Hacıqəhrəmanlıda səyyar qəbul
Region

Hacıqəhrəmanlıda səyyar qəbul

Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsində vətəndaşların səyyar qəbulu keçirildi. Qəbulda şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, şəhər icra hakimiyyəti başçısının müavinləri, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Öncə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov pandemiyanın yaratdığı çətinliklərdən, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərindən, xüsusilə vaksinasiyanın uğurla həyata keçirilməsindən bəhs edib, vətəndaşların qrup və fərdi qaydada qəbulunun 2022-ci ilin mart ayından bərpa olunduğunu vurğuladı. İcra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə "Zəfər salnaməsi" kimi yazılan 44 günlük Vətən müharibəsində qazandığımız Şanlı Qələbə, eləcə də əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarının uğurlu icrası barədə ətraflı məlumat verdi.

Şuşada keçirilən tədbirlərin, festivalların əhəmiyyətindən söz açıb qalib ölkənin qalib vətəndaşı kimi hər bir azərbaycanlının qürur hissi keçirdiyini, qardaş Türkiyə xalqının daim dövlətimizin yanında olduğunu bildirdi. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən bəhs edib, 122 küçənin tam işıqlandırıldığını, ötən il 39 küçənin asfaltlandırıldığını, bu il isə 37 küçənin asfaltlanacağını diqqətə çatdırdı. Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət Parkında aparılan abadlıq-yenidənqurma işlərindən, Heydər Əliyev Fondunun I vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "IDEA" İctimai Birliyinin "Bizim həyət" layihəsi çərçivəsində regionlardan ilk dəfə şəhərimizdə yaradılan abad məhəllələrdən söz açaraq, Şəhidlər xiyabanında bərpa-yenidənqurma işlərinin aparıldığını, xiyabanadək piyadalar üçün 2,5 kilometr səki salındığını, hazırda I Qarabağ müharibəsi şəhidlərinin məzarlarının qara mərmərdən götürülməsi üçün hazırlıq işlərinin başa çatdığını bildirdi. "Azərsu" ASC-nin hazırladığı layihə əsasında şəhər ərazisində su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanıldığı qeyd olundu. Hazırda vətəndaş müraciətlərinin əksəriyyətinin yaşayış sahəsi ilə təmin olunmaq barədə olduğunu nəzərə alaraq, MİDA-ya müraciət edildiyini, bu məqsədlə torpaq sahəsinin ayrılması istiqamətində işlərə başlanıldığı bildirildi.

Millət vəkili İltizam Yusifov ölkəmizin beynəlxalq münasibətlər sistemində mühüm rol oynadığını, regionda böyük nüfuz və söz sahibi olduğunu vurğuladı. Regionlarda, o cümlədən işğaldan azad edilən ərazilərdə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərinin ölkəmizin daha da inkişafına inam yaratdığını bildirdi.

Səyyar qəbulda sakinlərin arzu və təklifləri həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılıb, həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.

T.YADULLAOĞLU,

"Respublika".