Adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən ÜMUMMİLLİ LİDER
Siyasət

Adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən ÜMUMMİLLİ LİDER

Adı daim qürur duyduğu Azərbaycanla birgə çəkilən nəhəng siyasətçi və dövlət xadimi Heydər Əliyev dünyanın nadir şəxsiyyətləri sırasında özünə şərəfli və əbədi yer tutur. O, ömrünün sonuna kimi siyasi mübarizədə yenilməz zəfər sərkərdəsi kimi tanınmışdır. Azərbaycanın imzasını imzalar içində tanıdan bu dahi şəxsiyyətin, uzaqgörən siyasi xadimin zamanında atdığı addımların mahiyyətini, nə qədər gərəkli olduğunu indi daha dərindən dərk edir, əhəmiyyətini və nəticələrini gündəlik həyatımızda görürük. Çünki ulu öndər bu ölkənin qurulmasının, yaradılmasının, sabitliyinin, firavanlığının müəllifidir.

Ulu öndərin siyasi kursu dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsiplərinə söykənir. Ölkənin iqtisadi və sosial inkişafı, demokratik cəmiyyətin qurulması, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi dəyərlərin inkişafı istiqamətində görülən işlər, bütövlükdə, müstəqillik amilinin bərqərar olmasına yönəlmişdir. Xalqın vahid məqsədlər uğrunda birləşməsi üçün zəruri olan milli birlik böyük siyasi dühaların yaratdığı ideologiyalarda reallaşır. XX əsrdə xalqımızla bağlı bu şərəfli missiyanı Ümummilli Lider Heydər Əliyev həyata keçirmişdir. Ulu Öndərimiz həyatının bütün dövrlərində milli ideologiyanın formalaşması və möhkəmlənməsi naminə müstəsna xidmətlər göstərmiş, milli şüurun inkişafına nail olmuş, xalqa məxsus adət-ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmış, azərbaycançılığı milli ideologiyaya çevirməyə nail olmuşdur. Həyatının böyük hissəsini vətəninə, torpağına, xalqına həsr etmiş Ulu öndərimiz Heydər Əliyev hər zaman azərbaycanlı olması ilə fəxr edib öyünmüşdür. İstər Azərbaycana rəhbərlik etdiyi illər ərzində, istərsə SSRİ adlanan bir imperiyada fəxri kürsülərdə əyləşdiyi, fəaliyyət göstərdiyi zamanlarda belə onu Azərbaycan məhəbbəti, azərbaycançılıq hissləri bir an da olsa tərk etməmişdir. Bütün şərəfli həyatı boyu məhz belə müqəddəs duyğularla yaşamış ümummilli liderimiz Heydər Əliyev həmişə deyirdi: "Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam".

Ümummilli lider Heydər Əliyev Azərbaycan üçün çox böyük tarixi nailiyyətlər, tarixi uğurlar və tükənməz dövlətçilik təcrübələri - müstəqil Azərbaycan, əbədi azadlıq qoyub getdi. Onun milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyası idi. Xalqımızın böyük oğlu Heydər Əliyev respublikamıza rəhbərliyi dövründə azərbaycançılıq məfkurəsi istiqamətində çox böyük, həm də qətiyyətli addımlar atmışdı. Azərbaycan tarixinin, dilinin, ədəbiyyatının, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsində, milli şüurun dirçəlişi, ümumən, bütün sahələrdə azərbaycançılıq amalının möhkəm, etibarlı bazasının formalaşdırılması yönündə həyata keçirilən qətiyyətli tədbirlər məhz Ulu Öndərin parlaq dühası, ardıcıl səyləri sayəsində reallaşmışdı.

Ulu öndər öz dövlət siyasətini, ideoloji fikirlərini həyata keçirərkən, Azərbaycan xalqını özünə və dünyaya tanıtdırmaq üçün mədəniyyət amilindən bacarıqla istifadə edirdi: "Xalq bir neçə xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində seçilir. Bu xüsusiyyətlərdən ən böyüyü mədəniyyətdir". Lider mədəniyyəti xalqı irəli aparan, onu tarixdə yaşadan, xalqı zənginləşdirən qüdrətli bir vasitə hesab edirdi. Xüsusilə qloballaşan dünyaya çıxış üçün mədəni inteqrasiyanın imkanları böyükdür. Cəmiyyətdə mənəvi deformasiyaları vaxtında aradan qaldırmaq, xalqın özünə və dövlətə inamını, mənəvi tarazlığı qorumaq baxımından mədəniyyətə böyük önəm verməsi Heydər Əliyevin siyasi lider kimi tarixi uzaqgörənliyi idi. Mədəniyyətə bir körpə kimi atalıq qayğısı göstərir, onu insanlığın mənəvi varlığı üçün qorumağı lazım bilirdi. Məhz buna görə də müəllifi dünyaşöhrətli siyasətçi Heydər Əliyev olan azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxslər üçün yox, eyni zamanda bütün dünyada məskunlaşan azərbaycanlıları vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilmişdir. Ulu Öndər ölkə rəhbərliyinə yenidən qayıtdıqdan sonra milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən Azərbaycançılıq məfkurəsini yenidən formalaşdırmaqla dövlətin qüdrətinin artmasında real siyasi amilə çevrildi. "Vətəndaş" sözü böyük sözdür, müqəddəs sözdür. "Vətəndaş" sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır". Dahi şəxsiyyət üçün azərbaycançılıq ideologiyasının mahiyyətini təşkil edən əsaslardan biri də milli-mənəvi dəyərlərin qorunub saxlanması və inkişaf etdirilməsi idi.

Müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu sıraya təkmil siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, davamlı siyasi-hüquqi islahatların həyata keçirilməsi, eyni zamanda milli həmrəylik və bütövlüyü təmin edən ideologiyanın yaradılması aid edilə bilər. Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı Ulu Öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsidir. Bu ondan irəli gəlirdi ki, Vətənini canından çox sevən uzaqgörən insanı Azərbaycanın özünün rəhbərlik etdiyi dövrlə yanaşı, ondan sonrakı taleyi də düşündürürdü. Müasir Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyev qurduğu dövlətin taleyini tapşıracağı yeni Liderin seçilməsində nümayiş etdirdiyi özünəməxsus müdrikliyin miqyası illər keçdikcə daha aydın görünür, seçimin uğuru təkzibolunmaz şəkildə öz təsdiqini tapır.

Ümummilli lider Heydər Əliyevin siyasi kursunun davam etdirilməsinin labüdlüyü, ilk növbədə, Azərbaycanın dövlətçilik maraqlarının gerçəkləşdirilməsi ilə şərtlənmişdir. Belə bir zamanda Heydər Əliyevin müəyyənləşdirdiyi milli dövlətçilik konsepsiyasının varisliyinin təmin olunması zərurəti həmin siyasətin uğurlarını öz həyatının başlıca təminatı kimi qəbul edən xalqımızın sosial sifarişi kimi meydana çıxmışdır. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdıran ümummilli lider Heydər Əliyevin xalq qarşındakı ən böyük xidməti də məhz müəllifi olduğu siyasi xəttin davamlılığını təmin etməsi, respublikamızın gələcək uğurlarına etibarlı təminat yaratması olmuşdur.

Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bu kursun davam etdirilməsi istəyinin cəmiyyətdə ciddi sosial sifarişə çevrilməsi isə ulu öndərin öz siyasətində hər bir vətəndaşın maraq və mənafelərini incəliklə nəzərə alınmasından irəli gəlmişdir. Yalnız ümummilli lider Heydər Əliyev kimi dühanın ən yaxın çevrəsində zəngin dövlətçilik məktəbi keçən, müasir bilik və təcrübəyə yiyələnən, hərtərəfli yetkinləşən bir şəxsiyyət onun layiqli siyasi və mənəvi varisi olmaq şansı və etimadı qazana, bunun üçün cəmiyyətdən mütləq dəstək ala bilərdi. Bu gün beynəlxalq miqyasda dövlətimizlə hesablaşır, mövqeyini bölüşür, gücünü və qüdrətini etiraf edirlər. İki il əvvəl isə Azərbaycanı dünyaya tanıdan uğurların sırasına möhtəşəm hərbi zəfərimiz də əlavə olundu. Uğurlarımızın zirvəsindən tarixə nəzər salanda xalqımızı bu uğurlara aparan yolun nə qədər düzgün olduğunu, nə qədər müdrik, düşünülmüş və uzaqgörən strategiyaya söykəndiyini görürük. Və bu yolun, bu strategiyanın müəllifi olan əbədiyaşar şəxsiyyət, xalqımızın Ümummilli Lideri Heydər Əliyevi hər zaman böyük minnətdarlıqla anırıq.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətimiz qarşısında xidmətləri əvəzedilməz, ölçüyəgəlməzdir. İllər ötdükcə, Azərbaycan inkişaf edərək yüksəldikcə, uğurlarımızın miqyası genişləndikcə, Ulu Öndərin ölkəmiz qarşısındakı tarixi missiyasının böyüklüyünü daha yaxından görürük. Ümummilli Lider Heydər Əliyevin siyasi dühasının hər bir səhifəsi, fəaliyyətinin hər bir mərhələsi hər birimiz üçün böyük örnəkdir. Ulu Öndərin mənalı ömür yolu Vətəni sevməyin nümunəsidir.

Mustafa KAMAL,

"Respublika".