Qırğızıstan nümayəndə heyəti Ermənistanın törətdiyi vandalizm aktları barədə məlumatlandırılıb
Region

Qırğızıstan nümayəndə heyəti Ermənistanın törətdiyi vandalizm aktları barədə məlumatlandırılıb

Füzulidə

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakievin rəhbərlik etdiyi nümayəndə heyəti Füzuli rayonunda erməni vandalizminin izləri və işğaldan azad edilən ərazilərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyətini Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşı Eldar Seyidov və digər şəxslər qarşılayıblar.

Nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub. Qonaqlar sonra Füzuli şəhərinə gəliblər. Onlar 30 illik işğal zamanı Ermənistanın Füzuli rayonunun ərazisində törətdiyi dağıntılar, vandalizm aktları barədə məlumatlandırılıblar. Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi, Füzuli şəhərini də talayıb və Yer üzündən siliblər. Bütün evlər, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Həmçinin qonaqlara işğaldan azad edilən Füzuli şəhərində Baş plana uyğun olaraq həyata keçirilən və görüləcək işlər barə*də məlumat verilib. İşğaldan azad olunan ərazilərdə görülən genişmiqyaslı bərpa-quruculuq işləri çərçivəsində Füzuli şəhərində ilk yaşayış məhəlləsinin inşasının yekunlaşdığı və keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışının başlandığı bildirilib.

Qonaqları Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər müşayiət ediblər.  

Şuşada

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakievin rəhbərlik etdiyi nümayəndə heyəti Şuşada olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qonaqları Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi Nümayəndəliyinin əməkdaşları qarşılayıblar.

Qonaqlar şəhərin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar.

Şəhərlə tanışlıq zamanı Şuşanın tarixi, işğal dövründəki vəziyyəti haqda danışılıb. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib və infrastrukturun qurulması ilə yanaşı, tarixi və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Nümayəndə heyəti sonra qala divarları, Yuxarı Gövhər Ağa məscidi ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar buradan gözəl təbiət mənzərəsini seyr ediblər.

Qonaqları Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər müşayiət ediblər.