İrəvana yeddi məktub
Digər xəbərlər

İrəvana yeddi məktub

Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim Hidayət Orucovun "Burdan min atlı keçdi" kitabını vərəqlədikcə, illərin isti-soyuğunu qəlbində yaşadan, yaddaşında xoş xatirələri çözələyən yazıçının qələmə aldığı əzəli türk torpaqları olmuş Qərbi Azərbaycanda soydaşlarımızın yaşadığı ictimai-siyasi şəraitin, ədəbi-mədəni mühitin, C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçdiyi yolun, görkəmli azərbaycanlı ictimai və dövlət xadimlərinin fəaliyyətinin, bütövlükdə Qərbi azərbaycanlıların illər boyu məkrli erməni siyasətinə qarşı apardıqları mübarizənin canlı şahidinə çevrilirsən sanki...

Kitabın "İrəvana yeddi məktub" bölməsində isə müəllif ötən əsrin 70-ci illərindən başlayaraq İrəvanda genişlənən anti-Azərbaycan, antitürk siyasətini, xüsusilə də həmin dövrdə ermənilərin Heydər Əliyev şəxsiyyətinə qısqanclıq, paxıllıq, hətta düşmənçilik münasibətini əks etdirən müşahidələrini qələmə alıb. Kitabın "İrəvana yeddi məktub" adlı bölməsində müəllif yazır:

"Gevork Eminin "Ermənistan haqqında yeddi nəğmə"sindəki şişirtmələri də oxumuşam, S.Kaputikyanın "Karvanlar hələ yoldadır"ındakı, V.Petrosyanın "Erməni eskizləri"ndəki uydurmaları da. B.Ulubabyanın, S.Xanzadyanın, H.Şirazın, Z.Balayanın, K.Simonyanın... qatı şovinizm qoxuyan, qonşu xalqlara qarşı nifrət, soyqırımı hissləri aşılayan, həqiqətdən, məntiqdən uzaq cəfəngiyyatlarıyla da çoxdan tanışam... Xeyli vaxtdır içimdə "Yeddi məktub"u yazmağa ciddi ehtiyac duyuram. Və son aylarda hiss edirəm ki, daha yazmamaq mümkün deyil. Ona görə qələmə üz tuturam və yaza-yaza mənə elə gəlir ki, yazdıqlarım yalnız "Bakıdan İrəvana məktublar"dır..."

Yeri gəlmişkən, onu da qeyd edək ki, ermənilərin öz havadarlarına arxalanaraq açıq şəkildə həyata keçirdikləri millətçilik siyasətini tənqid etmək, xalqımızın dahi oğlu Heydər Əliyev şəxsiyyətinə düşmənçilik münasibətlərini onlarla bir məkanda çalışa-çalışa qələmə almaq o dövrdə müəllifdən böyük cəsarət tələb edirdi. Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyimiz bir vaxtda XX əsrin ikinci yarısında və XXI əsrin əvvəllərində dünyanı heyrətləndirən siyasət korifeyi, dövlətçilik patriarxı, dünyaşöhrətli dahi şəxsiyyət haqqında ilk yazılardan olan "İrəvana yeddi məktub" bu gün də aktualdır. Oxucu marağını nəzərə alaraq həmin məktubları ardıcıllıqla təqdim edirik:

23 noyabr, 1973 III məktub

Zaman yetmişinci illərin ortalarına doğru addımladıqca Azərbaycanda çox şey kökündən dəyişirdi: Azərbaycan ağır, kustar kənd təsərrüfatı ölkəsindən o dövrün yüksək texnikalı, çoxprofilli aqrar respublikasına, köhnə üsullarla, mənən aşınmış texnikayla işləyən neft diyarından hərtərəfli, müasir mexanizmli industrial məmləkətə çevrildi. Azərbaycanın tərəqqisi SSRİ kimi nəhəng imperiyanın hər künc-bucağına çatırdı, odlar diyarının adı dünyada tanınırdı. İqtisadi potensialı və tərəqqisi ilə yalnız sovetlər birliyində son yerlərdən birində olan, mərkəzin ayırdığı dotasiya hesabına dolanan Ermənistanda isə bütün bunların əvəzinə, millətçilik günü-gündən güclənirdi. A.Koçinyan hakimiyyətdə ömrünü uzatmaq məqsədilə getdikcə daha çox "millətçiləşir", "patriotlaşır"dı, yüksək postlara qatı millətçi-şovinistləri, Azərbaycana, Türkiyəyə, ümumiyyətlə, bütün türk dünyasına düşmən kəsilmiş adamları təyin edirdi.

İkinci faktı yada salmaq istəyirəm: A.Koçinyan 1966-cı ilin mart ayında Ermənistan KP MK-nın birinci katibi seçilən plenumda, millətçilik üstündə ikinci katib vəzifəsindən azad edilən Hovhannes Bağdasaryana yaşıl işıq yandırılması barədə əvvəlki səhifələrdə söz açmışam. Ermənistan KP Mərkəzi Komitəsinin təbliğat və təşviqat şöbəsi müdirinin müavini Con Kirokosyan İrəvanda işə qəbul olunanda bütün söhbət boyu bircə sual verdi - "ermənicə bilirsinizmi?", - dərhal tövsiyəsini əsirgəməyərək, - "Dərindən öyrənmək lazımdır", - söylədi. O vaxtlardan qatı millətçi kimi tanınan, H.Bağdasaryana nisbətən çox gənc və yeni nəslin nümayəndəsi olan millətçi-şovinist C.Kirokosyan Respublika Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri təyin olundu, bir qədər sonra xarici işlər naziri oldu. Ümumiyyətlə, ideologiya ilə məşğul olan qurumların demək olar, hamısının başına millətçi-şovinistlər təyin olunurdu. Koçinyan Qarabağ, Naxçıvan uydurmalarını kütləvi şəkildə açıb-ağartmağa cəsarət eləməsə də, respublikanın daxilində qatı millətçiliyi, anti-Azərbaycan, antitürk siyasətini qüvvətləndirirdi. Ancaq bu o demək deyildi ki, səkkiz il yarım Ermənistanın başında əyləşən adam Qarabağı və Naxçıvanı tamam unutmuşdu.

Hələ 1991-ci ilin may ayında "Şahidlər" kitabına ön söz kimi yazdığım, kitab nəşr olunandan öncə, həmin il "Yeni fikir" qəzetində № (46, 47, 48) dərc olunmuş "Biz hələ ki... şəhid deyilik" yazımdan bir parçanı olduğu kimi bura köçürürəm (bundan sonra da əvvəllər çap olunmuş yazılarımdan nümunələr gətirsəm - məqsədim özümdən danışmaq deyil, bu gün də o fikirlərin üstündə durmağımla bağlıdır):

"... Qarabağ... ssenarisi" çoxdan hazırlanmışdı, bircə Moskvanın "hə"sini ala bilmirdilər.

Ermənistan KP MK-nın keçmiş birinci katibi A.Koçinyan 1988-ci ildə bir müsahibəsində (bəlkə də son müsahibəsiydi, "Qarun" ("Bahar") ədəbi-bədii gənclik jurnalında, - Ermənistan Yazıçılar İttifaqının və respublika komsomolu Mərkəzi Komitəsinin orqanı, bizim "Ulduz" jurnalının oxşarıydı, - dərc olunmuşdu) deyirdi ki, onun rəhbərliyi dövründə Qarabağ "məsələsi" neçə dəfə qaldırılmış, lakin Heydər Əliyevin nüfuzu və Mərkəzdə sözünün iti kəsəri bu məsələnin həllinə imkan verməmişdi. Hətta M.A.Suslov Koçinyanı yanına çağırıb, "Xvatit armyanskoqo natsionalizma!", - demişdi və bu, L.İ.Brejnevin dövründə erməni millətçiliyinə və Qarabağ "probleminə" son nöqtə idi. Bəlkə buna görə də L.İ.Brejnevin vəfatı İrəvanda bayram kimi qarşılandı.

L.İ.Brejnev dövrünün rəhbərləri yaxşı bilirdilər ki, siyasətdə erməni millətçilərinə üz versən, astar istəyəcəklər. A.Mikoyanın və onun həndəvərindəki ermənilərin uzun illər boyu törətdikləri cinayətlər, axırda isə sudan quru çıxıb, N.Xruşşovun sağ əli olmaları altmışıncı illərin ikinci yarısından ölkəyə rəhbərlik edən adamların gözləri qabağındaca baş vermişdi. Yeni ciddi təhlükə siqnalı isə... Moskvada metronun partladılması, günahsız insanların - uşaqların, qocaların qətliydi. Suslov da uzun illər boyu ermənilərin əliylə törədilən faciələri müşahidə eləmişdi, belə ki, "xvatit armyanskoqo natsionalizma" deyimi birdən-birə çırpılmamışdı Koçinyanın üzünə və bu söz silləsi yalnız Mixail Suslovun fikri deyil, bütün Siyasi Büronun səsi kimi qalmışdı Koçinyanın yaddaşında!

Məni lap heyrətləndirən odur ki, indiyəcən "günahları" tarazlaşdırmaq üçün Qarabağ "problemini" yüz yerə yozurlar, haqlı qəzəbimiz kükrəyəndə hərdən bizə də təskinedici sözlər deyirlər... amma "xvatit armyanskoqo faşizma", "xvatit armyanskoqo terrorizma" həqiqətini açıq-aşkar, yüksək səviyyədə etiraf eləyən yoxdur, əksinə, ölkənin bütün aparıcı rəhbərləri bu ağır cinayətləri pərdələmək, gizlətmək üçün nəyə desən, əl atırlar.

O ki qaldı Heydər Əlirza oğlu Əliyevə... Ermənilərin ona düşmən kəsildiyinin, divarlardan portretlərinin qoparıldığının, eybəcər şəklə salınıb yol göstəricisi dirəklərinə yapışdırıldığının çox şahidi olmuşam və maşını saxlatdırıb, elə kökə salınmış şəkilləri özüm qoparıb götürmüşəm. Deyə bilərlər ki, elə şeylər səviyyəsiz, dələduz adamların işidir, - etirazım yoxdur. Elə həmin illərdə bir institut rektoruna deyəndə ki, axı, Mikoyanın şəkli otuz il bizim başımızın üstündən asıldı, amma bir azərbaycanlı o şəkli qoparmadı, divardan cırmadı, akademik-rektor qızardı və cavab verə bilmədi.

Ancaq məsələ ondadır ki, o səviyyəsizlər, o dələduzlar hansısa partiyaya, təşkilata xidmət eləyirdilər və səksəninci illərin sonlarında respublikada hakimiyyəti ələ keçirən saqqallı başkəsənlərə döndülər.

Orada yaşadığım illərdə rəsmi iclaslarda, ziyalılarla görüşlərdə, ikilikdə, üçlükdə də olan söhbətlərdə açıqca hiss edirdim ki, sonralar Koçinyanın etiraf etdiyi kimi, daşnak ideyalarının həyata keçirilməsi, antitürk, anti-Azərbaycan kampaniyasının genişlənməsi işində Heydər Əliyev ermənilər üçün, həqiqətən, böyük əngəl idi, bu əngəl 1987-ci ilin 25 oktyabrında "üsulluca" aradan götürüldü və heç bir ay keçməmiş xalqımıza, torpağımıza qarşı çoxdan hazırlanmış təcavüzlərin xoruzbanı eşidildi, akademik Aqanbekyan "Humanite" qəzetinin səhifələrində dünyaya car çəkdi ki, bəs... "Dağlıq Qarabağ Ermənistanın imiş...".

Haşiyə (sitat sonra davam etdiriləcək).

Heydər Əliyevin dedikləri:

"...Siyasi Bürodan istefa verdikdən 15 gün sonra Qarabağ məsələsi ortaya çıxdı. Qorbaçovun ən yaxın adamı, iqtisadiyyat üzrə müşaviri, milliyyətcə erməni olan Aqanbekyan Parisdə keçirdiyi bir mətbuat konfransında "Dağlıq Qarabağ Ermənistana verilməlidir" demiş, bu məsələ ilə əlaqədar Qorbaçovu da qızışdırmışdı. Moskvanın Qarabağ əməliyyatı mənim Siyasi Bürodan getməyimdən 15 gün sonra həyata keçirilməyə başladı. Deməli, bu plan hələ əvvəlcədən hazırlanıbmış, lakin tətbiq olunmasında mən ciddi maneə imişəm. Azərbaycanın bu milli məsələsi ilə əlaqədar Qorbaçov, onunla mümkün olmasa, Liqaçov, Çebrikov və Kryuçkovla danışmaq istəyirdim. "Əlimdə sənədlər, sübutlar var, Qarabağ Azərbaycanın öz torpağıdır", - deyirdim. Onların mənə cavabı isə bu idi: "Biz Qarabağdakı erməni-azərbaycanlı münaqişəsi ilə bağlı problemi özümüz həll edəcəyik". Fikirləşdim ki, bir iş görməliyəm. Bütün günahı Qorbaçov və Sov.İKP MK-da gördüyümü KİV nümayəndələrinə söylədim. Bundan sonra Qorbaçov dərhal DTK sədri Kryuçkova məni təqib etmək barədə göstəriş verdi. 30 il sıralarında çalışdığım Dövlət Təhlükəsizlik Komitəsi indi məni quruluş əleyhinə olan bir şəxs kimi təqib etməyə başladı. Məqsədləri məni təxribat yolu ilə aradan götürüb, onlara qarşı mübarizəmi dayandırmaq idi".

Heydər Əlirza oğlunun narahatlığı təbii idi. Yenə 1991-ci ilin sətirlərini - haşiyədən qabaqkı sitatın davamını xatırlayıram: "Bundan dərhal sonra Qarabağ "elçiləri" Moskvaya uçdular.

1988-ci ilin 8 fevralında Xankəndidə DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxarılaraq Ermənistan SSR-in tərkibinə daxil edilməsi barədə imzalar toplanmağa başlandı.

12 fevralda Xankəndidə mitinq oldu.

Altı gün sonra Ermənistandan min cür təhqirlərlə, ölümlə qovulan qaçqınların köçü başladı.

Üç gün sonra isə Vilayət Xalq Deputatları Sovetinin sessiyası SSRİ və Azərbaycan SSR Konstitusiyalarına zidd olaraq DQMV-nin Ermənistan SSR-ə birləşdirilməsi barədə "qərar" qəbul elədi.

22 fevralda Bakıda və Sumqayıtda ilk mitinqlər oldu. Bircə şüar vardı: "DQMV Azərbaycanın ayrılmaz hissəsidir!". Buna "cavab" olaraq ermənilər Xankəndi-Ağdam yolunda iki azərbaycanlı gənci qətlə yetirdilər.

Heç olmasa, bu məqamda ayılmaq lazım idi - xəmir hələ çox su aparacaqdı. (Əslində nə "ssenari" müəllifləri yatmışdı, nə də onların Moskvadakı havadarları. Başları bizi yatırtmağa - keyləşdirməyə qarışmışdı). İyirminci əsrdə çətin ki, inkişaf etmiş başqa elə bir dövlət tapıla ki, başçısı öz ölkəsinin içindəcə öz əlləriylə belə cinayətlər törədə.

1988-ci ilin 22 fevralından sonra bir-birinə calanan faciələr - minillik dədə-baba yurdlarından zülmlə qovulan əsir-yesir didərginlər "ordusu", Quqark (Göyər), Kirovakan (Qarakilsə), Masis (Zəngibasar) cinayətləri, ermənilərin, həm də Mərkəzin əliylə törədilən Sumqayıt hadisələri, sərhəd rayonlarında və Qarabağda qurbanlarımız, Topxana harayı, qəzəblənmiş xalqın Meydan günləri, sonra başlanan tuthatut repressiyası və başqa dəhşətlər gözümüzün qabağındadır, bunları xronologiya ilə verməsəm də faciənin günbəgün böyüdüyü, heç bir sahilə, nəzarətə sığmadığı hamıya aydındır. Bir il səkkiz ay belə keçdi, qoz ağacı əkmək, kənddə hamam tikmək "problemlərindən" başlamış bütün respublikanın başdan-başa kompüterləşdirilməsi "həyata keçirildi" və doxsanıncı ilin Qara Yanvarı qapımızı açdı.

Qara Yanvar qəflətən gəlmədi. Çoxdan yoldaydı...

...Sonsuz faciələr də, nəhayətsiz cinayətlər də buradan başladı!..".

Bunlar 1991-ci ilin sətirləridir, onda hələ Dağlıq Qarabağa nəzarətimiz bütünlüklə itirilməmişdi, Xocalı soyqırımı törədilməmişdi, DQ-dən kənarda yeddi rayonumuz işğal olunmamışdı. 1990-cı il Yanvar müsibətinin şahidlərinin bu gün və gələcək üçün də əvəzsiz yazıları toplanmış kitaba ("Şahidlər"ə) yazdığım ön sözdə Ermənistan millətçi-şovinizminin Heydər Əliyev şəxsiyyətinə qarşı təxribatçılıq fəaliyyəti, ümumi şəkildə olsa da əks olunmuşdur. Bu məktublarda, yeri gəldikcə, həmin ön sözdəki bəzi məqamlara qayıdılacaq (Heydər Əliyevin portretlərinin divarlardan qoparılması, Moskvada metronun partladılması və s.), oxuculara gerçəklik tam aydın olsun deyə detallar əvvəldən-axıracan açılacaqdır.

A.Koçinyanın son müsahibəsindəki Qarabağla bağlı fikirləri gerçəkliyi düzgün əks etdirir. Həqiqətən, 1965-1969-cu illərdə qonşu respublikada Qarabağın və Naxçıvanın Ermənistana verilməsi məsələsi çox hallandırılırdı. Hətta 1967-ci ilin sentyabrında şayiə yaymışdılar ki, "məsələ" guya həll edilib. Heydər Əliyev aradan illər ötəndən sonra da o günləri yaxşı xatırlayırdı: "...O vaxt - 1950-1960-cı illərdə mən burada Dövlət Təhlükəsizlik Komitəsində işləyirdim. Xatirimdədir, o vaxt biz bu məsələlərin qarşısını dəfələrlə almışdıq. Yadımdadır, 1967-ci ildə Dağlıq Qarabağın mərkəzində - o vaxt ona Stepanakert deyirdilər - qanlı bir hadisə oldu. Ermənilər o vaxt yığışıb 3 nəfər azərbaycanlını avtomobilin içərisində yandırdılar. Mən o zaman oraya getdim, on beş gün orada oldum. Böyük bir komissiya yaradılmışdı, mən də həmin komissiyanın tərkibində idim. Dəhşətli bir vəziyyət yaranmışdı. Onda da ermənilər qalxmışdılar ki, Dağlıq Qarabağı Ermənistana birləşdirmək lazımdır...".

1967-ci ildə özbaşınalıqların qarşısının alınmasında şübhəsiz, həmin dövrün təhlükəsizlik rəhbərinin müstəsna xidmətləri danılmazdır. Heydər Əliyev, ümumiyyətlə erməni terrorizminin tarixini, o sırada Dağlıq Qarabağla bağlı təcavüzlərin "mərhələlərini" yaxşı bilirdi: "30-cu, 40-cı, 50-ci, 60-cı, 70-ci illərdə erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb, Ermənistana birləşdirmək cəhdlərindən əl çəkməmişdilər. Onlar dəfələrlə çox qızğın fəaliyyətə başlamışdılar. Ancaq onların qarşısı alınmışdı. Mən bunların şəxsən şahidiyəm. Və bir çox hallarda həmin cəhdlərin qarşısının alınmasının təşkilatçısıyam".

Və illər ötəndən sonra haqlı qürur hissiylə bəyan edəcəkdi: "1969-cu il iyulun 14-dən 1982-ci il dekabrın 3-nə kimi Azərbaycan KP MK-nın Birinci Katibi olmuşam. Bu müddətdə Azərbaycan ərazisinin bir qarışı da Ermənistana verilməyib. Bu faktdır. Baxmayaraq ki, Ermənistan tərəfindən ayrı-ayrı yollarla torpaqların alınmasına cəhdlər olurdu, lakin mən bunların qarşısını həmişə almışam".

Heydər Əliyev hakimiyyətə gələndən sonra bu barədə açıq-aşkar danışmağa son qoyuldu, amma gizlində əlbəttə, proseslər dayanmırdı. A.Koçinyan o illərdə anti-Azərbaycan ideologiyasını da Türkiyəyə qarşı ideoloji təxribatlar vasitəsilə həyata keçirməyə üstünlük verirdi. İrəvanın müxtəlif parklarında uydurma "soyqırımını" əks etdirən rəmzlər - abidələr yaradılırdı. Əştərəyin Oşakan kəndində Andranikə heykəl qoyulurdu, nəhayət, Zəngi çayının sahilində Dərə bağlarıyla üzbəüz təpənin başında "tarixi uydurmanı" əks etdirən abidə kompleksi ucaltdılar, adını da qoydular - "Sisernaberd" ("Qaranquş qalası"). Məqsəd böyüməkdə olan nəsilləri tarixi uydurmaya inandırmaq, antitürk, anti-Azərbaycan ruhunda tərbiyə etmək, böyütmək idi.

Lakin Qarabağdan bəd gözlər çəkilməkdə idi. Azərbaycanın ayrılmaz tərkib hissəsi, doğma bölgəsi kimi DQMV-nin yaradılmasının 50 illiyinin yüksək səviyyədə geniş qeyd olunması, Xankəndidə zirvə tədbirində (23 noyabr 1973-cü il) respublika rəhbərinin dəmir məntiqli çıxışı Ermənistanda isti olmayan o payız günlərində təcavüzkar niyyətli dairələrin üstünə Qarabağ çaylarının soyuq suyu kimi səpələndi. İrəvana ən çox yer eləyən Heydər Əliyevin nitqindəki təkzibedilməz faktlar və arqumentlər, "lap dözülməyəni", - nitqinin hər abzasında Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycandan ayrılmazlığını vurğulamasıydı. Bu dərinməzmunlu nitq ölkə rəhbərinin şovinist-təcavüzkar qüvvələrin gözlərinin içinə söylədiyi bəyanat kimi səsləndi. Vilayət mərkəzinin əslən azərbaycanlı şəhəri olması da yaddan çıxmamışdı... "...Keçmiş Xankəndi adlanan balaca bir yer indi Azərbaycan SSR-in ən gözəl şəhərlərindən birinə çevrilmişdir...". Nitqdə əsaslandırılırdı ki, Azərbaycanın başqa bölgələri kimi, bu dağlıq diyarı da son əlli ildə dinamik inkişaf etmişdir: "...Yarım əsr ərzində Dağlıq Qarabağda sənaye istehsalı 315 dəfə artmışdır. İndi vilayət sənayesinin bircə gündə buraxdığı məhsul bütün 1923-cü il ərzində istehsal edildiyi qədərdir".

O möhtəşəm tədbir və bu nitq Qarabağ doxsanıncı illərin əvvəllərində işğal edilənəcən xatırlandı (bəlkə indi də xatırlanır!). Akademik V.Hambarsumyanla bədnam Z.Balayan imperiya paytaxtında "Moskva" otelində baş-başa verib "aclıq" elan eləyəndə də yaddan çıxmırdı. Hətta V.Hambarsumyanın 1989-cu ildə Sov.İKP MK-ya ünvanlanmış təhriflərlə, yalanlarla dolu məktubunda da əsas "arqumentlərdən" biriydi. V.Hambarsumyan Heydər Əliyevin həmin çıxışından sitat gətirərək yazırdı: "Heydər Əliyev Stepanakertdə (oxu - Xankəndidə) DQMV-nin yaradılmasının əlli illiyi münasibətilə keçirilən təntənəli iclasda demişdir: "...Bəzi millətçi dairələr şayiə yayırlar ki, guya DQMV Ermənistan SSR-in tərkibinə verilməlidir. Dağlıq Qarabağ həmişə Azərbaycanın tərkibində olub, bu gün Azərbaycanın tərkibindədir və bundan sonra da həmişə Azərbaycanın tərkibində olacaqdır!" (Gurultulu alqışlar). Hambarsumyan o vaxtlar "Pravda" qəzetində dərc olunmuş üzdəniraq "Gurultulu alqışlar" məqaləsindən sonra respublika rəhbərinin vilayət paytaxtında alqışlanmasını da ürəkdən gələn səmimi alqışlar saymırdı və birinci katibin deyimini "salona təzyiq kimi" qiymətləndirirdi. Riyakarlıq edirdi.

Birinci katibin nitqinin canı və ruhu, hər abzası, hər cümləsi, hər fikri həqiqəti - Qarabağın Azərbaycanla bir ürəkdə, bir canda olmasını təlqin edir, təsdiqləyir, hər cümləsindən sonra salonda gurultulu, sürəkli alqışlar qopurdu. O təntənəli iclasdakı başqa çıxışlar, o dövrdə Qarabağdakı əhvali-ruhiyyə, ab-hava, bayaq dediyim kimi, Azərbaycanın bu dilbər guşəsindən bəd nəzərlərin çəkildiyini göstərirdi. Ona görə V.Hambarsumyan on altı il ötəndən sonra da o nitqi unuda bilmirdi.

Heydər Əliyev o məqamı yaxşı xatırlayırdı: "Mən DQMV əhalisi ilə dəfələrlə görüşmüşəm, vilayətin bütün rayonlarında olmuşam, ermənilərlə də çox söhbət etmişəm. ...Bir faktı xatırladım. DQMV-nin 50 illiyi yubileyi idi. Vilayət "Xalqlar Dostluğu" ordeni ilə təltif olunurdu. Oradakı çıxışımda bir cümləni erməni millətçiləri indi də mənə bağışlaya bilmirlər. Mən bəzi əhvali-ruhiyyələri hiss edərək demişdim: "DQMV Azərbaycanın ayrılmaz hissəsidir və ayrılmaz hissəsi olaraq da qalacaq...".

Dağlıq Qarabağın inkişaf dinamikası Azərbaycandan və Ermənistandan (bu respublikadan qat-qat!) yüksəkdəydi. Vilayətə uzun illər rəhbərlik etmiş Boris Kevorkov da bu yüksəlişləri görməyə bilmirdi. Onun yazdıqlarından: "...Öz beynəlmiləlçilik ənənələrinə sadiq olan Azərbaycan partiya təşkilatı Dağlıq Qarabağ Muxtar Vilayətində xalq təsərrüfatının sürətli inkişafına nail olmaq üçün əlindən gələn hər şeyi edir. Bunu aşağıdakı rəqəmlər aydın göstərir. Adambaşına məcmu ictimai məhsulun artımı 1960-cı ildəkinə nisbətən 1973-cü ildə bütövlükdə Azərbaycanda 149,5 faiz, DQMV-də isə 250 faiz olmuşdur. Həmin müddətdə sənaye məhsulları istehsalı 239 faiz, DQMV-də isə 281 faiz artmışdır. Azərbaycan SSR-də əsaslı vəsait qoyuluşu 219 faiz, DQMV-də isə 417 faiz, Azərbaycan SSR-də əmtəə dövriyyəsi 249 faiz, DQMV-də isə 279... faiz artmışdır.

Hər cür böhtanlar uyduran, siyasi cəhətdən yetkin olmayan, geridə qalmış adamlar bu rəqəmlərin qarşısında nə deyə bilərlər?!" (1975-ci il).

"Dağlıq Qarabağın onuncu beşilliyi quruculuq işlərinin miqyasına, sosial-iqtisadi tədbirlərin dərinliyinə və xarakterinə görə DQMV-nin bütün əvvəlki beşilliklərindən üstündür" (1979-cu il).

"Muxtar Vilayətin bütün istehsal və sosial infrastrukturları doqquzuncu-onuncu beşilliklər ərzində əsaslı surətdə dəyişmişdir və hələ də sürətlə dəyişməkdədir. Tərtərçay su təsərrüfatı və energetika kompleksi, Ağdam-Stepanakert dəmiryol xətti, Yevlax-Stepanakert-Naxçıvan magistral qaz kəməri, bir sıra çox mühüm sənaye müəssisələrinin, o cümlədən, maşınqayırma, elektrotexnika kimi mütərəqqi sahə müəssisələrinin tikilməsi, yenidən qurulması və genişlənməsi, kənd təsərrüfatı istehsalını ixtisaslaşdırmaq və təmərküzləşdirmək və onu sənaye təməli üzərinə keçirmək sahəsində geniş tədbirlər görülməsi, vilayətdə pedaqoji institut yaradılması, orta ixtisas məktəblərinin sayının artırılması, bir çox yeni məktəblərin tikilməsi, mədəniyyətin xeyli inkişaf etməsi, mədəni-maarif ocaqları şəbəkəsinin genişləndirilməsi - bütün bunlar Azərbaycan KP MK-nın, onun bürosunun daim Dağlıq Qarabağ Muxtar Vilayətinə göstərdikləri böyük yardım və kömək ilə, qayğı və diqqətlə qırılmaz surətdə bağlıdır" (1982-ci il).

Dağlıq Qarabağda vəzifələrdə olmuş şəxslərin, tanınmış adamların dediklərindən onlarca belə fikirləri bu yerdə sitat gətirmək olar. Sizlərdən kimsə ağız büzüb deyə bilər ki, onlar Bakıdan asılı adamlar olublar, söylədikləri ürəkdən gəlməyə də bilərdi. Mən bircə nəfərdən bircə cümləni sitat gətirməklə bu məktubu sizlərə bir sualla bitirirəm: Marietta Şaginyan: "Sizdə (Azərbaycanda - H.) ermənilər yağ içində böyrək kimi yaşayırlar". (1975-ci il). Marietta Şaginyanın Bakıdan, ya İrəvandan nə asılılığı vardı ki?..