Neft milyonçusu - Ağa Musa Nağıyev
Tarixi şəxsiyyətlər

Neft milyonçusu - Ağa Musa Nağıyev

Bu gün neft və milyonlar səltənətinin məşhur milyonçularından olan Ağa Musa Nağıyevin vəfatından 105 il ötür. Nağıyev 70 illik həyatını cəmiyyət və xalq üçün faydalı işlər görməyə sərf edib. Bir zaman hamballıq edən, sonra neft milyonçusuna çevrilən xeyriyyəçi Azərbaycanın memarlıq tarixində öz sözünü deyib. İnşa etdirdiyi 98 bina möhtəşəmliyi ilə artıq şah əsərdir. "Tikmədim özüm qalam, tikdim ki, izim qala" deyimi də elə Ağa Musa Nağıyevin timsalında həqiqəti ifadə edir. Sözügedən memarlıq inciləri sanki onun həyatını əks etdirirdi.

Musa Nağıyev 1849-cu ildə Bakı quberniyasının Biləcəri kəndində çox kasıb ailədə doğulmuşdu. Ailəsini saman satmaqla dolandıran atası Nağı dünyasını dəyişəndə Musaya heç bir miras qalmamışdı. Bu zaman 25 yaşlı Musa  bir neçə il qəpik-qəpik pul yığaraq sonda lazım olan məbləği düzəldib və Bibiheybətdə torpaq sahəsi alıb. Torpağı suvarmaq üçün quyu qazmağa başlayanda tale gənc Musanın üzünə gülür və quyudan neft fəvvarə vurur. Elə bu fontan da hamballıqla dolanan Musanı neft sənayeçisi və milyonçu Ağa Musa Nağıyevə çevirir. Bir dəfə Ağa Musaya deyirlər ki, Zəngəzurda mis mədəni satırlar, onu alsan qazanarsan. Soruşur ki, "Mis nədir, o da neft kimi fontan vurur?". Təəccüblə cavab verirlər ki, "Mis də fontan vurar? Əlbəttə ki, yox!". Cavabında Ağa Musa deyir: "Elə isə o mədən mənə lazım deyil. Mənimki fontandır. Atam, qaranlıq yerin altında iynə ilə gor qaza-qaza mis axtarmaq karıma gəlməz".

Artıq 1908-ci ildə Ağa Musa Nağıyevin mədənləri 12.328.300 pud xam neft hasil edərək rekord səviyyə göstərmişdi. Beş il ərzində, 1913-cü ilədək isə onun müəssisələri artıq ən iri Azərbaycan şirkətlərinin ilk onluğuna daxil olmuş, müxtəlif illərdə 6-cı, 7-ci yerləri tutmuşdu. Özünə daimi gəlir mənbəyi təmin etmək üçün M.Nağıyev tikinti işlərinə sərmayə qoymağa başlamışdı. O, 100 bina tikməyi arzu edirdi, lakin arzusuna qovuşmaq üçün cəmi iki bina çatmadı. Özünün tikintiyə olan meylini o, atasının vəsiyyəti ilə izah edərdi: "Allah ev tikənin ömrünü uzadır. Yadında saxla, oğul, nə qədər tikəcəksənsə, ömrün o qədər uzanacaq". M.Nağıyev özündən sonra Bakı sakinlərinə 98 bina miras qoyub. Bakı milyonçularından çoxsaylı tikililəri ilə fərqlənib.

Onun oğlu İsmayıl vaxtsız vəfat etdiyindən İstiqlaliyyət küçəsində tikdirdiyi bina İsmayılın xatirəsinə "İsmailiyyə" adlandırılmışdır. Bakının mərkəzində milli ornamentlərlə bəzədilmiş bir binanın layihələndirilməsi onun ən böyük arzusu olub və bu arzusunu da "İsmailiyyə" binası ilə həyata keçirib. 28 May küçəsindəki qoşa imarətlər, yenə həmin küçədə qırmızı kərpicdən tikilmiş əzəmətli bina, Nizami küçəsində Opera teatrının yanındakı yaşayış evi, Azərbaycan prospektində köhnə Mərkəzi poçt binası, Nigar Rəfibəyli küçəsindəki əzəmətli yaşayış binası, Səməd Vurğun küçəsində Qış klubu (indiki Zabitlər evi), "Astoriya" və "Yeni Avropa" mehmanxanaları və sair bu kimi şəhərin gözəgəlimli binaları Ağa Musa Nağıyevin vəsaiti hesabına tikilmişdir. Bu gün Nağıyevin şedevr binalarından çoxu inzibati idarələr kimi istifadə olunur. Bunlar  "SOCAR" və Rusiyanın "LUKOYL" neft şirkəti, Zabitlər evi, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi, AMEA, Azərittifaq, İqtisad Universiteti, "ÜNS" teatrı, DAK və s. binalardır. 28 May küçəsindəki binaların hər biri Bakıya  bu gün də gözəllik verir.

Tarixə  adı əfsanəvi milyonçu kimi yazılan M.Nağıyev öz sərvətini tikintiyə, cəhalətdə boğulan xalqının təhsilinin yüksəlməsinə sərf edərək, dünyagörüşünü genişləndirirdi. M.Nağıyevin vəfatından sonra bütün qəzetlər ən nüfuzlu və hörmətli şəxsin dünyadan köçdüyünü yazırdı. Musa Nağıyev 1919-cu il mart ayının 3-də 77 yaşında vəfat etmişdir.

Röya RÜSTƏMLİ,

"Respublika".