DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

ÇİN ABŞ-LA NÜVƏ SİLAHI İLƏ BAĞLI DANIŞIQLARIBƏRPA ETMƏYƏCƏK

Çin ABŞ-la silahlara nəzarət və nüvə silahının yayılmaması üzrə 2023-cü ilin noyabrında baş tutan danışıqları davam etdirməkdən imtina edib. “Report” agentliyinin məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin adı açıqlanmayan rəsmisi bildirib.

“Təəssüf ki, Çin növbəti görüşlərdən imtina etdi və Pekinin bununla bağlı bizə təqdim olunan cavabı əhatəli deyil”, - deyə mənbə qeyd edib.

Bununla yanaşı, mənbənin sözlərinə görə, Ağ Ev nüvə və kosmik sahədə münaqişə və ya eskalasiyanın əhəmiyyətli riskləri ilə mübarizə aparmaq üçün real addımlar atmağı təklif edib.

Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, Vaşinqton və Pekin arasında müzakirə mövzuları sırasına qarşılıqlı əlaqələrin yaxşılaşdırılması, ballistik raketlərin sınaqları haqqında xəbərdarlıq sistemi və kosmosda gərginliyin azaldılmasına istiqamətlənmiş səylər daxildir.

Xatırladaq ki, ABŞ və Çin ötən ilin noyabrında Vaşinqtonda bu məsələlərə cavabdeh olan departamentlər səviyyəsində silahlara nəzarət və nüvə silahının yayılmaması ilə bağlı məsləhətləşmələr keçirib.

ERMƏNİSTAN NATO İLƏ ƏMƏKDAŞLIĞA CAN ATIR

Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Artur Yeroyan NATO-nun Brüsseldəki mənzil-qərargahında aparılan müzakirələrdə iştirak edib. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Verilən xəbərə əsasən, indi də NATO ilə əməkdaşlığa can atan Ermənistanla aparılan müzakirələr zamanı 2024-cü il üçün hərbi təhsil sahəsində proqram razılaşdırılıb.

Xatırladaq ki, aprelin 29-30-da Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini polkovnik Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistanın NATO-nun hərbi təhsilinin inkişafı proqramının illik müzakirələrində iştirak edib.

Proqram çərçivəsində Ermənistanın hərbi təhsil müəssisələrinə və təlim mərkəzlərinə yardım göstərilməsi nəzərdən keçirilib.

FRANSADA TƏQAÜDÇÜ MAKRONU HƏDƏLƏDİYİ ÜÇÜN HƏBS OLUNUB

Fransa məhkəməsi 76 yaşlı kişini prezident Emmanuel Makron və həyat yoldaşını “hədələdiyi üçün” 6 ay həbs cəzasına məhkum edib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.

İddia edilir ki, guya təqaüdçü Sosial Xidmət Mərkəzinə göndərdiyi məktubda prezident və həyat yoldaşını boğmaqla hədələyib və məktuba müvafiq məzmunlu fotokollaj əlavə edib. O, həmçinin Parisdə keçiriləcək Olimpiya Oyunlarının açılışı zamanı “Makronu təhdid edə biləcək risklər”dən yazıb.

Məlumata görə, təqsirli bilinən şəxsin vəkili isə qeyd edib ki, məktub xeyli maddi sıxıntısı olan və mənzil ala bilməyən, bu səbəbdən qarajda yaşamaq məcburiyyətində qalan bir qocanın kömək çağırışıdır. Həmin şəxsin özü də bildirib ki, heç kimə zərər vermək niyyətində deyil, belə bir fikri olsaydı, məktubu göndərməzdi.

Məhkəmə bu təminatları inandırıcı hesab etməyib və prokurorluğun vəsatətini təmin edərək onu həbsə məhkum edib.

TÜRKİYƏ PAYTAXTINDA METRONU SU BASDI

Türkiyə ərazisində artıq bir neçə gündür yağan leysan yağışları bir neçə vilayətdə təsirini daha da artırıb. “Trend” agentliyinin xəbərinə görə, yağıntı səbəbindən paytaxt Ankarada metro stansiyalarını su basıb.

Bildirilir ki, mayın 2-də səhər saatlarında şəhərdə metro səfərləri təxirə salınıb. Ankara ilə yanaşı, bir neçə şəhərdə də avtomobil yolları sulara qərq olub.

Bəzi vilayətlərdə güclü yağış nəticəsində əkin əraziləri su altında qalıb. Xüsusilə yeni əkilmiş qarğıdalı sahələrinə ciddi ziyan dəydiyi bildirilir. Türkiyənin ən quraq və ən az yağışlı bölgəsi hesab olunan Konyanın Karapınar rayonuna bir gündə normadan dəfələrlə artıq yağıntı düşüb.

Məlumata əsasən, ölkə ərazisində yağışlı hava şəraitinin daha bir neçə gün davam edəcəyi proqnozlaşdırılır. Belə ki, hidrometeoroloqlar Türkiyənin 34 vilayətində gözlənilən şiddətli yağışla bağlı əhaliyə xəbərdarlıq ediblər.

AVROPA KOMİSSİYASINDAN GÜRCÜSTANA XƏBƏRDARLIQ

“Xarici agentlər” haqqında qanun layihəsi qəbuledilməzdir və Gürcüstanın qarşısında Avropa İttifaqına üzvlük üçün maneə olacaq, lakin vəziyyəti dəyişmək üçün hələ vaxt var. “Report” agentliyinin xəbərinə görə, bunu Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kupman Tbilisidə Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı bəyan edib.

“Qanunvericilikdə narahatedici dəyişikliklər var, bu formada ikinci oxunuşda qəbul edilən şəffaflıq qanunu qəbuledilməzdir və Avropa İttifaqına daxil olmaq üçün ciddi maneələr yaradacaq”, - deyə Gert Yan Kupman bildirib.

Avropa Komissiyasının rəsmisi qeyd edib ki, geri addım atmaq üçün hələ vaxt var: “Tövsiyələrimizi sentyabrda yekunlaşdırıb, oktyabr və noyabrda hesabatımızı təqdim edəcəyik. Ona görə də hələ vaxt var. Lakin qərar hökümətindir".

Xatırladaq ki, Tbilisidə Gürcüstan parlamentinin qarşısında etiraz aksiyası mayın 2-də axşam saatlarında bərpa edilib və Rustaveli prospekti boyunca yol bağlanıb. Gürcüstan parlamenti yaxınlığında etiraz aksiyaları artıq 11 gündür davam edir. Mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda qəbul edib.

QƏZZA ZOLAĞININ BƏRPASINA TƏLƏB OLUNAN VƏSAİT AÇIQLANIB

Qəzza zolağının yenidən bərpası  təxminən 40 milyard dollara başa gələcək. “Frans-Press” agentliyinin xəbərinə görə, bu barədə BMT-nin İnkişaf Proqramının  hesablamalarında qeyd olunub.

Xəbər verilir ki, hesablamalara görə, İsrailin hücumu nəticəsində böyük ziyan dəymiş Qəzzanın yenidən bərpası üçün 30-40 milyard dollar tələb olunacaq və hətta Qəzzada müharibə bu gün bitsə belə, İsrailin havadan və qurudan hücumları nəticəsində dağılan bütün evlərin bərpası 2040-cı ilə qədər çəkəcək.

BMT Baş katibinin müavini Abdullah əl-Dərdari qeyd edib ki, dağıntının miqyası çox böyükdür və misilsizdir. Onun sözlərinə görə, bu, qlobal ictimaiyyətin İkinci Dünya müharibəsindən bəri üzləşmədiyi bir durumdur.

Qeyd edək ki, BMT-nin İnkişaf Proqramının, eləcə də Qərbi Asiya İqtisadi və Sosial Komissiyasının yeni hesabatına əsasən, Qəzzada ən azı 370 min yaşayış məntəqəsi zədələnib, o cümlədən 79 mini tamamilə dağılıb. Qəzzada bütün evlərin 60-70 faizi və şimalındakı evlərin 84 faizə qədəri ya tamamilə dağılıb, ya da qismən zədələnib.

ÇİNDƏ YOLUN ÇÖKMƏSİ NƏTİCƏSİNDƏ ÖLƏNLƏRİN SAYI 50-YƏ ÇATIR

Çinin cənubunda avtomobil magistralının bir hissəsinin çökməsi nəticəsində azı 48 nəfər həlak olub. “Trend” agentliyinin xəbərinə görə, Çin Xalq Respublikasının sədri Si Cinpin hadisə yerində xilasetmə işlərinin aparılmasını, yaralılara hər cür yardım göstərilməsini, həmçinin yolun dağılan hissəsinin tez bir zamanda təmir edilməsini tapşırıb.

Qeyd edək ki, mayın 1-i səhər saatlarında Meycou-Dabu avtomagistralında torpaq sürüşməsi baş verib. Nəticədə 23 avtomobil yolda əmələ gələn yarğana düşüb.

Məlumata əsasən, yerli hakimiyyət orqanları hadisəyə aramsız yağan güclü leysanın səbəb olduğunu ehtimal edir. Belə ki, son vaxtlar həmin rayona 56 santimetrdən çox yağıntı düşüb, bölgədəki bir sıra kəndlər su altında qalıb.

Eyni zamanda, Quandun əyalətinin bəzi rayonları son iki həftə ərzində güclü yağış və daşqınlarla üzləşib. Əyalətin mərkəzi Quançjou şəhərində qasırğa beş nəfərin həyatına son qoyub.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.