“Öz gözündə çöpü görməyən” Fransa
Dünya xəbərləri

“Öz gözündə çöpü görməyən” Fransa

Azərbaycan xarici siyasətinin əsas istiqamətlərindən biri ölkənin dünya miqyasında daha yaxşı tanıdılmasıdır. Ölkənin təbii sərvətləri, əhali potensialı, geosiyasi mövqeyi, mədəniyyəti, incəsənəti və musiqisi geniş təbliğ olunur. Bu günədək ölkəmiz yüzlərlə beynəlxalq konfrans və irimiqyaslı tədbirlərin təşkilinə nail olub və bunun nəticəsində beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınıb. Hazırda bütün dünyada iqlim dəyişmələrinin, qlobal istiləşmənin, ekologiyanın xeyli dərəcədə çirklənməsinin qarşısını almaq məqsədilə bütün dünyada beynəlxalq təşkilatlar öz səylərini gücləndiriblər. Azərbaycan da bu çağırışa qoşulan ölkələr arasındadır. 
Ölkəmiz cari il dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi edir. Sözsüz ki, bu həm dövlət başçısının siyasi qələbəsi, həm də ölkəmizə qarşı qərəzli kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır. Dünyada liderlik nüfuzu güclənən ölkəmiz beynəlxalq ictimaiyyətin gözündə təkcə neft və qaz ölkəsi kimi deyil, həm də mötəbər konfransların, yarışların keçirildiyi bir məkan kimi canlanır.
Belə olduğu təqdirdə, Qərb özünə yaraşan şəkildə addımlar atmağa başladı. Beynəlxalq ictimaiyyətin ölkəmizə etimad göstərməsi anti-Azərbaycan qüvvələrini və Fransa kimi ermənipərəst ölkələri qıcıqlandırdı. Məhz bu səbəbdən Paris Şəhər Şurası mayın 24-ü Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyini boykot etmək barədə qərar imzaladı.
Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən 16 aprel tarixli açıqlamasında da bu istiqamətdə çağırışlar var idi. Avropa və xarici işlər naziri Stefan Sejurnenin verdiyi açıqlamada COP29 sədrliyini hədəfə almışdı. Özünü ədalət təmsilçisi adlandıran Fransanın bu addımları ölkəmizə qarşı bariz qərəzin göstəricisidir. Lakin Fransa anlamalıdır ki, tədbiri boykot etmək heç bir reallığı dəyişməyəcək. Bütün dünyaya məlumdur ki, bu ölkə öz daxili problemlərində digər dövlətləri günahlandırır və öz müstəmləkəçi siyasətini davam etdirərək keçmiş müstəmləkələrində insan hüquqlarını kobud şəkildə pozur. 
Ölkəmizin COP29 beynəlxalq konfransına ev sahibliyi etməsi xalqımızın növbəti böyük uğuru olmaqla yanaşı, həm də malik olduğumuz potensialı bütün dünyaya göstərmək baxımından da önəmlidir.
Tacir SADIQOV,
“Respublika”.