“Demokratiyanın beşiyi
Siyasət

“Demokratiyanın beşiyi"ndə insan hüquqları boğulur

Özünü demokratiya və insan hüquqlarının beşiyi kimi təqdim etməyə çalışan Fransa vətəndaş azadlığını boğan ölkə kimi tanınır. Bu dövlət daim inqilabların və iğtişaşların səngimədiyi bir məkana çevrilib. Son dövrlər isə ölkədə vəziyyət, gərginlik pik həddə yüksəlib. Ekspertlərin qənaəti isə ondan ibarətdir ki, bütün Fransanı bürüyən etiraz dalğalarının başlıca səbəb prezident Emmanuel Makronun yarıtmaz siyasətidir.

Məhz onun rəhbərliyi altında hazırda Fransa daxili və xarici siyasətində ardıcıl olaraq uğursuzluqlarla üzləşir. Elə bu səbəbdən də vətəndaşlar onların həyatını ağırlaşdıran daxili siyasətdən narazıdırlar. Artıq bütün ölkəni bürüyən etirazlar dağıdıcı xarakter alıb. Baş verən kütləvi iğtişaşlara digər bir səbəb isə Fransanın neokolonializm siyasəti apardığı Afrika ölkələrində intensivləşən narazılıqlarıdır. Uzun müddətdir ölkə daxilində insan hüquqlarının kobud şəkildə pozulması, müstəmləkəçi yanaşma nəticəsində etirazlar sürətlə Fransanın vaxtilə müstəmləkəsi olan ərazilərə də yayılır. Demək olar ki, ölkə Avropada insan haqları və hüquqlarının kobud şəkildə pozulduğu dövlətlər sırasında "liderlik" qazanıb.

İllərdir öz azadlıqları uğrunda mücadilə aparan korsikalılar hələ də Fransanın işğalından yaxa qurtara bilmirlər. İki əsrdən çoxdur ki, onların azadlıq mübarizəsi Fransa hökuməti tərəfindən amansızlıqla boğulur, ictimai fəallar həbs edilir, dözülməz fiziki və mənəvi işgəncələrə məruz qalırlar. Korsika əhalisinə təzyiq və güc tətbiq edilməsi ciddi narahatlıq doğurur. Polisin insanlara qarşı özbaşınalığı getdikcə daha da güclənir. Vətəndaşların mənafeyinin nəzərə alınmaması, əksinə, onların həyat şəraitinin ağırlaşması ilə nəticələnən qərarlar Parisdə və regionlarda səngimək bilməyən etirazların əsas qaynağıdır. Obyektiv araşdırma aparılmır, qanunsuz həbslər həyata keçirilir ki, bu da demokratik prinsiplərə və insan hüquqlarına ziddir. Hələ ötən il Fransada pensiya islahatlarına qarşı kütləvi etiraz aksiyalarında iştirak edən vətəndaşların sayı bir milyonu keçmişdir. Bu zaman polis tərəfindən insanlara qarşı zorakı əməllərə yol verilmiş və 457 nəfər həbs edilmişdir. İyun ayının sonunda başlayan və 5 gün davam edən iğtişaşlarda isə daha 700 nəfər həbs olunmuşdur.

Ölkədə vətəndaşların kütləvi həbsi həbsxanalardakı məhbus sayının rekord səviyyəyə çatdırmışdır. Analoji hal son illər ənənəvi xarakter alıb. Bununla yanaşı, Fransada həbsxana şəraitinin pis olması da böyük problemlərə yol açır. Artıq ölkədə məhbusların sayı 77 min nəfəri keçib. Bu barədə "Agence France-Presse" nəşrində ölkənin Ədliyyə Nazirliyinə istinadən məlumat yayılıb. Məlumatda qeyd edilib ki, aprelin 1-nə olan statistikaya görə 77 450 nəfər həbsdə olub. Həmin rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 4 370 nəfər çoxdur. Bu da Fransa tarixindəki ən çox məhbus sayı hesab edilir. Bəzi həbsxanalar 200 faiz doludur. Bu isə yerdə yatmağa məcbur olanların sayının kəskin artması deməkdir. O da vurğulanır ki, həddindən artıq sıxlıq səbəbindən 3 mindən çox məhbus döşəmədə yatmağa məcburdur, halbuki 2023-cü ildə bu rəqəm 2 min nəfərdən bir qədər çox idi. Ölkənin penitensiar müəssisələrinin doluluq səviyyəsi 125 faizi ötüb. Bu isə Avropada ən yüksək göstəricidir.

 Avropa İnsan Haqları Məhkəməsi dəfələrlə Fransa həbsxanalarındakı vəziyyəti pisləyib. AİHM keçən il iyul ayında Fransada həddən artıq dolmuş həbsxanalarla bağlı "xroniki" problem olduğunu bildirmişdi. Dözülməz şərait, sıxlıq və işgəncə səbəbindən məhbuslar arasında intihar halları da çoxalıb. Avropa Şurasından bildirilir ki, Fransa Rumıniya və Kiprdən sonra Avropada ən dolu həbsxanalara malikdir və ehtimallara əsasən, 2024-cü ildə ölkədə məhbusların sayında sürətli artım olacaq. Ölkə rəhbərliyi isə həbsxanalardakı yer çatışmazlığını, gigiyena problemlərini, keyfiyyətsiz qida və digər problemləri həll etmək əvəzinə, kütləvi həbsləri daha da çoxaldır. Artıq küçələrdə xırda ticarətlə məşğul olan insanlar belə həbsə atılır. Bu isə insan azadlığı və hüquqlarının kütləvi şəkildə kobudcasına pozulmasıdır. Makron hakimiyyəti yaranmış problemlərə qayğı və diqqətlə yanaşmaqdansa, həbsxanalardakı sıxlığı aradan götürmək üçün 2027-ci ilə qədər 15.000 yerlik yeni həbsxana tikməyi planlaşdırır.

Ramidə YAQUBQIZI,

"Respublika".