BMT-də akkreditə olunan xarici media nümayəndələri Şərqi Zəngəzura səfər ediblər
Digər xəbərlər

BMT-də akkreditə olunan xarici media nümayəndələri Şərqi Zəngəzura səfər ediblər

BMT -də akkreditə olunan xarici KİV nümayəndələri işğaldan azad edilən Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilana səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, KİV nümayəndələri Zəngilan rayonunun Ağalı kəndinə gəliblər. Burada qonaqları Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb. KİV nümayəndələrinə Zəngilan rayonu barədə məlumat verilib. Bildirilib ki, Zəngilan 27 il düşmən işğalında qalıb, şəhər mərkəzi ilə bərabər, 5 qəsəbə və 79 kənd tamamilə yerlə-yeksan edilib. Rayon əhalisi öz doğma yurdundan didərgin düşərək məcburi köçkün həyatı yaşayıb. Yaşayış yerləri, tarixi mədəni və dini abidələr dağıdılıb.

Həmçinin erməni işğalı zamanı Zəngilan ekoloji terrora məruz qalaraq flora və faunası da məhv edilib. Yaşı 300 ildən çox olan palıd, çinar ağacları, hektarlarla qoz ağacları, digər yaşıllıqlar məhv edilib. Bir sözlə, Zəngilanın hər qarışında erməni vandalizminin izləri özünü büruzə verir.

Diqqətə çatdırılıb ki, 44 günlük müharibə zamanı Zəngilan erməni işğalından azad edilərək əsl sahiblərinin nəzarətinə keçib. Vurğulanıb ki, 27 il düşmən əsarətində qalan Zəngilan artıq iki ildir yenidən tikilir. Ağalı kəndində 200 evin inşası başa çatdırılıb, uşaq bağçası, məktəb və bir neçə inzibati bina inşa edilib. Həmçinin kənddə daha 150 evin, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin tikilməsi də planlaşdırılır.

Qeyd edilib ki, hazırda Ağalı kəndində 41 ailənin 201 üzvü məskunlaşıb. Ağalı kəndində əhalinin sosial rifahının yaxşılaşdırılması üçün məşğulluq məsələləri, başda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olmaqla, dövlət qurumlarının xüsusi nəzarəti altındadır. Həmçinin bildirilib ki, Zəngilanda mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi üçün Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə köhnə Zəngilan şəhər məscidinin əsaslı şəkildə təmiri aparılır, yaxınlığında isə şəhər əhalisinin sayı nəzərə alınaraq yeni, daha böyük bir məscidin tikintisinə başlanılıb. Həmçinin Zəngilanda İşğal, Zəfər muzeyləri kompleksi və Memorial parkın tikintisi də planlaşdırılıb.

Zəngilan ərazisindən keçən Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2023-cü ildə, Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd avtomobil yolunun inşası isə 2024-cü ildə yekunlaşacaq. Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün 2021-ci ilin aprel ayından tikintisinə başlanılan Zəngilan Beynəlxalq Hava Limanı isə bu ilin sentyabr ayında istifadəyə veriləcək. Artıq limanda ilk sınaq uçuşları yerinə yetirilib.

Zəngilanın yenidən qurulmasında ilk vacib məsələ ermənilərin işğal illərində zərər vurulmuş ekosisteminin bərpasıdır. Diqqətə çatdırılıb ki, Zəngilanın Bəsitçay hövzəsi boyunca yerləşən təbii çinar meşəsi Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük çinar meşəsi idi. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində çinar meşələrinə də ekosid həyata keçirilib. İşğaldan azad edilən Zəngilan rayonu ərazisində mütəxəssislər tərəfindən meşələrə vurulan ziyanın qiymətləndirilməsi prosesi aparılıb. Zərər vurulmuş ekosistemin bərpası üçün 2020-ci ilin dekabr ayından başlayaraq Zəngilan rayonu ərazisində 20000 çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib. Təbii potensialının olmasını nəzərə alaraq, Zəngilan rayonunda həm dayanıqlı kənd təsərrüfatının, həm də turizm sahəsinin, xüsusilə ekoturizm və kənd turizminin inkişafına təkan verə biləcək sahələrin inkişafı da nəzərdə tutulub. İstər kənd təsərrüfatının inkişafı, istərsə də turizm potensialının istifadəsi burada yaşayan əhalinin məşğulluğuna müsbət təsir edəcək.

Sonra xarici KİV nümayəndələri kənddə yaradılan infrastrukturla tanış olublar.

AZƏRTAC