FERMERLƏRƏ KÖMƏK LAZIMDIR
İqtisadiyyat

FERMERLƏRƏ KÖMƏK LAZIMDIR

Tərtər

Pambıqçılığın inkişaf etdirilməsi insanların maddi rifah halının yaxşılaşması, həmçinin işsizliyin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları" qəbul olundu. Proqramların uğurlu icrası nəticəsində hər tərəfdə tərəqqi və inkişafa stimul yarandı. Məlumdur ki, pambığa hər zaman dünya bazarlarında tələbat duyulur. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyev pambıqçılığın əvvəlki şöhrətinin qaytarılması üçün bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ilə bağlı rayonlarda müşavirələr keçirir, Dövlət proqramları icra edilir. 

Qarabağ iqtisadi rayonuna daxil olan Tərtərdə pambıqçılığın inkişaf etdirilməsi üçün münbit şərait mövcuddur.

Rayonun "ağ qızıl" ustaları məhsul istehsalında ölkədə birincilər sırasındadır. "MKT İstehsalat Kommersiya" MMC-nin Tərtər filialının direktoru Feruz Hacıyev bildirdi ki, cari təsərrüfat ilində fermerlərlə 1200 hektar sahədə pambıq əkilib-becərilməsi üçün müqavilə imzalanıb.

Hazırda müəssisədə 107 nəfər daimi işlə təmin olunub. Əlavə olaraq 50 nəfər mövsümi işlərə cəlb olunur. Təəssüf hissi ilə bildirmək lazımdır ki, ötən il 162 hektar sahənin  suvarma suyu ilə təmin olunmaması nəticəsində sahələrdə hər hektardan 7-8 sentner məhsul əldə olunmuşdur. 

Suvarmada problem yaşanmasaydı, orta məhsuldarlıq daha yüksək ola bilərdi. Müsahibim qeyd etdi ki, hazırda 1150 hektar sahədə çiyid səpini aparılıb. Yaxın günlərdə səpin başa çatdırılacaqdır. Tarlaların 80 faizinə arat suyu verilmişdir. Fermerlər əsasən Türkiyədən gətirilmiş "Lazer", "BA 1010",  "May", "Ceyhan" məhsuldar toxum sortlarına üstünlük verirlər.

Fermerlərlə MMC arasında bağlanılan müqaviləyə əsasən şirkət torpağın şumlanmasından başlayaraq məhsul toplananadək bütün işləri aparır, yüksək aqrotexniki qulluq göstərilir, vaxtında müəyyən gübrələr verilir, ziyanvericilərə qarşı dərmanlama aparılır. 

Məhsul yığımı başa çatdıqdan sonra dəyəri hesablanır və vəsait fermerlərin bank kartına ödənilir. Zavod kifayət qədər texnika ilə təmin olunub. 

Suvarma olmasa fermerlərə külli miqdarda maddi ziyan dəyəcək. Fermerlər suvarma suyu ilə bağlı problemin təcili həll olması ilə bağlı həyəcan təbili çalırlar. Ümid etmək olar ki, onların səsinə səs verəcək, mövcud problemin həll olunması üçün ciddi tədbir görüləcəkdir.

Vəli VƏLİYEV,

"Respublika".