“Qalibin qalibiyyət dastanına tapınmaqla ömrüm davam edir...
Sosial həyat

“Qalibin qalibiyyət dastanına tapınmaqla ömrüm davam edir..."

Qarabağ torpaqlarını 44 gün içində azadlığa qovuşduran igidlərdən biri də 6 aprel 2002-ci ildə Lənkəran rayonunun Kərgəlan kəndində dünyaya göz açan Qalib Əbdüləhəd oğlu Əkbərzadədir. Ulu Tanrı bu igidi Vətən üçün həyata gətirmişdi. Elə Vətənə ilahi sevgisi onu 18 yaşında əbədiyyət zirvəsinə apardı.

Lap uşaqlıqdan ermənilərə nifrət bəsləyən Qalib 2019-cu ildə orta məktəbi bitirəndə tanıyanlar arasında əsl övlad məhəbbəti ilə sevilirdi. Bu xoş ünsiyyətli, əməligözəl oğlan orta məktəbdə yaxşı qiymətlər almaqla bərabər, idman sahəsində də bir sıra uğurlara imza atmışdı. Axı o, həm də Lənkəran rayonunda yerləşən "Zirvə" idman klubunda ağır atletika ilə məşğul olurdu. Qalib kompüter kursu da bitirmişdi. Bu peşəni daha yüksək səviyyədə öyrənmişdi.

Azərbaycan xalqının şan-şöhrətini özünə qaytaran Vətən müharibəsinin qalib şəhidi Qalibin əsgərlik həyatı Ağcabədidən başlanır. Vətənini canından artıq sevən igid əsgər nizam-intizama əməl edir, təlimlərdə yüksək döyüş keyfiyyətləri göstərir. Köksündə əsl qəhrəman ürəyi döyünən Qalib xüsusi təlimlər hesabına düşmənin başını əzməyə özünü tam hazırlayır. İkinci Qarabağ müharibəsi başlayanda Qalib Füzulinin azadlığı uğrunda qorxmadan, çəkinmədən odun-alovun içində düşmənə amansız zərbələr endirir. Atəş nöqtələrini susdurub, onları pərən-pərən salır. Çoxlu düşmən məhv etdikdən sonra özü də şəhid olur. Və yazdığı tarixlə bir daha göstərir ki, Vətənini canından əziz tutanların ömür yolu Vətən qədərdir...

Şəhidin anası Aidə xanım deyir: - Oğlumu səkkiz ildən sonra tapmışdım... çox gözlədim onun yolunu gec gəldi, tez getdi... 2 bacının bir qardaşı idi Qalib. Böyük bacısı Aygün on birinci sinfi bitirəndə o, birinci sinfi bitirdi. Evdə ürəyimiz onunla döyünürdü. Bacıları Fidan və Aygün ilə aralarında böyük yaş fərqi olduğu üçün ona xüsusi qayğı göstərirdilər. Tez böyüdü balam, 5 ayın əsgəri olanda müharibə başlandı... Hərbi xidmətini bitirib özünə parlaq həyat qurmaq istəyirdi. Saf arzularına qovuşa bilmədi... Bir evin 18 yaşlı madar balası indi bütün Azərbaycanın fəxridir. Mən Qalibin adını eşidəndə qürur duyuram. Ana ürəyidir... odlanır... Lənət olsun erməni faşistlərə. Dövlət oğlumun müharibə meydanında göstərdiyi qəhrəmanlığını "Vətən uğrunda", "Şücaətə görə", "Cəsarətli döyüşçü" və "Füzulinin azad olunmasına görə" medallarına layiq gördü. Bəzən həmin medallara baxanda oğlum gəlib gözlərimin qarşısında durur. Xəyalımda qurduğum ilahi bir sevginin qanadlarında oğlumun işığına doğru yol alıram. Onun canı, qanı bahasına qoruduğu Vətən mənə daha da müqəddəs görünür. Qalibin qalibiyyət dastanına tapınmaqla ömrüm davam edir... Gecələr yuxuma gələndə Qaliblə özümü dünyanın ən xoşbəxt anası sayıram. Və deyirəm: "Rahat yat, əziz balam. Torpağı Vətən etməklə bütün elə, Vətənə şərəf gətirdin. Südüm sənə halal olsun!".

Zəfər ORUCOĞLU.