Xüsusi təyinatlıların cəsur kəşfiyyatçısı
Sosial həyat

Xüsusi təyinatlıların cəsur kəşfiyyatçısı

 44 gün çəkən, tarixi zəfərimizlə başa çatan İkinci Qarabağ  müharibəsində Vətən, torpaq uğrunda vuruşub canlarını fəda edən igidlər sırasında  Tərzan Qəhrəman oğlu Həşimovun  adı da böyük iftixarla çəkilir.

1989-cu ildə dağlar diyarı Lerik  rayonunun  Bibihoni kəndində  dünyaya göz açan elin bu qəhrəman oğlu ürəyində neçə-neçə saf arzular  yetkinlik yaşına çatır. Tərzan ləyaqətli  ailədə böyüdüyü üçün müstəqil həyatda ağlın  qanadına  arxalanır,  yalnız yaxşı əməllərə üz tutur. Və yaşadığı cəmiyyətin içində qısa müddətdə hörmət qazana bilir.    2007-ci ildə ordu sıralarında Gəncə şəhərində xidmət edir. Vətənin qeyrətini, şərəfini uca tutmaqla  ona dayaq, sipər olmağı bacarır. Verilən tapşırıqları can-başla yerinə yetirir, əla xidmətə görə  komandirlərin ən çox inandığı, hörmət bəslədiyi  əsgər olur. Əsgər yoldaşlarına da həmişə bildirir ki, Vətəni sevmək, məqamında onun yolunda canından keçmək  hamımızın müqəddəs borcudur. Tərzan  əsgəri borcunu yüksək səviyyədə başa çatdırıb doğma kəndinə qayıdır. 2 il  ailənin dolanışığı üçün  halal zəhmətdən yapışır. Özünə gün-güzəran qurmaqla bərabər,  nəcib istəyini, niyyətini sevdiyi el-obanın inkişafına  yönəldir. Cəbhə  xəttindən gələn  xəbərlər, quduz düşmənin ədalətsiz hərəkətləri onu yenidən hərbiyə bağlayır. Gizirlərin hazırlıq kursunu bitirir, Xüsusi Təyinatlı Qüvvələrin  təlimlərində yüksək döyüşçü keyfiyyətləri göstərir.  2011-ci  ildə gizir rütbəsində Xüsusi Təyinatlı Qüvvələr Qrupunun kəşfiyyatçısı təyin olunur.  Onun kəşfiyyatda qorxmazlığı,  çevikliyi, müşahidələrin düzgün analizi həmişə uğurlu alınır. Bütün bunlar nəzərə alınır və Tərzana  Xüsusi Əməliyyat Taborunun Xüsusi Əməliyyat Qrupunun kəşfiyyatçısı vəzifəsi etibar  edilir.  Aprel döyüşlərində şücaət göstərə bilir. Vətənini  canından əziz bilən igid kəşfiyyatçı xidmət dövründə  üçüncü dərəcəli “Qüsursuz  xidmətə görə”,  “Azərbaycan Silahlı  Qüvvələrinin 95 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 100 iliyi” medallarına layiq görülür. İkinci Qarabağ müharibəsi başlananda Tərzan  Vətənin haqq çağırışına  canla-başla  gedir. Füzuli, Cəbrayıl rayonlarında hərbi  kəşfiyyat işlərinə başlayır. Torpağı  qanı ilə Vətən edən Tərzan kimi igidlərin hesabına  tezliklə hər iki rayon düşmən tapdağından azad olunur. Tərzanın ucaldığı şəhidlik zirvəsi isə  ona  ölməzlik gətirir. Xalqın qürur yeri olmaqla, adı şanlı  zəfər tariximizə yazılır. Vətən torpaqları, ölkəmizin ərazi bütövlüyü uğrunda  şəhid olan Tərzan Həşimov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” medallarla təltif olunur.

 Şəhidin həyat yoldaşı Mətanət xanım  deyir:- Tərzan öz ailəsinə  qarşı çox sədaqətli dolanırdı. Qızları Məsməyə, Höküməyə dediyi sözlərdən bal damırdı. 30 il ömür sürsə də,  vətən sevgisi  ona  əbədi, solmaz bir həyat bəxş etdi. Mən onunla fəxr edirəm. Çalışaram ki, qızları da  Tərzan kimi  öz Vətənini sevə bilsinlər...

 Zəfər ORUCOĞLU.