Azad söz və müstəqil mətbuat
Sosial həyat

Azad söz və müstəqil mətbuat

Operativlik, obyektivlik, peşəkarlıq və dəqiqlik. Bu keyfiyyətlər medianın əsas fəaliyyət prinsiplərinə aiddir. Nəzərə alsaq ki, müasir dünyada informasiya gündəlik ehtiyaca çevrilib, bu zaman məsuliyyət bir az da artır. İnformasiya ehtiyacının ödənilməsində, cəmiyyətə çatdırılmasında Azərbaycanda da çoxsaylı media qurumları fəaliyyət göstərir. Ölkə həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmaq nümunəsini biz 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin timsalında gördük. Ali Baş Komandan müxtəlif dillərdə dünyanın çox sayda aparıcı kütləvi informasiya vasitələrinə, dəqiq, operativ və diplomatik cavablar verməklə Azərbaycan həqiqətlərini dünyaya bəyan etdi. Qərəzli suallara belə səbirlə, məntiqli, adekvat cavab verdi. Azərbaycanın kütləvi informasiya vasitələrində ən yüksək tendensiya 44 günlük Vətən müharibəsində müşahidə olunub. Şübhəsiz ki, informasiya siyasəti informasiya savaşının önündə Ali Baş Komandanın özünün və komandasının dayanması bu istiqamətdə müəyyən irəliləyişlərin əldə olunmasına gətirib çıxardı. Digər faktor isə müharibə dövründə formalaşan Azərbaycan-Türkiyə Media Platforması idi ki, biz Türkiyə üzərindən Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində müsbət dinamikanın şahidi olduq.

Xatırladaq ki, söz və mətbuat azadlığının təməli "Vindhuk bəyannaməsi"nin qəbul edilməsi ilə qoyulub. 1991-ci il mayın 3-də Nambiyanın paytaxtı Vindhukda regional seminara toplaşan dördüncü hakimiyyətin nümayəndələri dünya hökumətlərinə mətbuat azadlığının və demokratiyanın təmin edilməsi ilə bağlı çağırış ediblər. Bununla da BMT Baş Assambleyasının qərarı ilə 1993-cü il mayın 3-ü "Beynəlxalq söz və mətbuat azadlığı günü" kimi qeyd olunur. Söz və mətbuat azadlığı cəmiyyətdə demokratiyanın meyarı rolunu oynayır. Mətbuatın senzuraya məruz qaldığı ölkələrdə paralel olaraq insan hüquqları da tez-tez pozulur. Bu səbəbdən bir çox mötəbər qurumlar və demokratiyanın inkişafına xidmət edən təsisatlar müxtəlif ölkələrdə söz və mətbuat azadlığını daim diqqətdə saxlayırlar. Media nümayəndələrinə münasibətdə ölkəmiz daima aparıcı dövlətlərlə bir sırada dayanır. Buna misal olaraq, Azərbaycandan başqa dünyanın heç bir yerində teleradio və mətbuat işçilərinin evlə təmin olunması praktikası yoxdur. Bununla yanaşı, respublikamızda fəaliyyət göstərən informasiya təşkilatlarına edilən maddi dəstək, müxtəlif qurumlara olan borcların qarşılanması və Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən başqa imtiyazlar onların daha da inkişafına böyük töhfə verir. Bu ənənə isə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində yaranıb və cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 1998-ci il avqustun 6-da Azərbaycanda senzura ləğv edilib. Həmçinin 1993-cü ildən 3 may "Beynəlxalq söz və mətbuat azadlığı günü" ölkəmizdə də qeyd edilir.

Respublikamızda medianın inkişafı, rəsmi informasiya mənbələrinin dəqiqliyi İkinci Qarabağ müharibəsindən sonra sürətlə inkişaf etməyə başlayıb. Lakin Azərbaycanın obyektiv formada bütün dünyada qəbul ediləcək və istinad olunacaq media resurslarının formalaşması prosesi uzunmüddətli bir dövrü əhatə edir. Əslində bu gün ingilis dili və digər xarici dilləri mükəmməl bilən, yazan və həmçinin dünyanın ayrı-ayrı qaynar nöqtələrindən informasiya verməyi bacaran peşəkar jurnalistlərin dünya mediasında yerləşdirilməsi prosesi müsbət nəticə verə bilər. Amma bunun üçün çoxsaylı resurs imkanlar, kadr potensialı və maliyyə qaynaqları lazımdır. Zaman keçdikcə bu istiqamətdə də inkişaf müşahidə ediləcək. Çünki Azərbaycan mediasının gələcəyi parlaqdır. Bu istiqamətdə nəzərəçarpan müsbət tendensiyalar belə düşünməyə imkan verir. İnformasiya bolluğunun olduğu bir vaxtda Azərbaycanda jurnalist peşəsinin nüfuzu arzuolunan səviyyədədir desək, doğru olmaz. Etiraf edək ki, təhrif olunan, yalan, böhtan xarakterli məlumatlar hələ də ayaq açıb yeriməkdədir. İndiki halda çox təəssüf ki, münbit məkan məhz ifadə və söz azadlığının təmin olunması üçün yeni bir düstur kimi ortaya çıxan sosial şəbəkələrdir. Burada artıq heç bir kontroldan söhbət gedə, heç bir nəzarət mexanizmi mövcud ola bilməz. Orada insanların yalnız şəxsi vicdan öhdəlikləri məsələsi var və qanunla tənzimlənməsi də mümkün deyil.

Ümumiyyətlə, sosial şəbəkələrin meydana gəlməsi daha çox insanın öz ifadə azadlığından istifadə etməsinə imkan verir. Vətəndaş jurnalistikası anlayışı hər tərəfdə peşəkar medianı, standartlara cavab verən insanları üstələməyə başlayır. Bütün dünya düzənini təşkil etməli olan qurumlar və birliklər artıq feyk xəbərlərin əlində qalıblar. Azərbaycanda isə medianın fəaliyyətinin təkmilləşdirilməsi, müasir texnologiyaların və iş prinsiplərinin tətbiq edilməsi məqsədilə artıq islahatların həyata keçirilməsinə başlanılıb. Buna əyani misal olaraq, 2022-ci il fevralın 8-də Prezident İlham Əliyevin "Media haqqında" qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə Fərman imzalamasıdır. Azərbaycanda media islahatlarının "yol xəritəsi" kimi dəyərləndirilə bilən bu qanunun məqsədi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradılmasıdır. Qanun layihəsi 30 dekabr 2021-ci ildə parlamentdə üçüncü oxunuşda qəbul olunduqdan sonra qüvvəyə minib və həmin dövrdən sonra medianın işində müsbət inkişaf hiss olunmağa başlayıb.

Tacir SADIQOV,

"Respublika".