllərində insanların maddi rifah halını yaxşılaşdıran, zəngin ənənəsi olan üzümçülüyə biganə münasibət nəticəsində sahənin tənəzzülü başlayıb. Rəsmi məlumatlara əsasən deyə bilərik ki, 1980-1988-ci illər ərzində Füzuli rayonunda üzüm istehsalı ölkə üzrə istehsalın təqribən 7.0 faizini təşkil etmişdir. Həmin illər ərzində məhsuldarlığın ölkə səviyyəsinin 91,9 faizini təşkil etməsi üzüm istehsalında Füzuli rayonunun potensialının nə qədər böyük olduğunu göstərir. Yenə də mütəxəssislərin qənaətinə istinad edərək bildirək ki, yeni texnika və texnologiyaların tətbiqi, həmçinin işğaldan azad edilmiş torpaqlar üçün qəbul edilmiş gələcək tədbirlər planı çərçivəsində digər bitki növləri ilə yanaşı, üzümlük sahələrinin artımı və daha yüksək məhsuldarlığın səviyyəsi hesabına ölkənin üzümə olan tələbatının tam təmin edilməsi gözlənilir. Üzümçülük sahəsinin, o cümlədən texniki üzüm sortlarının yetişdirilməsi rayonda şərabçılığın canlanmasına səbəb olacaq və eyni zamanda, yüzlərlə yeni iş yeri yaradılacaq. Hazırda dövlət tərəfindən Yuxarı Veysəlli kəndində üzümlüklərin orqanik sertifikat alması istiqamətində danışıqlar aparılır. Layihənin dəyəri 19,6 milyon - 21,3 milyon manat arasında dəyişir. Bu qiymətləndirməyə şərab istehsalı müəssisəsinin yaradılması üçün nəzərdə tutulan xərclər, həmçinin 356,3 hektar sahədə yeni üzüm bağlarının salınması xərcləri daxildir. Həmin layihəyə görə, üzümlüklərin mövcudluğu, yüksək aqrar turizm imkanları, torpaqların əkinəyararlı olması, o cümlədən bağ sahələrini genişləndirməyə imkan verən perspektivli boş sahələrin olması bir sıra üstünlüklər qazandıracaq.

Bağçılıq, tərəvəzçilik, heyvandarlıq rayonun ənənəvi və aparıcı sahələrindəndir. İşğaldan azad edilən ərazilərdə 2025-ci ilə qədər 47,4 min hektar əkin və bağ sahələrindən 208 min ton bitkiçilik məhsulları istehsalı imkanları var. Bu da ümumilikdə ölkədə müvafiq məhsullar üzrə proqnoz istehsal göstəricilərinin 2,1 faizini təşkil edir. Bitkiçilik məhsulları istehsalı nəticəsində rayonun yaratdığı əlavə məhsulun dəyəri 119,8 milyon manat olacaq. Qeyd edək ki, Füzuli rayonunda mövcud olan örüş-otlaq və biçənək sahələri respublikanın müvafiq sahələrinin təxminən 1,1 faizini təşkil edir.

2025-ci ilə qədər Füzuli rayonunda 56,3 min baş iribuynuzlu, 260,4 min baş xırdabuynuzlu mal-qaranın mövcud olacağı, ölkədə bu sahənin inkişafına və sürü xüsusi çəkisinin təqribən 2,4 faiz artımına səbəb olacaq.

Bununla yanaşı, quşların sayının 470,9 min başa qədər, arı ailələrinin sayının isə 4 min civarında olması gözlənilir. Rayonun ölkə istehsalındakı payı ət istehsalında 0,6, yun istehsalında təqribən 2,4, süd və yumurta istehsalında isə müvafiq olaraq 1,2 və 1,6 faiz təşkil etməsi nəzərdə tutulur. Rayonda mövcud olan baramaçılıq ənənəsi onu göstərir ki, burada təxminən 200 ton barama istehsalı potensialı da mövcuddur. Ümumilikdə kənd təsərrüfatı infrastrukturunun bərpası, yeni əkin sahələri və bağların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlığın inkişafı üçün zəruri tədbirlərin görülməsi nəticəsində işğaldan azad edilən ərazilərdə məhsuldar dövrün başlanğıcı hesab olunan 2025-ci ildə ölkədəki kənd təsərrüfatı məhsulları istehsalına Füzuli rayonunun birbaşa əlavə töhfəsi 147,8 milyon manat olacaq. Təbii ki, bu proqnozlar, sadəcə, aqrar potensialı əhatə edir. Sonrakı dövrdə gözlənilən emal və dəyər zənciri üzrə aqrosənaye potensialı da hesablanarsa, daha böyük miqyasda ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılmasında böyük dinamika mümkün olacaq.

Salman ALIOĞLU,

"Respublika".