Erməni rəsmisinin
Siyasət

Erməni rəsmisinin "cahil cəsarəti"

"Onu da xatırlamaq lazımdır ki, KTMT hərbi-siyasi ittifaqdır və dediyim kimi, məqsədi üzv dövlətlərin sərhədlərini qorumaqdır. Düzgün reaksiyanın olmaması Ermənistan cəmiyyətində suallar doğurdu və biz işləməyən mexanizmin bir hissəsi olmaq istəmirik". Bunu "Əl-Cəzirə" televiziya kanalına verdiyi müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib, bunula erməni rəsmisi sözün əsl mənasında KTMT-dən beynəlxalq aləmə şikayət edib.

"Biz KTMT-nin üzvüyük. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı üzv dövlətlərin, o cümlədən Ermənistanın suveren ərazilərini və sərhədlərini qorumalıdır. Lakin biz təşkilatdan lazımi tədbirlər görmədik", - deyən erməni nazir əlavə edib ki, ölkəsinin çağırışlarına düzgün reaksiya verilməməsi cəmiyyətdə KTMT ilə bağlı bir sıra suallar doğurub.

Qərb qonşumuz indiyə qədər Moskvanı və KTMT-ni Ermənistanın Azərbaycanla sərhədlərinin təhlükəsizliyini təmin etməməkdə də ittiham edib. Bütün bu iddialar qarşısında Putin administrasiyası isə təhlükəsizlik üzrə qarşılıqlı öhdəliyə sadiq olduqlarını, lakin Paşinyan hökumətinin tələblərinin yerinə yetirilməməsini Ermənistan-Azərbaycan sərhədlərinin müəyyənləşməməsi ilə izah edib. Bununla yanaşı, hayların dəqiq mövqe göstərməmələri, Qərb qüvvələrinin təlimatları ilə addım atmaları, nəticədə şərti sərhəddə problemlər yaratması KTMT-yə üzv dövlətləri narahat edir. Həmçinin təşkilat Azərbaycanla razılaşdırılmış sərhəddə müşahidəçi yerləşdirməyə hazır olduğunu bəyan edir. Son günlər anklav və anklav olmayan kəndlərlə bağlı davam edən danışıqların ilkin nəticəsi olaraq Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması sərhədin haradan keçdiyini göstərəcək.

Ararat Mirzoyan müsahibəsində KTMT-nin öz işini düzgün yerinə yetirməsə də Ermənistanın onlara sadiq qalıb üzvlükdən çıxmamasını vurğulaması da başqa məsələdir. Görünən odur ki, Paşinyan administrasiyası hazırda açıq-aydın KTMT-ni boykot yolunu tutub. Ermənistan nümayəndələri qurumun son vaxtlar keçirilmiş yüksək səviyyəli toplantılarına qatılmır, qəbul edilən qərarları məsxərəyə çevirirlər. Mirzoyanın bu çıxışı isə KTMT məsələsinə yenidən diqqət çəkmək üçün atılmış addımdır. Bir daha özlərinə əlavə dividend qazandırdılar ki, ölkəsinə "heç bir faydası" dəyməyən qurumdan uzaqlaşmağın tam vaxtıdır. Ermənistan hər bəhanə ilə Rusiyanı sözün əsl mənasında "qovmağa" çalışır. Paşinyanın martda KTMT-dəki üzvlüyünü dondurduqlarını açıqlamasından sonra Mirzoyanın dilə gətirdikləri bu məqsədə doğru əməli fəaliyyətə keçməyin təsdiqidir. Ermənistanın Rusiya orbitindən çıxma xəyalları heç də asanlıqla həyata keçməyəcək. Çünki Ermənistanın özbaşına KTMT-də fəaliyyəti dondurduğuna dair bəyanatı alyansın nizamnaməsinə ziddir. Bundan başqa, təşkilatdan çıxmaq məsələsi təkcə rəsmi İrəvanın qərarı ilə həll olunmur. Müvafiq nizamnaməyə əsasən, üzv dövlətin təşkilatdan çıxmasının hüquqi prosedurları yerinə yetirilməlidir. Həmçinin buraya dövlətin çıxma, çıxarılma və ya fəaliyyətin dayandırılması kimi maddələr də daxildir. Nizamnaməyə görə, hər bir ölkə üzvlükdən çıxa bilər, lakin üzv dövlət çıxmaqla bağlı ən azı altı ay əvvəl bildiriş göndərməlidir. Bundan sonra KTMT-nin ali orqanı olan Şurada səsvermə baş tutur. Burada üzvlükdən çıxmaq istəyən ölkənin səsi nəzərə alınmır.

Ermənistan təşkilatı tərk etməzdən öncə bir sıra hüquqi-normativ aktlara, həmçinin hərbi doktrina və milli təhlükəsizlik strategiyasına dəyişiklik etməlidir. Lakin bununla da məsələ bitmir. Paşinyan Ermənistana bloklara qoşulmayan neytral dövlət statusu qazanmalı və milli təhlükəsizliyinin hüquqi bazasını formalaşdırmalıdır. Yəni sözün əsl mənasında Ermənistanın üzvlükdən çıxması Şuranın və orada təmsil olunan ölkələrin əlindədir və təşkilatdan çıxıb-çıxmamasını onlar müəyyənləşdirir. Belə olduğu təqdirdə Qərb qonşumuz məcburən KTMT-də qalmalıdır.

Töhfə SƏMƏDOVA,

"Respublika".