MƏNTƏQƏLƏR AZAD, ƏDALƏTLİ, ŞƏFFAF VƏ DEMOKRATİK PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRDIR
Region

MƏNTƏQƏLƏR AZAD, ƏDALƏTLİ, ŞƏFFAF VƏ DEMOKRATİK PREZİDENT SEÇKİLƏRİNƏ HAZIRDIR

Fevralın 7-də növbədənkənar prezident seçkilərinin keçirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm tarixi hadisədir. Seçkilərin azad, ədalətli, şəffaf və demokratik keçirilməsi üçün bütün lazımi tədbirlər görülmüşdür. Bu səsvermə ölkəmizin siyasi həyatına, idarəetmə orqanlarının fəaliyyətinə, ölkəmizin sürətli tərəqqisinə, insanların daha firavan həyatına dəyərli töhfələrini verəcəkdir.

Göygöl şəhərində bütün məntəqələrdə səsvermənin mütəşəkkil, şəffaf və demokratik, əsl bayram əhvali-ruhiyyəsi ilə keçməsi üçün hər cür şərait yaradılmışdır. 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsinin sədri İftixar Hüseynov bildirdi ki, qalib dövlətimiz və qalib xalqımız bütöv ölkəmizin ictimai-siyasi həyatında mühüm bir tarixi hadisə ərəfəsindədir. Ölkəmizdə seçkilər həmişə müasir tələblərə uyğun, ədalətli, şəffaf və demokratik qaydada keçirilir. Hazırda seçki dairələrində Prezident seçkiləri ilə bağlı tədbirlər aparılır, seçicilərin fəal iştirakı və ilk dəfə səs verəcək gənclərin maarifləndirilməsi işləri aparılır. 100 saylı Göygöl-Daşkəsən-Kəlbəcər seçki dairəsində 98 məntəqə mövcuddur, 52361 nəfər seçici səs verəcəkdir. Bunlardan 1318 nəfər 100 yaşa qədər, 2 nəfər 100 yaşdan yuxarı vətəndaşlardır. Seçkinin keyfiyyətini və şəffaflığını artırmaq məqsədilə 7 ədəd veb-kamera quraşdırılmış, məntəqələr fasiləsiz elektrik enerjisi, su təchizatı, zəruri avadanlıqlarla və texniki vasitələrlə təmin olunmuşdur. Təşviqat materiallarının lövhələrdə yerləşdirilməsi üçün seçki məntəqələrinin ərazisində müvafiq məkanlar ayrılmışdır. Görülən işlərlə bağlı yaxından tanış olmaq üçün Göygöl şəhərində yerləşən 1, 2, 4, 5, 6 saylı məntəqələrində olduq. 1 saylı məntəqə sədri Cəmilə Vəliyeva məlumat verdi ki, qarşıdan gələn prezident seçkilərinin Azərbaycan Seçki Məcəlləsinin tələblərinə uyğun keçirilməsi üçün bütün lazımi şərait yaradılmışdır. Komissiya üzvlərinin səmərəli fəaliyyəti və vətəndaşların rahat səs verməsi üçün bütün imkanlardan istifadə olunacaq. Sonda dairə sədri İftixar Hüseynov tam əminliklə bildirdi ki, Göygöl seçiciləri yüksək əhvali-ruhiyyə ilə səsvermədə iştirak edəcəklər.

Zabit XƏLİLOV,

"Respublika".