MİNGƏÇEVİR VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNƏ DİQQƏT ARTIRILIR
Region

MİNGƏÇEVİR VƏTƏNDAŞ MÜRACİƏTLƏRİNƏ DİQQƏT ARTIRILIR

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Dövlət proqramlarının qəbul olunub uğurla icra edilməsi, sosial-iqtisadi islahatların ardıcıl və qətiyyətlə davam etdirilməsi nəticəsində Azərbaycan dayanıqlı iqtisadiyyata malik bir ölkəyə çevrilmişdir. Bu isə ölkə vətəndaşlarının təhlükəsizliyinin tam təmin olunmasına, rifah halının yüksəlməsinə, sabitlik və əmin-amanlıq şəraitində yaşamasına zəmin yaratmışdır.

Dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq vətəndaşlarla görüşmək, onların müraciətlərini dinləmək, problemlərinin vaxtında həll olunması üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər sakinləri ilə görüşləri mütəmadi xarakter daşıyır.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 7 nömrəli tam orta məktəbin akt zalında oldu. Şəhərin müxtəlif küçə və məhəllələrindən gələn sakinlərin, idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirak etdiyi görüşü açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ölkə Prezidenti İlham Əliyevin imzaladığı müvafiq fərmanlarına əsasən 19 ildən bəri regionlarda həyata keçirilən abadlıq-quruculuq işlərindən, əsaslı tikintinin sürətlənməsindən, yeni infrastruktur layihələrin həyata keçirilməsindən ətraflı söhbət açdı.

Çıxış edən şəhər sakinlərindən Mustafa Muradov, Qismət Əlizadə, Məmməd Qasımov, Əbülfət Əliyev, Muxtar Əhmədov, Arif Tağıyev, Marina Lastenka, Sevil Cəfərova, Məcid Allahverdiyev dövlət başçısının göstərdiyi diqqət və qayğını, Mingəçevir şəhərində həyata keçirilən quruculuq işlərini təqdir edərək minnətdarlıqlarını ifadə etdilər.

Görüşə yekun vuran Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərin həllinin diqqətdə saxlanılacağını bildirərək müvafiq təşkilat rəhbərlərinə tapşırıqlarını verdi.

Zabit XƏLİLOV,

"Respublika".