Yurd yerlərində azan səsi əks-səda verir
Sosial həyat

Yurd yerlərində azan səsi əks-səda verir

Sifətini gizlədən haylar erməni faşizminin və xuntanın torpaqlarımızda törətdikləri vəhşiliyə əl çaldılar, tost dedilər, Şuşada Cıdır düzündə yallı getdilər.

Elə zənn etdilər ki, bu işğal əbədi davam edəcək. Eyforiyaya qapıldılar, saxta və çürük mif yaratdılar, torpağına sığındıqları xalqı aşağıladılar. Yanıldılar, sərsəm fikirlərə qapıldılar. İslam aləminə nifrətini gizlətməyən ermənilər məscidləri təhqir etdilər, orada donuz saxladılar, qəbiristanlıqları dağıtdılar, dini və mədəni abidələri məhv etdilər. İşğaldan azad edilən ərazilərə diqqət yetirəndə bir daha aydın olur ki, ermənilər 30 ilə yaxın azərbaycanlıların evlərini, yurd yerlərini talan edəndən sonra oraları ölü zonaya, səhraya çeviriblər. İşğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb.

Həmin ağır illərdə ermənilərə xristian təəssübkeşliyi göstərildi, ABŞ, Fransa başda olmaqla bəzi dövlətlər onlara arxanızdayıq deyə qahmar durdular, əcnəbi şirkətlər Qarabağın sərvətlərini daşıdılar. Mədəni-dini irsimizi yer üzündən silməyə çalışan hayların murdar xisləti işğaldan azad edilən ərazilərin hər qarışında hiss olunur. Yerlə-yeksan edilən qədim Ağdam şəhərini xarici ekspertlər "Qafqazın Xirosiması" adlandırırlar. Qarabağ və Şərqi Zəngəzurda 67 məsciddən 65-i ermənilər tərəfindən dağıdılıb, qalan ikisindən isə donuz və inək tövləsi kimi istifadə edilib. Nəhayət, separatçılar və onların ətrafında olan haylar üçün əcəl zəngi çalındı, dəmir yumruq işə düşdü.

Qarabağda və Şərqi Zəngəzurda qazanılan tarixi Qələbə və şanlı Zəfər Azərbaycanda yaşayan bütün millətlərin sarsılmaz birliyi, qardaşlığı, döyüş ruhu və düşmənə nifrət hissi ilə əldə edildi. Şanlı tarix yazan igidlərimizin qəhrəmanlığı, Silahlı Qüvvələrimizin rəşadəti, döyüş qabiliyyəti, milli ruhu və düşmənə qarşı qisas hissi birliyimizin sarsılmaz ifadəsinə çevrildi. Yurd həsrətli insanlar bir-birinə gözaydınlığı verdilər, doğma məmləkətim, gözün aydın olsun dedilər, yaralara məlhəm qoyan liderimiz illər uzunu çəkdiyimiz bütün ağrıları, həsrəti, sinəmizi deşən torpaq itkisini, nakam ruhların acısını, əyilmiş şərəfimizi, kölgəli gözlərimizi, kəsərdən düşən sözümüzü, itən qürurumuzu, iftixarımızı geri qaytardı. Araqatanların, naxələflərin, ermənilərə "qorxma" deyənlərin niyyətlərinə, islam dini pərdəsinə bürünən, əslində isə ermənilərdən çox ermənilik edən, nifaq salmağa, suyu bulandırmağa cəhd göstərən bədnam qonşunun çabalarına, Fransanın haqsız iddialarına baxmayaraq, Azərbaycanın hərbi, siyasi, mənəvi-psixoloji üstünlüyü qara qüvvələrin qarşısına möhkəm sipər çəkdi.

Azərbaycan bölgədə sülhün, əmin-amanlığın, sabitliyin, inkişafın, tərəqqinin, əməkdaşlığın mərkəzinə çevrilib, bir çox beynəlxalq tədbirlərin işğaldan azad olunan, həm tarixi, həm də modern şəhərsalma üslubunda bərpa edilən, yenidən qurulan Ağdam, Füzuli, Laçın, Şuşa şəhərlərində keçirilməsi hər birimizdə qürur hissi yaradır.

Ağdam Cümə məscidi, başımıza gətirilən faciələrin şahidi, müqəddəs ibadət evi. Cümə məscidi işğal zamanı qismən dağıdılıb. İşğal illərində "Associated Press" nəşri qeyd edirdi ki, məscid Ağdam şəhərində tam dağıdılmayan tək tikilidir, burada mal-qara və donuz saxlanılıb. Məscidin interyeri baxımsız və dağıdılmış vəziyyətdədir. Ağdamda ermənilərin müharibə cinayətləri ölçüyəgəlməzdir. Bu dağıntılar ermənilərin vəhşiliyindən xəbər verir, düşmən Ağdamda Azərbaycanın tarixi-mədəni irsinə qarşı görünməmiş vandalizm həyata keçirib. Erməni vandalizminə məruz qalan Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib. Ölkə əhəmiyyətli abidələr siyahısında olan bu məscid "Qarabağ məscid memarlığı" məktəbinə aiddir. İşğal illərində ermənilər məscidi hərbi məqsədlərə görə dağıtmayıb, onun minarələrindən koordinasiya üçün istifadə ediblər. Məscidin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz hala salınıb.

Hərbi-siyasi üstünlük nəticəsində bir güllə atılmadan işğaldan azad ediləndən üç gün sonra, 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində olublar. Prezident İlham Əliyev Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışlayıb: "Bu gün mən Ağdam məscidinə Məkkədən gətirdiyim "Qurani-Kərim"i bağışladım. Mən xoşbəxt adamam ki, dörd dəfə Məkkə ziyarətində olmuşam. Bir dəfə rəhmətlik atamla, üç dəfə isə Prezident kimi. Xoşbəxtəm ki, mən ailə üzvlərimlə bərabər müqəddəs Kəbənin içində dualar etmişəm. Hər bir insanın ürəyində nə varsa, mənim ürəyimdə də eyni duyğulardır. Etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan istəyirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpağımıza qayıdaq. Bu gün burada, vandallar tərəfindən dağılmış məscidin önündə deyirəm ki, xoşbəxt adamam. Bir daha Allaha şükür edirəm ki, mənim dualarımı eşidib, bu gücü mənə verib".

Qeyd edək ki, Prezident İlham Əliyev Ermənistana kapitulyasiya aktı imzalatdırdıqdan sonra işğaldan azad edilmiş torpaqlara ilk səfərini Ağdamdan, məhz Cümə məscidindən başlamışdı. Dövlətimizin başçısı və birinci xanım bir neçə dəfə Ağdama səfər edib, Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində aparılan bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Bərpa işləri bütövlükdə tarixi görünüşə uyğun olaraq həyata keçirilib. Aprelin 25-də xalqımız unudulmaz tarixi günlərdən birini yaşadı. Ağdam Cümə məscidinin təmir və bərpadan sonra açılışı oldu. İşğaldan azad edilmiş Ağdamdan azan səsi ucaldı. Prezident, Qalib Ali Baş Komandan İlham Əliyev ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak etdi. Dövlət başçılarına məlumat verildi ki, işğaldan azad olunan ərazilərdə tarixi-mədəni və dini abidələrin bərpası layihələri çərçivəsində Ağdam Cümə məscidindəki işlər yekunlaşıb və məscid əvvəlki görkəminə qaytarılıb. Ağdam Cümə məscidinin bərpasına 2022-ci ilin martından başlanılıb. Konservasiya və restavrasiya işləri məscidin ilkin memarlıq üslubuna uyğun olaraq Heydər Əliyev Fondu tərəfindən aparılıb. "PAŞA Holdinq" şirkətinin dəstəyi ilə aparılan bərpa işlərinə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər, Avstriyanın "Brugger&KO Restauratoren GmbH" şirkəti də cəlb olunmuşdu. Restavrasiya prosesinin qüsursuz yerinə yetirilməsi məqsədilə ilkin tikinti zamanı istifadə olunan materiallar avstriyalı ekspertlər tərəfindən araşdırılıb. Məscidin eyvan divarlarında daş və birləşmələr qeyri-təbii materiallardan təmizlənib, həmçinin bünövrələrin möhkəmləndirilməsi işləri aparılıb. Qırıq minarə daşları bərpa olunub, taxta konstruksiyaların bərpası və konservasiyası işləri görülüb. Damdakı günbəzlərin zədələnmiş suvağının aradan qaldırılması, günbəzlərin və anbarların əhəng suyu və əhəng qatı ilə gücləndirilməsi, divar tacının yenidən qurulması və uyğun təbii daşlarla doldurulması prosesi tamamlanıb. Məscidin içindəki daşlar, giriş qapısı, fasadı tarixi görkəminə uyğun restavrasiya edilib. Qeyd edək ki, işğal dövründə - 2000-ci il mayın 9-da ümummilli lider Heydər Əliyevə təqdim olunmuş Ağdam Cümə məscidinə aid daş parçası da burada nümayiş etdirilir. Ağdam Cümə məscidinin işçisi Mehman Nəsibov bildirib ki, bundan sonra məscid öz tarixinin yeni səhifəsinə qədəm qoyur. İndi Ağdam Cümə məscidindən ucalan azan səsi külli Qarabağa yayılır və dağlarımızda, yurd yerlərimizdə əks-səda verir.

Salman ALIOĞLU,

"Respublika".