Heykəldən
Siyasət

Heykəldən "qisas" alan Fransanın acizliyi

Azərbaycanın Qarabağ və Şərqi Zəngəzuru - özünün beynəlxalq hüquqla tanınan torpaqlarını azad etməsi, həmin ərazilərdə  separatizmə son qoyması Ermənistandan daha çox sanki Fransaya "od qoydu" və bu müstəmləkəçi ölkənin prezidenti cızığından  çıxdı, əsassız bəyanatlar səsləndirdi.

Təbii ki, Fransa kimi çirkin maraqlara xidmət  edən dövlətin gözləntisi bu deyildi və bu mənada, Parisin digər istiqamətlərdə radikal səylərini artırması müşahidə olundu. Qeyd etmək lazımdır ki, bu gün bir çox Avropa ölkələrində, xüsusilə də Fransada mənəvi-əxlaqi böhran  yaşanır. Dini, irqi ayrı-seçkilik, ibadət yerlərinə, cansız  heykəllərə hörmətsizlik halları son vaxtlar həddindən çox artıb.

Evian lö-Bən şəhərində "Azərbaycan parkında" ölkəmizə aid simvolların yığışdırılması, Xurşidbanu Natəvana qoyulmuş abidəyə dövlət rəsmiləri səviyyəsində vandal davranışlar Fransanın əsl mahiyyətini göstərir. Özünü Avropada elmin, mədəniyyətin, incəsənətin himayəçisi kimi təqdim edən, hətta Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu olan UNESCO-nun mənzil-qərargahını belə bu ad altında Parisdə yerləşdirməyə nail olan Fransa əslində mahiyyətcə vandal rejim olduğunu, siyasi məqsədləri naminə mədəni dəyərləri, sənət nümunələrini belə yerlə-yeksan etmək üçün cəhdlər edir.

Həmçinin 2017-ci ildə təməli qoyulmuş "Azərbaycan parkı"nın şəhər ətrafındakı bütün plakatlar sökülməyə, ətrafdan yığışdırılmağa başlanılıb. Fransanın Ermənistana qarşı artan bu sevgisi həmin parkın yaxın gələcəkdə sökülməsinə və ya adının dəyişdirilməsinə gətirib çıxaracaq. Əvvəllər vasitəçi missiyası adı altında pərdələnən Fransa artıq aşkar davranışları ilə təsdiqləyir  ki, Cənubi Qafqazda işğal və separatizmə son qoyulması onun maraqları ilə uzlaşmır. Daha doğrusu, görünən odur ki, Paris regionda maraqlarını yalnız işğal, təcavüz və separatizm üzərində quraraq hərəkət edir.

İslamofob, türkofob, irqçi siyasət yürüdən Fransa anti-Azərbaycan mövqeyini  sərgiləyir və aranı qarışdırır, müharibəni alovlandırır, sülh müqaviləsinin imzalanması prosesini ləngidir. Bu müstəmləkəçi ölkənin Azərbaycana qeyri-dost münasibəti artıq bütün istiqamətlərdə aşkar xarakter alıb.

Bütün Şərqdə və İslam dünyasında görkəmli şairə, rəssam, maarifçi və xeyriyyəçi, qadın azadlığı, qadın hüquqları uğrunda mübariz kimi tanınan, əsərləri Azərbaycanda dövlət varidatı elan olunan, eyni zamanda görkəmli fransız yazıçısı Aleksandr Dümanın da əsərlərində bəhs etdiyi Xurşidbanu Natəvan, eyni zamanda Azərbaycan və Fransa xalqları arasında dostluğun tərənnümçüsü kimi tanınır. Fransa hakimiyyəti siyasi hikkəsini Natəvanın Evian lö-Bən şəhərindəki heykəlindən çıxmaqla, hansı səviyyəyə endiyinin fərqinə varmır. Bu vandallıq  Fransanın siyasi tarixinə qara ləkə kimi düşəcək.

Heykəl martın 4-də Evian lö-Bən  şəhərindən götürülüb, iki gün sonra Parisdəki Azərbaycan səfirliyinin nəzdindəki Mədəniyyət Mərkəzinə çatdırılıb. Heykəli götürərkən üzərindəki örtük açılıb. Müəyyən olunub ki, abidənin üzərinə qırmızı boya atılmaqla yanaşı, heykəli zədələyiblər. Mədəniyyət abidəmizə qarşı olan bu hörmətsiz, iyrənc hərəkət, cılızlıq, acizlik etnik nifrət kimi dəyərləndirilir.

Röya RÜSTƏMLİ,

"Respublika".