DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

BƏŞƏR ƏSƏD: TÜRKİYƏ BƏZI ƏRƏB ÖLKƏLƏRİNƏ NİSBƏTƏN DAHA QƏTİYYƏTLİ GÖRÜNÜR

Suriya prezidenti Bəşər Əsəd Türkiyə ilə əlaqələr və müxtəlif mövzularda jurnalistlərlə üç saatlıq görüş keçirib. “Teleqraf.com”un verdiyi xəbərə görə, Suriya lideri görüşdə Türkiyə ilə əlaqələrə dair açıqlamalar verib.

Məlumata əsasən, Bəşər Əsəd rəsmi Ankara ilə danışıqların hazırda yalnız kəşfiyyat səviyyəsində olduğunu, lakin ikitərəfli danışıqların səviyyəsinin tezliklə yüksələ biləcəyini qeyd edib.

Eyni zamanda, Suriya prezidenti Ankaradan gələn mesajlara da diqqət çəkib. “Türkiyə Suriyanın tələblərini yerinə yetirməyə hazır olduğunu nümayiş etdirdi. Ankara siyasi oriyentasiyasında bəzi ərəb ölkələrindən daha qətiyyətli ola bilər. Lakin Türkiyənin mövqeyinin səmimi, yoxsa sadəcə siyasi manevr olduğuna qərar vermək mümkün deyil”, - deyə Bəşər Əsəd vurğulayıb.

 

ABŞ VƏ RUSİYA UKRAYNADAKI MÜHARİBƏ ZAMANI XÜSUSİ RABİTƏ XƏTTİNDƏN YALNIZ  BİR DƏFƏ İSTİFADƏ EDİB

Rusiya-Ukrayna müharibəsinin başlanğıcından ABŞ və Rusiya hərbçiləri tərəfindən yaradılmış münaqişənin həlli üçün xüsusi rabitə xətti yalnız bir dəfə istifadə edilib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Röyters” agentliyinə adının açıqlanmasını istəməyən amerikalı rəsmi məlumat verib.

Mənbə bildirib ki, Birləşmiş Ştatlar Rusiyanın Ukraynadakı kritik infrastrukturun yaxınlığındakı hərbi əməliyyatları ilə bağlı narahatlıqlarını bildirmək üçün xüsusi rabitə xəttinə müraciət edib.

Bununla yanaşı, ABŞ rəsmisi zəngə səbəb olan konkret olay barədə ətraflı bilgi verməkdən imtina edib, lakin qeyd edib ki, söhbət Rusiyanın noyabrın 15-də Ukraynaya raket zərbələri zamanı Polşa ərazisinə raketin düşməsindən getmir.

Agentlik güman edir ki, söhbət Rusiyanın “Zaporojye” AES ətrafında hərəkətləri və ya Ukrayna tərəfinin Xerson vilayətindən geri çəkilərkən “Novokaxovskaya” SES-nin bəndini partlatmaq barədə elan etdiyi Rusiya qüvvələrinin niyyətlərindən gedə bilər.

 

ALMANİYADA DƏRMAN ÇATIŞMAZLIĞI İLƏ BAĞLI BÖHRAN DAVAM EDİR

Almaniyada bir sıra dərman növləri ilə bağlı tədarük çatışmazlığı davam edir. “TRT” telekanalının verdiyi xəbərə görə, Almaniya Federal Dərmanlar və Tibbi Cihazlar İnstitutu öz saytında tədarükü  hər gün daha da çətinləşən 299 dərmanın siyahısını dərc edib.

İnstitutun saytındakı yazıda sözügedən dərmanların  tədarükü ilə bağlı çatışmazlığın artmasına Çin və Hindistan kimi ölkələrdən satın alınan məhsulun vaxtında ölkəyə  çatdırılmaması səbəb kimi göstərilib.

Məlumata əsasən, Almaniyada çatışmayan dərmanlar arasında antibiotiklər, diabet, xərçəng, immunitetlə əlaqəli dərmanlar və ağrıkəsicilər ilk sıradadır.

“Bild” qəzetindəki xəbərdə isə Çində koronavirus epidemiyası səbəbindən fabriklərin bağlanacağı təqdirdə tədarük probleminin daha da pisləşə biləcəyinə diqqət çəkilib. Qeyd edilib ki, Almaniyada apteklərdə hər iki dərman reseptindən biri anbarda yoxdur və tədarükü üçün uzun müddət gözlənilməlidir.

 

BÖYÜK ADRON KOLLAYDERİNİN FƏALİYYƏTİ DAYANDIRILIB

Avropa Nüvə Tədqiqatları Təşkilatı (ANTT) enerjiyə qənaət etmək üçün Böyük Adron Kollayderinin fəaliyyətini iki həftə tez dayandırıb. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə təşkilatın açıqlamasında qeyd olunur.

Bir müddət öncə ANTT yaydığı bəyanatda 2022-ci ilin sonu üçün texniki dayandırmanın noyabrın 28-də, yəni ilkin nəzərdə tutulduğundan iki həftə tez başlayacağını, 2023-cü ildə isə sürətləndirici kompleksin fəaliyyətinin 20 faiz azalacağını bildirmişdi.

“Qlobal enerji böhranı və artan qiymətlər fonunda, o cümlədən, özünün sosial məsuliyyəti çərçivəsində ANTT 2022 və 2023-cü illərdə enerji istehlakını əhəmiyyətli dərəcədə azaldacaq tədbirlər həyata keçirəcək”, - deyə təşkilatın press-relizində bildirilir.

Məlumat üçün qeyd edək ki, ANTT yüksək enerji fizikası üzrə dünyanın ən böyük laboratoriyasıdır. Böyük Adron Kollayderi Avropa Nüvə Tədqiqatları Təşkilatı tərəfindən bir çox ölkə, o cümlədən Rusiya fiziklərinin iştirakı ilə yaradılıb.

 

Sİ CİNPİN: ÇİN QLOBAL ENERJİ TƏHLÜKƏSİZLİYİNİ DƏSTƏKLƏMƏYƏ HAZIRDIR

Çin Xalq Respublikasının sədri Si Cinpin ölkəsinin Rusiya ilə birlikdə enerji sahəsində daha sıx tərəfdaşlıq qurmağa və beynəlxalq enerji təhlükəsizliyini dəstəkləməyə hazır olduğunu bildirib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bunu çinli siyasətçi IV Rusiya-Çin Enerji Biznes Forumunun iştirakçılarına müraciətində bildirib.

“Çin Rusiya ilə birlikdə beynəlxalq enerji təhlükəsizliyini və istehsal zəncirlərinin davamlılığını birgə qorumaq, həmçinin beynəlxalq enerji daşıyıcıları bazarının uzunmüddətli etibarlılığına və davamlılığına yeni töhfələr vermək niyyətindədir”, - deyə Si Cinpin vurğulayıb.

Çin liderinin sözlərinə görə, ölkə hökuməti  həmçinin ekoloji cəhətdən təmiz və yaşıl enerji mənbələri sahəsinin inkişafına kömək etmək niyyətindədir.

Xatırladaq ki, bir müddət öncə ÇXR xarici işlər naziri Van İ bildirib ki, Çin və Rusiya beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq koordinasiya və əməkdaşlığı gücləndirməkdə qərarlıdır.

 

ÜÇ MDB ÖLKƏSI YENI İTTİFAQ YARATMAQ NİYYƏTİNDƏDİR

Rusiya baş nazirinin müavini Aleksandr Novak Moskva, Astana və Daşkənd arasında “üçlü qaz ittifaqı”nın yaradılması imkanlarının müzakirə edildiyini təsdiqləyib. Bu barədə “TRT” telekanalı Rusiya mətbuatına istinədən xəbər verib.

Məlumata əsasən, Aleksandr Novak mövzu ilə bağlı açıqlamasında bildirib ki, sözügedən ittifaq mavi yanacağın daşınmasını, ixracatını, emalını və kooperasiyanın digər formalarını əhatə edəcək.

“Rusiya, Qazaxıstan və Özbəkistan SSRİ dövründən vahid qaz nəqli sisteminə malikdir. Bizim təbii qazın tədarükü və emalı, həmçinin digər istiqamətlərə çatdırılması sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirmək üçün böyük imkanlarımız var. Çin də bu istiqamətlərdən biri ola bilər”, - deyə Aleksandr Novak vurğulayıb.

Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev bir neçə gün öncə Moskvaya səfəri zamanı bu məsələni rusiyalı həmkarı Vladimir Putinlə müzakirə edib. Prezidentlər “üçtərəfli qaz ittifaqı”nın rasional həllini tapmaq üçün üç ölkənin ekspertlərinin iştirakı ilə ətraflı danışıqlar aparmağın lazım olduğunu bildiriblər.

 

AMERİKALILAR “QARA CÜMƏ” GÜNÜ NƏ QƏDƏR PUL XƏRCLƏYİBLƏR?

ABŞ-da istehlakçılar bu il “qara cümə” günü onlayn alış-veriş zamanı 9,12 milyard dollar xərcləyiblər ki, bu da rekord göstəricidir. “Report” agentliyinin xəbərinə görə, bu barədə “CNBC” telekanalı məlumat yayıb.

Bildirilir ki, həmin gün ümumilikdə onlayn satışlar illik müqayisədə 2,3 faiz artıb. Bu xüsusilə elektronika sektorunda hiss olunub. Belə ki, bu məhsulların onlayn satışı oktyabr ayı ilə müqayisədə orta hesabla 221 faiz artıb. Digər populyar kateqoriya isə 285 faiz artımla oyuncaqlar, həmçinin 218 faiz artımla fitnes avadanlıqları olub.

Eyni zamanda, vurğulanır ki, bahalaşma və inflyasiya səbəbindən bir çox alıcı hissə-hissə ödəmə yöndəminə müraciət edib. Bu ödəniş sxemi ilə alışların sayı keçən həftə ilə müqayisədə 78 faiz artıb. Telekanal qeyd edib ki, bu il də smartfonlardan öncəki illə müqayisədə daha çox sifariş olub.

Məlumat üçün qeyd edək ki, “qara cümə” ABŞ-da noyabr ayının dördüncü cümə axşamı günü qeyd olunan Şükran Günündən sonrakı cüməyə verilən qeyri-rəsmi bir addır. Türkiyə, Azərbaycan və bir sıra müsəlman ölkələrdə əlamətdar günün adının yerli dini inanca hörmətsizlik olduğu irəli sürülərək “əfsanə cümə” və ya sadəcə ingilis variantı - “black friday” ifadələri istifadə edilir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.