Ölkəmiz 24 saat ərzində istədiyinə nail oldu
Digər xəbərlər

Ölkəmiz 24 saat ərzində istədiyinə nail oldu

Nəhayət ki, 30 ildən artıq Azərbaycanın Qarabağ bölgəsində hökm sürən separatçı qurum dövlətimizin şərtlərini qəbul edib, tərk-silah olmaq haqqında qərar verdi. Silahlı Qüvvələrimizin 19 sentyabr tarixində Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlaması sonda xunta rejiminin məğlubiyyəti ilə nəticələndi. Bir daha təsdiq olundu ki, dövlətimiz ölkə daxilində hər hansı "boz zona"nın qalmasına izn verməməkdə qərarlıdır və bu istiqamətdə qəti addımlar atılır.

Digər tərəfdən, 2020-ci il Vətən müharibəsindən sonra Qarabağ ermənilərinin reinteqrasiya olunmasını qarşısına hədəf qoyan Azərbaycan əzəli yurdumuz olan Xankəndi və ətraf ərazilərin dinc yolla təslim olunmasını prioritet istiqamət kimi müəyyənləşdirmişdi.

İlk dəfə bu il martın 1-də Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş və Xocalı şəhərində, Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşmüşdür. Görüş zamanı Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycan Respublikasına reinteqrasiyasına dair ilkin müzakirələr aparıldı. Yekunda Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmasların  davam etdirilməsi haqqında razılıq əldə olunsa da, sonrakı proseslərdə erməni icmasının nümayəndələri görüşdən imtina etdilər. Belə ki, Azərbaycan Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ilk görüşdən qısa müddət sonra ikinci görüşə dəvət etdi. Lakin bu dəfə  özünü "Qarabağın prezidentinin müşaviri" kimi təqdim edən David Babayan danışıqların yalnız bərabərhüquqlu tərəflər kimi olacağı təqdirdə mümkünlüyünü sərsəmləyib görüşü qəbul etmədi. Həmçinin cari ilin avqust ayının əvvəlində Azərbaycanın xüsusi nümayəndəsi ilə yerli erməni sakinlərinin nümayəndələri arasında görüşün təşkili ilə bağlı razılıq əldə edilməsinə baxmayaraq, son anda erməni tərəfinin bu görüşdən imtina etməsi və Qarabağda təxribat fəaliyyətləri ilə məşğul olması dövlətimizi konkret addımlar atmağa vadar etdi. Görünür, özlərini "dövlət" adlandıran separatçılar Azərbaycanın humanist addımlarından sui-istifadə etmələrinin onlar üçün xeyir gətirməyəcəyini hələ də anlamamışdılar.

Məlum olduğu kimi, antiterror tədbirlərinin başladığı andan etibarən tez bir zamanda uğur qazanan Silahlı Qüvvələrimiz separatçıların mövqeyində dönüş yaratdı. Qanunsuz rejimin dərhal "danışıqlara başlamaq çağırışı" ilə təklif göndərməsinə dövlətimizin cavabı birmənalı və qətiyyətli oldu. Prezident Administrasiyası ölkəmizin Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşməyə hazır olduğunu bildirdi. Lakin bunun üçün ilk növbədə qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalı idi. Əks təqdirdə, antiterror tədbirləri davam edəcəkdi. Bir sutka ərzində davam edən lokal antiterror tədbirləri qarşısında aciz duruma düşən xunta rejimi sonunda Bakının şərtlərini qəbul edib təslim oldu.  Beləliklə, razılaşmaya əsasən Prezident Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə sentyabrın 21-də Yevlaxda görüş keçiriləcək.

Beləcə, Azərbaycanın müəyyən etdiyi hədəfə nail olmasına sədd çəkməyə çalışan  bəzi Qərb dövlətləri və siyasətçilərin arzuları ürəyində qaldı. Dünəndən etibarən Azərbaycana qarşı qarayaxma kampaniyasına start verən qərəzli siyasətçilər Silahlı Qüvvələrimizi mülki şəxsləri öldürməklə ittiham etsələr də, Ordumuz yalnız hərbi obyektləri zərərsizləşdirib. Həmçinin mülki əhalinin təhlükəsizliyinin təmin olunması üçün erməni əsilli vətəndaşlara  məlumatlar və xəbərdarlıq edilmişdir.

Musa BAĞIRLI,

"Respublika".