Özünüməşğulluq Proqramı uğurla icra olunur
Region

Özünüməşğulluq Proqramı uğurla icra olunur

Son illər ölkəmizdə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi ilə bərabər onların məşğulluğunun təmin olunması, aktiv əməyə cəlb edilməsinə xüsusi diqqət yetirilir.

Əhalinin məşğulluğunun artırılması, yaşayış səviyyəsinin yüksəldilməsi həm də vətəndaşların ünvanlı dövlət sosial yardımından asılılığının aradan qaldırılması deməkdir. Hazırda Proqramın icrası sürətlə davam edir. Proqram çərçivəsində aktivlərlə təmin olunmuş vətəndaşlar ailə təsərrüfatlarını və kiçik bizneslərini qururlar. Dövlət Proqramı Quba-Xaçmaz bölgəsində də uğurla icra olunur. Təkcə bu il regionda özünüməşğulluq tədbirləri çərçivəsində xeyli iş görülmüşdür. Bu barədə Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq Filialının müdiri Ramal Quluzadə ətraflı məlumat verərək deyir: Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarını əhatə edən Regional Məşğulluq Filialının əsas fəaliyyət istiqamətlərini işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi, o cümlədən bu istiqamətdə aktiv məşğulluq tədbirlərinin, sosial tərəfdaşlarla işin təşkili, aidiyyəti dövlət orqanları ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması, maarifləndirmə, məlumatlandırma və təbliğat işləri təşkil edir.

Filial ümumilikdə 24 fəaliyyət istiqaməti üzrə 17 xidmət həyata keçirir. 2022-ci ildə mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və məşğulluq" altsistemində 4 mindən çox işsiz və işaxtaran filialın qeydiyyata alınma, 3335 nəfər isə filialın işədüzəltmə xidmətindən yararlanaraq işlə təmin olunmuşdur. Vətən müharibəsindən sonrakı dövr ərzində Dövlət Məşğulluq Agentliyinin çağırışı əsasında başlanan "Məşğulluq marafonu" layihəsi çərçivəsində filialın xidmət sahəsinə aid olan rayonlarda 36 işəgötürənin dəstək verməsi nəticəsində 104 nəfər işlə təmin edilmişdir ki, onlardan 28 nəfəri şəhid ailəsinin üzvü və ya yaxın qohumu, 33 nəfəri müharibədə yaralanmış və ya xəsarət almış şəxs, 43 nəfəri isə müharibə iştirakçısı olmuşdur.

Bundan əlavə, ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerlərində haqqı ödənilən ictimai işlərdə region üzrə 43 nəfər şəhid ailəsinin üzvü və yaxın qohumları, 32 nəfəri müharibə iştirakçısı, 20 nəfər əlilliyi olan şəxs və müharibədə yaralanmış şəxsin məşğulluğu təmin edilmişdir.

Aktiv məşğulluq tədbirlərindən olan Özünüməşğulluq Proqramı çərçivəsində Dövlət Məşğullluq Agentliyi tərəfindən regionun əmək bazarının təhlili əsasında cari il üçün özünüməşğulluğa cəlb ediləcək şəxslərin sayı və özünüməşğulluq istiqamətləri müəyyən edilərək kənd təsərrüfatı üzrə 1448 işsiz və işaxtaran vətəndaşın özünüməşğulluğunun təşkili üçün şəraiti yoxlanılmış, ilkin monitorinqi həyata keçirilmişdir. Monitorinq nəticəsində 911 nəfərin özünüməşğulluğunun təşkili şəraiti məqbul hesab edilmişdir. Kənd təsərrüfatı üzrə təlimə cəlb edilənlərdən 798 nəfər qiymətləndirmədə öz biznes ideyalarını uğurla müdafiə etmişdir. Onlardan 585 nəfəri müdafiə etdikləri biznes ideyaları üzrə artıq aktivlərlə təmin olunmuşdur. Region üzrə ümumilikdə, il ərzində aktivlərlə təmin olunanların sayı 831 nəfər olmuşdur. Qeyd edək ki, proqram üzrə müraciətlərin 70 faizindən çoxu kənd təsərrüfatına aiddir. Bu sahənin rentabelliyi, regionun zəngin torpaq-iqlim şəraitinə malik olması öz bizneslərinə başlayan insanlar üçün geniş imkanlar yaratmışdır.

Vətən müharibəsində iştirak edən şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə müharibədən sonrakı dövr ərzində region üzrə 170 nəfər şəhid ailəsinin üzvü, 421 nəfər müharibədə yaralanmış şəxs və müharibə iştirakçısı Özünüməşğulluq Proqramı çərçivəsində aktivlərlə təmin edilmişdir.

İşaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun olaraq təhsil müəssisələrində ixtisasa (peşəyə) və ya yeni ixtisasa (peşəyə) yiyələnməsinin təmin edilməsi məqsədilə filial tərəfindən 176 nəfər işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan 132 nəfərə peşə hazırlığına cəlb edilməsi üçün Bakı Peşə Hazırlığı Mərkəzinə, 44 nəfərə isə adambaşına maliyyələşmə prinsipi əsasında müxtəlif peşə hazırlığı kurslarına göndəriş verilmişdir. Cəlb olunanlardan 50 nəfər bağban, 8 ofisiant, 11 xalçaçı, 15 xadimə, adambaşına maliyyələşmə üzrə isə 8 nəfər bitirdiyi peşə kursu üzrə işlə təmin edilmişdir.

Son zamanlar əhatə dairəsi genişlənməkdə olan aktiv məşğulluq tədbirlərindən "Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilməsi" Proqramına filialın əhatə etdiyi inzibati rayonlar üzrə 13 işəgötürən qoşulmuşdur. Təşkilati-hüquqi formasına görə onlardan 8-i hüquqi, 5-i fiziki şəxsdir. Proqram çərçivəsində əlilliyi olan şəxslərə, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, şəhid ailəsinin üzvlərinə, gənclərə, cəzaçəkmə yerlərindən azad edilmiş şəxslərə və 1 ildən artıq işsiz kimi qeydiyyatda olan şəxslərə üstünlük verilməklə təqdim edilən 44 vakansiyadan 33-ü tutulmuşdur.

İşsiz şəxslərin, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin müvəqqəti məşğulluğun təmin edilməsi məqsədilə ilkin peşə hazırlığının olmasını tələb etməyən ictimai faydalı xarakter daşıyan iş yerləri - haqqı ödənilən ictimai işlər regionda işsizliyin azalmasına dəstək olmuşdur. Bu aktiv məşğulluq tədbiri çərçivəsində Filial üzrə 2022-ci ildə 110 nəfəri Quba, 112 nəfəri Qusar, 132 nəfəri Xaçmaz, 78 nəfəri Şabran, 52 nəfəri Siyəzən rayon sakini olmaqla 484 nəfər işsiz və işaxtaran şəxsin müvəqqəti məşğulluğu təmin edilmişdir. Onlardan 43 nəfəri şəhid ailəsinin üzvü və ya yaxın qohumları, 32 nəfəri müharibə iştirakısı, 16 nəfəri əlilliyi olan, 4 nəfəri müharibədə yaralanmış, 3 nəfəri cəzaçəkmə yerlərindən azad edilmiş şəxs olmuşdur.

Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə tətbiq edilmiş kvota üzrə işədüzələn 60 nəfərdən 26 nəfəri əlilliyi olan, 22 nəfəri 20 yaşadək gənclər, 6 nəfəri müharibə veteranı, 4 nəfəri məcburi köçkün, 2 nəfəri pensiya yaşına iki ildən az qalmış şəxslər olmuşdur.

Cari ildə filial tərəfindən 5 rayonda 12 Əmək yarmarkası və Açıq qapı tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər zamanı işəgötürənlər tərəfindən 2198 vakansiya təqdim edilmiş, 2599 nəfərə yaxın işsiz və işaxtaran şəxsin işəgötürənə birbaşa müraciət etmək imkanı yaradılmışdır.

Quba-Xaçmaz Regional Məşğulluq Filialı olaraq Şimal Regionunda işsizliyin aradan qaldırılması, işsiz şəxslərin peşə hazırlığı, Özünüməşğulluq Proqramının əhatə dairəsinin genişləndirilməsi sahəsində fəaliyyətimizi durmadan inkişaf etdirməyi hədəfləyirik.

Ziyafəddin BAYRAMOV.