“Şəhid olmasam, qazi kimi gələcəyəm
Region

“Şəhid olmasam, qazi kimi gələcəyəm"

...Elə qisməti də şəhidlik oldu. Şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq simvolumuzdur. Müharibədə döyüş də var, şəhidlik də. Şəhidlik Vətənə məhəbbətin zirvəsidir. Neçə-neçə qəhrəmanlarımız Qarabağda döyüşərkən torpaqlarımızın ərazi bütövlüyü naminə canlarını fəda etmiş, əsl qəhrəmanlıq nümunəsi göstərmişlər.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Cavid Hüseynov 2020-ci il sentyabrın 27-də işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Laçın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə snayper kimi iştirak edib. 27 yaşında şəhid olan Cavid Hümbət oğlu Hüseynov 1993-cü il dekabrın 12-də Tovuzun Alakol kəndində doğulub. 2000-2011-ci illərdə N.Sadıqov adına Alakol kənd tam orta məktəbində təhsil alıb. Cavid 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2012-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin, 2014-cü ildən Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissələrində xidmət edib. 2018-ci ildə "Azərbaycan Ordusu-100" yubiley medalı ilə təltif olunub.

Cavid Hüseynov məharətli snayper idi. O, snayper təlimatçısı olub, dəfələrlə "Ən yaxşı snayper" fəxri fərmanı ilə təltif edilib. 2019-cu ildə Belarusda keçirilən hərbi idman oyunları üzrə snayper yarışında 21 ölkə iştirakçısı arasında komanda hesabında 2-ci, fərdi yarışda 1-ci yeri tutub.

Cavid qorxmaz, güclü Vətən oğullarından olub. Çox çətin təlimlərdən, məşqlərdən mətanətlə çıxmağı bacarıb. Döyüşlərdə hərbçi yoldaşları ilə birgə işğalçılara qan uddura-uddura Qubadlıdan Laçınadək gedib çıxıb. Döyüşlərin birində yaralı tabor komandirini təhlükəli zonadan çıxarır. Döyüşlərdən birində Cavidgilin qrupu kəndi boşaltmaq üçün hücuma keçib. Həmin vaxt Cavidin qrupundan bir nəfər şəhid olub. Ümumiyyətlə, döyüşlərdə də əsas aparıcı qüvvə snayper olduğuna görə döyüş yoldaşları Caviddən həmin an irəli çıxmaq üçün onları qorumasını istəyib. 15 dəqiqə sonra sakitlik yaranıb. Yoldaşlarına da deyib ki, arxayın olun vurmuşam hamısını. Hansını hansı nöqtədən vurub onun yerini də dəqiqliklə deyib. Döyüş yoldaşları gedib baxanda görüblər ki, Cavid dediyi kimi hansı nöqtədə, haradan yaraladığını deyibsə, elə də olub. Sonra düşmən tərəf qrupu minaatanlarla aramsız atəşə tutub. Həmin vaxt bölgəyə mərmi düşüb. Cavid də orada yaralanıb. Düşmən tərəfdən hücum o qədər davamlı olub ki, qrup Cavidi yaralandığı yerdən çıxarmağa imkan tapa bilməyib. 10 dəqiqə sonra uşaqlar Cavidə yaxınlaşmaq istəyəndə mərmilərdən biri də düz Cavidin yanına düşür... Düşmən mərmisindən ağır yaralanaraq 2020-ci il oktyabrın 27-də şəhid olur. İki bacının tək qardaşı olan Cavid oktyabrın 28-də doğma Alakolda torpağa tapşırılıb.

Ailəsi ilə sonuncu dəfə Qubadlıda olarkən danışıbmış. "Şəhid olmasam, qazi kimi gələcəyəm" deyirmiş igidimiz... Prezident İlham Əliyevin sərəncamlarına əsasən Cavid Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.

Cavidin atası Hümbət Hüseynov özü Birinci Qarabağ müharibəsinin qazisidir. Fəxrlə bildirir ki, Cavidin general-mayor, Milli Qəhrəman Polad Həşimova xüsusi rəğbəti var idi. Xidməti dövründə Cavid generalın yanında olanda iki dəfə Belarusda yarışa gedib. Oradan gələndən sonra rəhmətlik Polad Həşimov hərbi yarışlardakı qələbəsindən sonra qazandığı uğurlara görə, Cavidi yanına çağırıb. Cavidə qol saatını da elə onda hədiyyə etmişdi.

Anası Səringül Çobanova qürurla bildirir: "Mən özüm də heç bilmirdim ki, belə bir qəhrəmanın anasıyam. O mənim gözümdə bir əsgər, bir övlad idi. Hərbçi yoldaşları şəhadətindən sonra onun haqqında elə qürurla, fəxrlə danışdı ki, mat-məəttəl qaldım. Qəhərdən boğuldum. Oğlum 5 yaşında olanda Xocalı soyqırımına aid kadrlara baxarkən intiqam hissi baş qaldırırdı, dizini və əyləşdiyi stolu yumruqlayırdı. General Polad Həşimovun əsgəri olub. Polad düşmən gülləsinə tuş gəldikdən sonra Cavidin qisas hissi daha da alovlandı. Müharibəyə gedəcəyi günü həsrətlə gözləyirdi".

Bu gün hər bir gəncimiz üçün şəhid məzarları and yerinə çevrilib. Qəhrəman şəhidlərimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur. Azərbaycan xalqı şəhidlərini daim dərin hörmət və ehtiramla yad edir.

M.MİRZƏ,

"Respublika".