Alova yenidən odun atanlar...
Siyasət

Alova yenidən odun atanlar...

"Ötən ilin sentyabr ayında biz ərazi bütövlüyümüzü, suverenliyimizi tam bərpa edəndən sonra Ermənistanın dırnaqarası qarantorları tərəfindən siyasi hücumlara məruz qaldıq. Buna baxmayaraq, biz yenə sülh təklif etdik... Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Otuzillik toqquşmadan sonra Ermənistan da aydın şəkildə anlayır ki, biz Cənubi Qafqazda sülh istəyirik və sülh bu bölgədə yalnız Azərbaycanla Ermənistan arasında normallaşma vasitəsilə həll oluna bilər". Bu fikirləri ölkə başçımız İlham Əliyev mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Doğma yurdumuzu düşmən işğalından azad etdikdən sonra ABŞ və bəzi Avropa ölkələri, xüsusilə də Fransanın Azərbaycana qarşı qərəzli davranışları özünü daha qabarıq göstərməyə başladı. Çünki haqlı qələbəmizdən sonra regionda yaranan reallıqlar Qərbin məkrli maraqlarına cavab vermir. Azərbaycanın uğurlu daxili və xarici siyasət yürütməsi, beynəlxalq aləmdə söz sahibinə çevrilməsi və region ölkələrini iqtisadi və hərbi gücünə görə geridə qoyması bu müstəmləkəçi dövlətləri qıcıqlandırır və ciddi şəkildə narahat edir. Ona görə də ABŞ və Avropa bu gün Azərbaycana və türk dünyasına qarşı birlikdə siyasət yürüdür.

Biz beynəlxalq arenada gücləndikcə Qərbin anti-Azərbaycan bəyanatları da səngimədi. Azərbaycan AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) üzvü olduğu illər ərzində bu qurum işğalçı Ermənistanı Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd hərəkətlərinə görə heç zaman qınamadı. Azərbaycanlılara qarşı edilən vəhşilikləri gözardı edən qurumun tutduğu bu mövqe onun ədalətsizliyinin göstəricisidir. Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyası cari il yanvarın 24-də Azərbaycan nümayəndə heyətinin AŞPA-nın 2025-ci ilin yanvar sessiyasına qədər səsvermə hüququndan məhrum edilməsinə dair qətnamə qəbul etdi. Ümumiyyətlə, Avropanın bəzi qurumları "demokratiya" adı altında müstəqil dövlətlərə, o cümlədən Azərbaycana qarşı təzyiq göstərməklə məşğuldur.

30 ilə yaxın bir müddətdə ABŞ bir dəfə də olsun Ermənistanı qınamadı, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsinin icrası ilə bağlı qətiyyətli bir addım atmadı. Həmçinin 1992-ci ildə ABŞ-dakı erməni lobbisinin təzyiqilə 907-ci bölməyə Azərbaycan hökumətinə ABŞ tərəfindən istənilən birbaşa yardımı qadağan edən düzəliş qəbul olundu. 2001-ci ildəki terror hadisəsindən sonra ABŞ Konqresi öz geosiyasi maraqlarına görə prezidentə 907-ci düzəlişin hüquqi qüvvəsini müvəqqəti dayandırmaq imkanı verən, ötən il isə bu imkanı ümumiyyətlə ləğv edən qanun qəbul etdi. Əlbəttə ki, xalqımız bu riyakarlığı heç vaxt unutmayıb və unutmayacaq. ABŞ-ın ölkəmizə qarşı siyasəti onun ədalətsizliyi təbliğ etdiyini göstərir. Bu ölkə Rusiya-Ukrayna müharibəsindən istifadə edərək Ermənistan vasitəsilə Cənubi Qafqaz regionuna daxil olmaq arzusundadır.

Ermənistan da Qərb dövlətlərinə arxalanaraq Azərbaycana təzyiq göstərmək istəyir. Bu gün Ermənistanın dialoqa getməsinə mane olan faktorlar aradan qalxsa yekun sülh sənədi imzalana və bölgədə tamamilə yeni dövr başlaya bilər. Hayastan Qərbin arxasında gizlənmək yerinə postmüharibə dövrünün reallıqlarını qəbul etsə, regionda sülh bayraqları dalğalanar. Qərb dairələri danışıqları pozmaq üçün birgə hərəkətə keçiblər. Uzun zaman sülhdən söz açan qüvvələr hazırda Paşinyanı sülhdən yayındırmaq üçün hər cür yola əl atırlar. Lakin ölkəmiz öz mövqeyindən dönməyəcək. Sülhə mane olanlar, ölkəmizi yenidən müharibəyə sürükləmək istəyənlər bilməlidirlər ki, Azərbaycan ərazi bütövlüyünü və suverenliyini müdafiə etməyə qadir dövlətdir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycana əzələ nümayiş etdirmək də əbəsdir!

Röya RÜSTƏMLİ,

"Respublika".