DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: RUSİYA-UKRAYNA DİALOQUNU YENİDƏN BƏRPA ETMƏYƏ HAZIRIQ

Türkiyənin Rusiya və Ukrayna arasında iki il öncə dialoq qurmaq cəhdləri adekvat dəstəyin olmaması səbəbindən reallaşmayıb. “Sputnik” informasiya agentliyinin xəbərinə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Dövlət başçısı qeyd edib ki, 2022-ci ildə sülhə nail olmaq ümidləri yeni səviyyəyə çatmışdı, çünki İstanbul sülh prosesinə start verilmişdi. “Lakin təəssüf ki, lazımi dəstəyin olmaması səbəbindən səylərimiz boşa çıxdı”.

Ərdoğanın sözlərinə görə, Türkiyənin bütün təşəbbüsləri əslində sabotaj olunub. Suriya, Yəmən, Liviya və Ukraynadakı mövcud böhranlar beynəlxalq sistemin tamamilə səmərəsiz olduğunu göstərib.

Türkiyə prezidenti bəyan edib ki, Rusiya və Ukraynaya yenidən danışıqlar üçün yer verməyə hazırdır. Eyni zamanda, Türkiyə lideri qeyd edib ki, bu cür danışıqların uğuru hər zaman hər iki tərəfin maraqlarından asılıdır. Ərdoğanın fikrincə, Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll edilməlidir və nə olursa-olsun bu, vasitədən imtina edilməməlidir.

ABŞ AVİA ZƏRBƏLƏRƏ GÖRƏ İRAQDAN ÜZR İSTƏYİB

ABŞ ötən ay İraqa aviazərbələr endirdiyinə görə bu ölkədən üzr istəyib. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə İraqın xarici işlər naziri Fuad Hüseyn Antalya Diplomatik Forumunda bildirib.

XİN başçısının sözlərinə görə, ABŞ fevralın 3-də İraqa aviazərbələr endirəcəyi barədə ölkə rəhbərliyini əvvəlcədən məlumatlandırmayıb və ABŞ nümayəndəsi buna görə üzrxahlıq edib.

Xatırladaq ki, bu il fevralın 3-də ABŞ Mərkəzi Komandanlığı İraq və Suriyada iranyönlü qruplara aviazərbələrin endirilməsini təsdiqləyib.

“ABŞ İraq və Suriyada 85-dən çox hədəfi vurub və 125-dən çox dəqiq idarə olunan hərbi sursatdan istifadə edib”, - deyə məlumatda qeyd edilib.

İraq hökuməti ABŞ ordusunun ölkənin sərhəd rayonlarına endirdiyi zərbələr nəticəsində 16 nəfərin həlak olduğunu açıqlayıb.

RİŞİ SUNAK BRİTANİYA DEMOKRATİYASINI GÖZLƏYƏN TƏHLÜKƏYƏ DİQQƏT ÇƏKİB

“Ekstremistlər ölkənin demokratik quruluşunu özlərinə hədəf seçiblər”. “Report” agentliyinin xəbərinə görə, bunu Böyük Britaniyanın baş naziri Rişi Sunak xalqa müraciətində bəyan edib.

“Biz ekstremistlər və cinayətkarlar tərəfindən sabitliyin pozulmasının şokedici artımını müşahidə edirik. Küçələrimizdə etirazlar kimi başlayan hadisələr hədə-qorxu, təhdid və planlaşdırılan zorakılıq aktlarına çevrildi”, - deyə baş nazir vurğulayıb.

Eyni zamanda, Rişi Sunakın sözlərinə görə, yəhudi uşaqlar və müsəlman qadınlara hücum və təhdidlər edilir.

“Siz mülki şəxslərin həyatının qorunmasını tələb edə bilərsiniz, lakin zorakı cihada çağıra bilməzsiniz. HƏMAS kimi qadağan olunmuş terror qruplaşmalarını dəstəkləməyə haqq qazandırmaq üçün heç bir səbəb yoxdur”, - deyə siyasətçi vurğulayıb.

Vəziyyətin hökumətdən radikallaşmaya qarşı mübarizə siyasətini sərtləşdirməsini tələb etdiyini deyən baş nazir “Prevent” proqramına və polisə dəstəyin artdığını, həmçinin tələbələr və mühacirlər arasında ekstremizmə qarşı mübarizəni genişləndirdiyini açıqlayıb.

MEKSİKADA PREZİDENTLİYƏ NAMİZƏD VƏDİNİ QANI İLƏ “MÖHÜRLƏYİB”

Meksikanın sağ mərkəzçi “Meksika üçün Güc və Ürək” alyansından prezidentliyə namizəd Soçitl Qalves dövlət başçısı seçiləcəyi təqdirdə pensiya yaşını 65-dən 60-a endirəcəyinə və sosial proqramları saxlayacağına söz verib. “Trend” agentliyinin xəbərinə görə, siyasətçi bu vədini seçkiqabağı mitinqdə səsləndirib.

Prezidentliyə namizəd vədinin yer aldığı sənədi notariusun iştirakı ilə imzaladıqdan sonra sol şəhadət barmağını cızaraq onu qanlı izlə möhürləyib. “Vədlərim qanımla möhürlənib”, - deyə qadın siyasətçi imzaladığı sənədi tərəfdarları qarşısında nümayiş etdirib.

Xatırladaq ki, Meksikada prezident seçkiləri iyunun 2-nə təyin olunub. 2018-2023-cü illərdə hökumətə başçılıq edən Klaudiya Şeynbaum hakim sol mərkəzçi “Milli Yeniləşmə Hərəkatı”nın namizədidir. Onun əsas rəqibi “Meksika üçün Güc və Ürək” adlı sağ mərkəzçi müxalifət alyansını təmsil edən senator Soçitl Qalvesdir.

Məlumat üçün qeyd edək ki, hazırkı prezident Andres Manuel Lopes Obrador konstitusiyada yenidən seçilmək nəzərdə tutulmadığı üçün namizədliyini irəli sürməyəcək.

COZEF BAYDEN HƏTTA ŞƏXSİ GÖRÜŞLƏRDƏ BELƏ QEYDLƏRDƏN İSTİFADƏ EDİR

ABŞ prezidenti Cozef Bayden hətta kiçik qruplarla şəxsi görüşlər zamanı qeydlərdən istifadə edir. Bu sözləri ABŞ Konqresinin Nümayəndələr Palatasının keçmiş spikeri Kevin Makkarti “Fox Business” telekanalına müsahibəsində bildirib.

Keçmiş spikerin sözlərinə görə, qeydlər Baydenin iştirak etdiyi bütün danışıqların tərkib hissəsidir: “O, qeydlərdə yazılan mətndən kənara çıxa bilmir. Əks halda, prezident, sadəcə olaraq, söhbəti davam etdirə bilməyəcək”.

Bununla yanaşı, Kevin MakKarti əlavə edib ki, keçmişinə görə Cozef Baydenə hörmət edir. Lakin hazırda o, ən yüksək dövlət postunda işləməkdən imtina etməlidir.

Bir müddət öncə bildirilib ki, Amerika lideri bəzi prezidentlərin adlarını qeydlərə baxmadan tələffüz belə edə bilmir. Məsələn, Bayden Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanı qeydlərin köməyi olmadan salamlaya bilməz.

YAPONİYADA 750 MİLYARD DOLLARLIQ BÜDCƏ LAYİHƏSİ TƏSDİQLƏNİB

Yaponiya parlamentinin Aşağı Palatasının Büdcə Komissiyası hökumətin 2024-cü maliyyə ili üçün təklif etdiyi büdcəni 112,57 trilyon yen (təxminən 750 milyard dollar) xərclə təsdiqləyib. Bu barədə “TASS” agentliyinin xəbərində qeyd olunur.

Məlumata görə, büdcənin xərclər hissəsinin həcmi son 12 ildə ilk dəfə kiçildilib, buna baxmayaraq, həcminə görə o, yalnız 2023-cü ilin rekord büdcəsindən geri qalır.

Eyni zamanda, 2024-cü ilin layihəsi müdafiə xərclərinin təxminən 7,94 trilyon yenə (53,8 milyard dollar) qədər artırılmasını nəzərdə tutur. Bu da ötən illə müqayisədə 16,5 faiz çoxdur.

Yaponiya Konstitusiyasına əsasən, qanun aşağı palatada təsdiq edildikdən sonra baxılması üçün veriləcək yuxarı palatada səsvermənin nəticəsindən asılı olmayaraq 30 gün ərzində qüvvəyə minəcək.

İLON MASK “OPENAI” ŞİRKƏTİNİ MƏHKƏMƏYƏ VERİB

İlon Mask “OpenAI” şirkətini və onun baş direktoru Sem Altmanı məhkəməyə verərək, onların süni intellekt startapının təsis razılaşmasını pozduqlarını, həmçinin qazanclarını bəşəriyyətin mənafeyindən üstün tutduqlarını iddia edib. “Report” agentliyinin xəbərinə görə, 2015-ci ildə “OpenAI” şirkətinin həmtəsisçisi olan İlon Mask 2018-ci ildə - süni intellektin “nüvə silahından daha təhlükəli olduğunu” bildirdikdən dörd il sonra şirkətin Direktorlar Şurasından çıxıb.

“Bu günə qədər “OpenAI, Inc.”in saytında onun nizamnaməsinin ümumi süni intellektin bütün bəşəriyyət üçün faydalarını təmin etməkdən ibarət olduğunu iddia etməkdədirlər. Lakin, əslində, “OpenAI, Inc.” dünyanın ən böyük texnologiya şirkəti olan “Microsoft”un qapalı törəmə müəssisəsinə çevrilib”, - deyə iş adamı vurğulayıb.

İlon Maskın vəkilləri iddianamədə “OpenAI”nin “Microsoft” üçün maksimum mənfəət əldə olunması hədəfinin bu razılaşmanı pozduğunu bildirirlər.

Məlumat üçün qeyd edək ki, bu məhkəmə prosesinin nəticəsi süni intellekt texnologiyalarının gələcək inkişaf istiqamətinə və onların tətbiqinə əhəmiyyətli təsir göstərə bilər.

Hazırladı: Vamiq ABBASOV,

"Respublika".