Fikir plüralizmi, sərbəst düşüncə
Siyasət

Fikir plüralizmi, sərbəst düşüncə

"Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər?". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı Almaniyanın Kansleri Olaf Şoltsla birgə keçirdiyi mətbuat konfransında ölkəmizdə insan hüquqları və mətbuat azadlığı ilə əlaqədar verilən suala cavabında bildirib. Fərdi məsələlər, hadisələrlə bağlı danışarkən dövlət başçısı deyib: "İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Ölkəmizdə azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayır, qurur, yaradırlar, o cümlədən media nümayəndələri də".

Ölkəmizdə söz azadlığının bərqərar olunması və müstəqil mətbuatın yaradılması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Mətbuatı demokratiyanın əsas tələblərindən biri kimi dəyərləndirən dahi şəxsiyyət bu sahənin inkişafına xüsusi diqqət yetirmişdir. Görkəmli dövlət xadiminin 1998-ci il 6 avqust tarixli "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanı ölkəmizdə əlverişli şərait yaratmış, senzura ləğv edilmişdir. Bununla həm də dövlətin mətbuat üzərində nəzarətinə son qoyulmuşdur. 1999-cu il dekabrın 7-də qəbul olunan "Kütləvi informasiya vasitələri haqqında" Qanun isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd oldu. Söz, fikir və mətbuat azadlığı Azərbaycan Respublikasının Konstitusiyasında da təsbit edilib. Ulu öndər deyirdi: "Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir".

Ümummilli lider Heydər Əliyevin hələ respublikaya rəhbərliyinin birinci dövründə cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi, Azərbaycan mətbuatında da inkişaf meyilləri başlandı. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazası yaxşılaşdırıldı, mətbuatın normal fəaliyyəti üçün yeni texnologiyalara əsaslanan infrastruktur yaradıldı. Ötən əsrin 70-ci illərində ulu öndərin təşəbbüsü ilə "Azərbaycan" nəşriyyatının binası tikilib istifadəyə verildi.

Təbii ki, o dövrdə ulu öndərin milli mətbuatımızın inkişafı istiqamətində atdığı addımların əhatəsi yalnız texniki tədbirlərlə məhdudlaşmırdı. Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərindən ayrı-ayrı mətbuat orqanlarının səhifələrində, Azərbaycan televiziyasının, radiosunun efirində cəmiyyət üçün o vaxta qədər qadağa qoyulmuş mövzulara dair materiallar görünməyə, eşidilməyə başlandı. Yəni kommunist-sovet mətbuatı nəzəriyyəsinin verdiyi imkanlar fonunda mətbuatda azad sözün ilk işartıları göründü. O illərdə mətbuat sosial ədalət uğrunda mübarizə aparmaqla ölkə rəhbərinin ən yaxın, etibarlı silahdaşı oldu. Həmin dövrdə keçmiş SSRİ-də ilk dəfə olaraq məhz Azərbaycanda korrupsiyaya qarşı ümummilli mübarizə aparıldı. Bütün bunlar cəmiyyətimizdə həyat tərzini, əxlaq, davranış qaydalarını, qarşılıqlı münasibətlərin keyfiyyətini kökündən dəyişir, bu işdə mətbuat böyük rol oynayırdı. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu xətt ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq respublikada söz, mətbuat azadlığını həyat reallığına çevirdi. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıdışı isə bu inkişafın ardıcıllığını təmin etdi, milli mətbuatımızı xaos, anarxiyadan qorudu, sosial mədəniyyətə əsaslanan söz azadlığı mühiti formalaşdırıldı. Ümummilli liderin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə söz və mətbuat azadlığının müdafiəsi, cəmiyyət həyatına digər demokratik dəyərlər kimi fikir plüralizminin də daxil olması üçün əsaslı zəmin yarandı. Mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda bütün süni maneələr aradan qaldırıldı, müvafiq qanunvericilik bazası təkmilləşdirildi, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası gücləndirildi.

Ulu öndərin əsasını qoyduğu mütərəqqi siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, media qurumlarının müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Dövlət başçısının 2009-cu il aprelin 3-də imzaladığı "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" Fərmanı bu istiqamətdə atılmış mütərəqqi addımlardan idi. Sonradan ölkədə media sahəsində islahatların dərinləşdirilməsi haqqında fərmanla 2021-ci il yanvarın 12-də Medianın İnkişafı Agentliyi (MEDİA) yaradıldı. Həmin il dekabrın 30-da təsdiq edilən "Media haqqında Azərbaycan Respublikasının Qanunu" 2022-ci il fevralın 9-da ölkənin mətbuat orqanlarında yayımlandı. Azərbaycan jurnalistikasının fəaliyyətində yeni dövr başlandı...

Söz və mətbuat azadlığının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev demişdir: "Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdəndir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir". Bu gün Azərbaycanda internet istifadəçilərinin xüsusi çəkisi orta dünya göstəricilərindən yüksəkdir. Ölkəmizdə hər 100 nəfərə düşən internet istifadəçisinin sayı 85-dən çoxdur. Dünya üzrə orta göstərici 63, Avropada isə 83 nəfər təşkil edir. Demokratik inkişafın əsas göstəricilərindən olan media qurumlarının sayına görə isə MDB və Şərqi Avropa ölkələri arasında lider mövqedə dayanır.

Dövlət başçısı mətbuata bəyanatında digər bir qərəzli sualı cavablandırarkən ölkədə görülən işlərin ictimaiyyət, jurnalistlər üçün daim açıq, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tədbirlərin göz qabağında olduğunu, azad olunmuş torpaqlara müntəzəm surətdə media turlarının təşkil edildiyini, o cümlədən xarici media nümayəndələrinin də vəziyyətlə tanış ola bildiklərini diqqətə çatdırıb. Prezident deyib: "Mən bilirəm ki, Azərbaycan mediasının mütləq əksəriyyəti bizim fəaliyyətimizi bəyənir, dəstəkləyir və görülən işləri də təqdir edir".

Zümrüd QURBANQIZI,

"Respublika".