Sülhün yeganə formulu
Siyasət

Sülhün yeganə formulu

Yaxın günlərdə Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında növbəti danışıqlar baş tutacaq. Bu barədə artıq rəsmi Bakı və İrəvan arasında razılıq əldə olunub. Çünki Qazaxıstan görüşün keçirilməsi üçün ortaq nöqtə hesab oluna bilər. Belə ki, bu ölkə Türk Dövlətləri Təşkilatları çərçivəsində Azərbaycanla, KTMT və Avrasiya İqtisadi Birliyi formatında isə Ermənistanla əməkdaşlıq edir. Bu səbəbdən də Qazaxıstanı Bakı və İrəvan arasında sülh müqaviləsini səmimi şəkildə arzulayan dövlətlərdən biri hesab etmək olar.

Bununla belə, rəsmi Astana XİN başçılarının görüşündə hansısa vasitəçiliyə iddia etmir. Ölkənin Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smayidarov gözlənilən görüşün təfərrüatları barədə açıqlamasında deyib ki, ölkəsi sadəcə, görüş üçün şərait yaradır. Onun sözlərinə görə, Almatıda keçiriləcək danışıqlar sırf Azərbaycan və Ermənistan arasında aparılacaq, Astananın vasitəçiliyindən söhbət getmir. Bu, rəsmi Bakının yürütdüyü siyasətə tam uyğundur. Belə ki, mayın 1-də Bakı Konqres Mərkəzində "Sülh və qlobal təhlükəsizlik naminə dialoq" mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də bu məsələni ön plana çəkib: "İndi isə biz, əslində, müsbət tendensiyaya və sülhə doğru gedirik, sərhədlərin delimitasiyası başlayıb. Nəinki delimitasiyası, hətta demarkasiyası başlayıb. Mən burada çıxış etdiyim zaman bu iş gedir. Buna iki ölkə tərəfindən hər hansı bir vasitəçi olmadan nail olunub. Bu, bir daha onu göstərir ki, bizə vasitəçi lazım deyil. Xüsusən də o insanlar ki, məhz öz məqsədlərini güdürlər və yardım etmək istəmirlər. Onlar bizim bölgəyə öz fərdi, siyasi və iqtisadi maraqları naminə müdaxilə etmək istəyirlər. Onlar həmin alova yenidən odun atmaq istəyirlər. Biz Cənubi Qafqazda buna icazə verməyəcəyik, imkan verməyəcəyik".

Bu çıxış aprelin 5-də Brüsseldə Avropa İttifaqı, ABŞ və Ermənistan arasında keçirilən görüş və eləcə də bir çox platformalarda kollektiv Qərbin Cənubi Qafqazda ayırıcı xətlər yaratmaq üçün cəhdlər göstərdiyi bir vaxtda Azərbaycanın sülh prosesində qəti siyasi iradəyə malik olduğunu sübut edir. Rəsmi Bakı aydın şəkildə bəyan edir ki, Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlarla Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib. Birləşmiş Ştatların İrəvandakı səfiri Kristina Kvien isə aprelin 10-da erməni mətbuatına müsahibəsində etiraf edib ki, Vaşinqtondan bu ölkəyə hərbi müşavirlər göndəriləcək. Onlar Ermənistan Müdafiə Nazirliyində əyləşəcək və hərbi potensialın artırılmasına kömək edəcəklər. Digər tərəfdən, ABŞ Ermənistanın NATO ilə əməkdaşlığını uyğunlaşdırmaq məqsədilə müvafiq proqramlardan istifadə etməyi öhdəliyinə götürüb. Bayden Administrasiyası, həmçinin qabaqcıl hərbi texnika və yeni texnologiyalara çıxışını asanlaşdırmaq üçün Ermənistana Xarici Hərbi Maliyyələşdirmə proqramı üzrə də dəstək verəcək. Avropa İttifaqı isə Ermənistan ordusunu Avropa Sülh Fondu çərçivəsində maliyyələşdirəcək. Bu dəstək həm ordunun silahlanmasına, həm də Aİ və NATO standartlarına uyğun yenidən qurulmasına imkan verəcək. Qərbin Ermənistana hərbi yardımı barədə təkzibolunmaz faktlar isə Cənubi Qafqazda Azərbaycanın üç ildən artıqdır ki, formalaşdırdığı sülh prosesinə, yeni reallıqlara və ümumilikdə sabitliklə bağlı bütün proseslərə mənfi təsir göstərir. Bu səbəbdən də artıq rəsmi Bakı yekun danışıqlar prosesini əlavə vasitəçilər olmadan aparmaqda maraqlıdır. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bu ilin fevralında Azərbaycan və Ermənistan xarici işlər nazirləri Almaniya XİN rəhbəri Anjela Berbokun vasitəçiliyilə danışıqlar aparıblar. Ondan əvvəl isə Vaşinqtonda dövlət katibi Antoni Blinkenin moderatorluğu ilə çoxgünlük danışıqlar baş tutmuşdu. Amma bu təmaslarda nəticə əldə olunmamışdı.

Lakin ikitərəfli formatda müzakirələr effektini göstərir. Ötən ilin dekabrında COP 29-un Bakıda keçirilməsi və hərbçilərin mübadiləsi ilə bağlı qarşılıqlı əsasda razılıq əldə olundu. Aprelin 19-da isə Azərbaycanla Ermənistan arasında ilk dəfə olaraq sərhədlərin delimitasiyasında nəticə əldə edildi, Qazaxın anklav olmayan kəndləri bir güllə atılmadan qaytarıldı. Prosesin müsbət məcrada inkişafı bundan sonrakı müddətdə də danışıqların vasitəçi olmadan aparılacağına işarə edir.

Jalə QASIMZADƏ,

"Respublika".