Şahmatçı qızlar Saatlıda keçirilən turnirdə
Sosial həyat

Şahmatçı qızlar Saatlıda keçirilən turnirdə

Qızlar tərəfindən böyük marağa səbəb olan turnir Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə baş tutub. Məqsəd qızlar arasında intellektual oyunlara marağın daha geniş şəkildə təşviq edilməsi və kütləvi hal alması, bu idman növündə onların fəal iştirakına nail olunmasıdır.

Turnirin bağlanış mərasimində Saatlı rayon İcra Hakimiyyətinin başçısı Elmir Bağırov Azərbaycanda şahmatın inkişafından, dövlətin bu sahəyə qayğısından danışıb. O, Saatlı rayonunda belə bir turnirin keçirilməsinin əhəmiyyətini qeyd edib.

Daha sonra Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva 200-dən artıq şahmatçı qızın turnirdə iştirakının çox qürurverici hal olduğunu qeyd edib. A.Sofiyeva, Dövlət Komitəsinin Şahmat Federasiyası ilə birgə, xüsusilə regionlarda mütəmadi olaraq belə tədbirlər keçirməsinin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra Azərbaycan Şahmat Federasiyasının nümayəndəsi, beynəlxalq qrossmeyster Zeynəb Məmmədyarova önəmini qeyd edərək gələcəkdə də belə bir tədbirlərin keçiriləcəyini bildirib.

Turnir zamanı Aynur Sofiyeva şahmat taxtası arxasına keçərək qızlarla şahmat oynayıb və onlara öz tövsiyələrini verib. Yekunda qaliblər medal, diplom, hədiyyələrlə mükafatlandırılıb. Hər bir iştirakçıya sertifikat və şahmat hədiyyə edilib.

“Respublika”.