Xalçanın gülü, ilmənin sehri
Region

Xalçanın gülü, ilmənin sehri

32 ildən sonra Laçında ilk xalça toxunub

Adı dillərdə gəzən, şöhrəti dünyanı dolaşan, bir çox mötəbər sərgilərdə layiqli yer tutan, anaların cehiz tədarükündə başda dayanan, gözəlliyi və rəngarəngliyi ilə diqqəti daha çox cəlb edən xalçalar xalqımızın toxuculuq mədəniyyətində özünəməxsus yer tutur. Qədimiliyi və tarixiliyi ilə seçilən bu xalçalar Azərbaycan dekorativ tətbiqi sənətinin nadir incilərindən hesab olunur.

Qarabağda ən qədim peşə sayılan xalçaçılıq ənənəsi nəsildən-nəslə ötürülüb. İlmələrlə yaradılan təsvirlər, müxtəlif fiqur və naxışlarla toxunan xalçalar qiymətli sənət əsəri kimi qorunub saxlanılır, eyni zamanda dünyanın bir çox ölkələrinə ixrac olunur. Ermənistanın hərbi təcavüzü  bu qədim el sənətinə də ağır zərbə vurdu, təcrübəli və mahir xalçaçılar öz yurd-yuvalarından didərgin düşdülər, xalça fabrikləri dağıdıldı, yüzlərlə qədim xalı, gəbə, kilim, xurcun yağıların əlinə keçdi. O ağır illərdə keçmiş məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilib və bununla bağlı Dövlət Proqramı qəbul edilib. Heydər Əliyev Fondu tərəfindən xalqımızın bu qədim sənətinin yaşadılması və dünyada təbliğ edilməsi ilə bağlı həyata keçirilən layihələr də böyük əhəmiyyət kəsb edir.

Üç ildən çoxdur ki, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilərə mütəmadi səfərlər edir, həmin bölgələrdə aparılan bərpa-quruculuq işləri ilə tanış olur, yeni tikililərin əsasını qoyur, açılışlar edir. 2020-ci ildə Laçını döyüşsüz, bir güllə atılmadan, qan tökülmədən azad edən Qalib Ali Baş Komandan bu gün həmin torpaqlarda, o cümlədən işğaldan azad edilən bütün ərazilərdə nəhəng quruculuq işlərinə rəhbərlik edir. Laçın şəhəri yenidən - həm çox maraqlı, həm də zəngin memarlıq elementləri ilə qurulur, şəhərin yeni cizgiləri təbiətin rəngləri ilə həmahəngdir, şəhərsalmanın son nailiyyətləri ilə ucalan yurd yerimiz öz gözəlliyinə qovuşur. Laçın şəhəri ecazkar görkəm alır, burada regionda analoqu olmayan modern evlər tikilir, geniş küçələr, parklar salınır, bir sözlə, bütün infrastruktur böyük zövq və şövqlə yaradılır. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinə köçən sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar, onlar üçün yeni iş yerləri yaradılıb. Onlardan biri də "İslimi" xalçaçılıq mərkəzidir.

Laçın şəhərində yerləşən xalçaçılıq mərkəzində çalışanların toxuduğu ilk xalçada "Qasımuşağı" çeşniləri öz əksini tapıb. Qeyd edək ki, "Qasımuşağı" xalçasının adı Laçın rayonunun şimalında yerləşən Şamkənd, Ərikli, Kürdhacı, Çorman və Şəlvə kəndinin əhalisinin adı ilə bağlıdır. Qasım Hacı Sam oğlu bir vaxtlar burada yaşayan hörmətli şəxs olub. Bu kəndlərdə yaxın keçmişə qədər yüksək növ xalçalar istehsal olunurdu. "Qasımuşağı" xalçalarının orta sahəsinin kompozisiyası incəsənət nöqteyi-nəzərdən orijinal olub, müxtəlif detallardan və elementlərdən ibarətdir. Xalçanın mərkəzində haşiyələrlə əhatə olunmuş böyük medalyon yerləşir. Medalyonun ortasında dördguşəli xonça əksini tapıb. "Qasımuşağı" çeşnisi əvvəlcə Laçında bərqərar olub, sonra yavaş-yavaş bütün Qarabağa yayılıb. Bu çeşni həm Laçında, həm Zəngilanda, həm də Cəbrayılda çox toxunub. Toxucu kənarlarına kəsik versə də, elementin səkkizbucaqlı olduğu aydın görünür. Təbii ki, səkkizbucaq element tam şəkildə müsəlman-türk mədəniyyətinə aiddir. Bunun ermənilərə heç bir aidiyyəti yoxdur. Xalçanın ortasındakı isə Oğuz damğasıdır. Bu damğaya "Pıtraq", "Əqrəb", yaxud da "Qarmaqlı" deyirlər.  Bu elementin türklərə aid olması isə bütün dünyada qəbul edilir. Ermənilər hər zaman Azərbaycan xalçalarını özlərininki kimi qələmə veriblər. Amma onlar simvollardan, mənşədən xəbərsizdirlər. Qoyunçuluq mədəniyyəti bizə aiddir, haylar həmişə donuz otarıblar. Nə yun tanıyıblar, nə də rəng.  "İslimi" Xalçaçılıq Mərkəzinin rəhbəri Bəhmən Hacıyev bildirib ki, Laçında xalçaçılıq qədimdən məşhur olub. Elə ona görə də burada belə mərkəz yaradılıb. Burada həm Laçın çeşniləri toxunur, həm də yerli sakinlər işlə təmin olunurlar.

İlk əl işimiz elə Laçının "Qasımuşağı" çeşniləri ilə toxunan xalça oldu. Suvenir kimi toxunan bu xalçanın ölçüləri kiçikdir. Bu, Laçın xalçalarının yenidən öz şöhrətini geri qaytarmasına bir işarədir. Eyni zamanda mərkəzdə həm kiçik, həm də böyük ölçülərdə xalçalar toxumaq mümkündür. "Qasımuşağı" çeşnilərindən başlamaqda əsas məqsədimiz odur ki, bir vaxtlar Laçında bu çeşnilər məşhur idi. İşğal dövründə ermənilər digər sənət nümunələrimizlə yanaşı, "Qasımuşağı" çeşniləri olan xalçaçılıq əl işlərini də mənimsəməyə çalışıblar. Bu çeşnilər Qarabağ xalçaçılıq məktəbinin Cəbrayıl qrupuna aiddir və Laçın inzibati ərazi vahidində yerləşən Qasım obasının, eləcə də ətraf kəndlərin adı ilə bağlıdır. Bizim də məqsədimiz bu çeşnidə olan xalçaları yenidən dünyaya tanıtmaqdır. Bəzi sənətşünaslar, xalçaçılar, həmçinin yerli əhali "Qasımuşağı" çeşniləri ilə toxunan bu xalçaya "Ağqol gəbə", "Ağqol xalça" da deyirlər.

Laçına, Zabux və Sus kəndlərinə Böyük Qayıdış uğurla davam etdirilir. İndiyədək Laçın şəhərində 433 ailə (1635 nəfər) daimi məskunlaşıb və Böyük Qayıdış proqramı çərçivəsində 439 nəfərin məşğulluğu təmin olunub. Yuxarıda qeyd etdiyimiz kimi, Laçında yeni müəssisələrin yaradılmasında innovativ texnologiyaların və avtomatlaşdırılmış istehsalat sahələrinin tətbiq olunması diqqətdə saxlanılır. Xalçaların gülü, ilmələrin sehri gələcək xoş günlərdən xəbər verir.

Salman ALIOĞLU,

"Respublika".