Poeziyamızda öz dəst-xətti, müasirlik ruhu ilə seçilən şair
Mədəniyyət

Poeziyamızda öz dəst-xətti, müasirlik ruhu ilə seçilən şair

Sənə Qarabağ dedilər,

Bəlkə "qara bax!" dedilər,

dağlarında

yaylayan qarına görə

Bəlkə "Qara bağ" dedilər,

kölgəli bulaqlarına görə.

Bu gün bu dəyərli misraların müəllifi, çağdaş şeirimizdə tamamilə yeni bir yol açmış və bu yolla ömrünün sonuna qədər ardıcıl addımlamış şair Rəsul Rzanın anadan olmasının 114-cü ildönümüdür. Rəsul İbrahim oğlu Rza 1910-cu il mayın 19-da Göyçay şəhərində doğulub. Atası kənddə mirzəlik edib və xırdavatçılıqla məşğul olub. Poetik istedada malik olan anası Məryəm xanım öz şeirlərini əzbər yadda saxlayırmış. Atasını erkən yaşda itirən şair daha sonra öz tərcümeyi-halında yazırdı ki, onun ata evinə qəzet və jurnallar gələrdi, "Molla Nəsrəddin", rus dilində çıxan "Niva", "Probujdeniye" nəşrlərini alırdı. Rzanın mənəvi tərbiyəsində bütün bu faktorların da böyük rolu olub. 1930-cu ildə Bakıya köçən gənc Rza bu zaman bədii yaradıcılıqla yanaşı, təhsilini də davam etdirib. Tiflisdəki Zaqafqaziya Kommunist Universiteti, Azərbaycan Tibb İnstitutu, Moskva Millətlər İnstitutu, Ümumittifaq Kino Akademiyasında təhsil alıb.

XX illərin sonu, Rəsul Rzanın sənət aləminə qədəm basdığı illər yeni şeirin intibah dövrü idi. Oxucuların rəğbətini qazanan şeirləri  "Qadınlar", "Çinar", "Almaniya", "Madrid", "İnqaleyso"  artıq 1927-ci ildən çap olunmağa başlamışdı. İlk şeirlərindən müasirlik ruhu ilə seçilən lirik şair kimi diqqəti cəlb etmişdi. 1941-1945-ci illərdə sovet-alman müharibəsinə qarşı şeirləri və hekayələri gün üzü gördü. Şairin 50-ci illərdə yaradıcılığında rəngarəng fəlsəfi motivlər  daha çox nəzərə çarpırdı. 1961-ci ildə Nəriman Nərimanova həsr etdiyi "Xalq həkimi" poemasını, 70-ci illərdə "Dünən, bu gün və sabah", "1418", "Üzü küləyə" poemalarını yazdı. 1960-cı illərdə isə  fəlsəfi lirikası bir silsilə təsiri bağışlayırdı. Belə ki, bu şeirlər bir-biri ilə bağlı olduğu kimi, həm də bir vəhdət təşkil edirdi. Şeirləri dövrünün mətbuat səhifələrində, fəhlə yığıncaqları tribunalarında, kəndlərdə keçirilən yığıncaqlarda zəhmətkeşləri yenilik uğrunda mübarizəyə səsləyir, sadəliyi və səmimiliyi ilə milyonların qəlbinə yol tapırdı.

Şairin əsərlərinin mövzu dairəsi çox genişdir. Bəşəriyyəti narahat edən elə bir ciddi problem yoxdur ki, bu görkəmli sənətkarın əsərlərində öz əksini tapmasın. Elə buna görə də tərcüməçilər onun əsərlərinə dönə-dönə müraciət etmiş və şairin şeirləri SSRİ, eləcə də bir çox dünya xalqlarının dillərinə tərcümə olunmuşdur.  Şairin "Bir gün də insan ömrüdür", "Füzuli", "Qızılgül olmayaydı", "Xalq həkimi", "Xalq şairi", "1418" və s. əsərləri Azərbaycan sovet poeziyasının ən gözəl nümunələridir. Lakin bunların içində "Qızılgül olmayaydı"nın yeri bir başqadır.  Sözügedən poema  Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmışdır. Əsas mövzusu Müşfiqin həyatı və taleyi olsa da Rəsul Rza öz qəhrəmanının timsalında 30-cu illər cəmiyyətinin faciəsini, sovet rejiminin antihumanist mahiyyətini açıb göstərmişdir. Sənətkar M.Müşfiqlə "Gənc işçi" qəzetinin redaksiyasındakı ilk görüşlərini, ilk tanışlıqlarını təsvir edir. Müəllif, Müşfiqlə birlikdə pəncərəsi döşəmədən bircə qarış yuxarı olan mənzillərində Lermontovun "Demon" poemasının tərcüməsi üzərində necə işlədiklərini, Müşfiqin əlini sinəsinə qoyub şeir söyləməsini elə şirin bir dillə çatdırır ki, oxucunun gözü önündən M.Müşfiqin canlı və real obrazı gəlib keçir...

Rəsul Rzanın poeziyasında xalqın azadlığı və səadəti yolunda fədakar mübarizə aparmış qəhrəmanların - Babəkin, Füzulinin, Nəsiminin, Sabirin, Nəriman Nərimanovun, Mikayıl Müşfiqin obrazları yaradılmışdır. XX əsrin 50-ci illərinin mədəniyyət xadimləri, şair və yazıçılar xarici mühitlə əlaqə saxlamağa başladılar. Sənətkar da bu imkandan yararlanıb və beynəlxalq mövzuya müraciət edərək "Həbəşistan", "İki dünya", "Madrid", "Azadlıq heykəli", "Haqqın səsi" şeirlərini, "Almaniya" poemasını yazdı. Poetik ruhlu bu əsərlər şairin yaradıcılığında xüsusi mərhələni təşkil edir.

Yaradıcılığa "Qızıl gül olmayaydı" poeması ilə başlayan şairin yeni bir mərhələnin davamı olaraq şeirləri xüsusi vurğulamaq lazımdır. "Şəttülərəb", "Əlcəzair meydanında", "Açın qapıları - insan gəlir", "Hələ bu harasıdır" adlı bu şeirlər sanki şairin öncədən uğur qazanacağından xəbər verirdi. 1957-ci ildə bir sıra Avropa ölkələrinə səfər etmiş və "Zəfər ilahəsi", "Miloslu qız" kimi Fransa həyatına həsr edilmiş şeirlər yazmışdır. Bu şeirlərdə şair sovet sisteminin müstəmləkəçi siyasətini xarici mühitə köçürməklə ifadə etmişdir. Rəsul Rza sözü yerində və fikir elementi kimi işlədir, eyni zamanda misra və bəndlərin məna dəyərini və tutumunu gücləndirirdi.

Görkəmli sənətkar Bakı kinostudiyasında ssenari şöbəsinin rəisi  vəzifəsində (1937-1938) çalışdığı illərdə sübut etdi ki, poeziya həmçinin kino, musiqi, rəssamlıq deməkdir. Azərbaycan Dövlət Filarmoniyasının müdiri, Yazıçılar İttifaqının sədri olduğu vaxtlar da demək olar ki, eyni dövrə təsadüf etdi. Kino vasitəsilə bütün bu sahələri sanki birləşdirirdi. Sonralar Bakı kinostudiyasının müdiri (1942-1944), Kinematoqrafiya idarəsində rəis (1944-1946), Azərbaycan SSR kinematoqrafiya naziri (1946-1949) də oldu. Rəsul Rzanın kinostudiyaya rəhbərlik etməsi milli kinomuzun inkişafında xeyli rol oynayıb. O dövrün kinostudiyasında müəyyən texniki çatışmazlıqlar vardı. Lakin R.Rzanın rəhbərliyi altında uğurlar əldə edildi. Ən azından "Arşın mal alan" filminin onun rəhbərliyi dövründə çəkilməsi deyilənləri bir daha sübut edir. Rəsul Rza kinematoqrafiya sahəsində, ilk növbədə, ssenari yoxluğunun aradan qaldırılması və ssenarilərin keyfiyyətlə hazırlanıb istehsala buraxılmasında, müharibədən sonrakı film qıtlığı dövründə kino istehsalının qaydaya salınmasında böyük zəhmət çəkdi. 

Xalq şairi Sosialist Əməyi Qəhrəmanı (1980), 3-cü dərəcəli "Stalin" mükafatı (1951), "Lenin" ordeni (1946, 1970, 1980), "Şərəf nişanı" ordeni (1938) və çoxlu sayda medallarla təltif olunub. 2020-ci ildə Azərbaycan Respublikasının bütün mədəniyyət və təhsil ocaqlarında, kitabxanalarda, məktəblərdə, lisey və gimnaziyalarda, muzeylərdə və s. Rəsul Rzanın 110 illik yubileyi yüksək səviyyədə qeyd edilib. Əsərləri ilə həmişə müasir olan görkəmli sənətkar 1981-ci il aprelin 1-də dünyasını dəyişib, Fəxri xiyabanda dəfn olunub. Qeyd edək ki, Bakı küçələrindən biri onun adını daşıyır.

Röya RÜSTƏMLİ,

"Respublika".