Qubadlı gözoxşayan yaşıl məkana çevrilir
Region

Qubadlı gözoxşayan yaşıl məkana çevrilir

Baş planı bu sahədə böyük təcrübəyə malik İsveçrənin "S.A_Partners" şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış Qubadlı şəhəri coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Belə ki, şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malikdir. Gələcəkdə şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində 1993-cü il avqustun 31-də işğal olunan və ötən dövr ərzində darmadağın edilən, bütün yaşayış və inzibati binaları dağıdılan və yandırılan rayon bu gün müasir şəraitdə yenidən tikilir. Rayonun təbii imkanları nəzərə alınaraq ərazidə şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada tikilən yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınıb. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər nəzərdə tutulub. Baş plana əsasən şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlarda isə çox da hündür olmayan binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Bununla yanaşı, şəhərin biomüxtəlifliyi üçün münbit şəraitin yaradılması və rayonun gözoxşayan yaşıl bir məkana çevrilməsi nəzərdə tutulur. Qubadlıda 20 illik perspektiv üçün bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqroturizm və digər sahələrin inkişafı nəzərdə tutulur. Beləliklə, şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq.

Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Həkəri çayını əhatə edən təbii yaşıllıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcək. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur.

Prezident İlham Əliyev mayın 4-də Qubadlı şəhərində tikiləcək inzibati binanın təməlinin qoyulması mərasimində iştirak edib. Qeyd edək ki, inzibati bina şəhərin giriş hissəsində, Baş plana əsasən işgüzar zona kimi müəyyən olunmuş bir hektar ərazidə tikilir. Binanın konsepsiyasının hazırlanması zamanı milli memarlıq elementləri, yaşıl fasad və dam həlləri, həmçinin günəş panellərinin inteqrasiyası nəzərə alınıb. Üçmərtəbəli binada avtomobillər üçün yeraltı parklanma nəzərdə tutulub.

M.NƏRİMANOĞLU,

"Respublika".