Güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir
Digər xəbərlər

Güclü, qüdrətli, qalib Azərbaycan hər birimizin qürur mənbəyidir

Milli dövlətçiliyin yaranmasında və inkişafında, milli birliyin və maraqların təmin edilməsində liderin rolu əvəzsizdir. Siyasi liderliyin ilkin şərti dövlətin inkişaf yolunu müəyyən etmək, xalqı yeni zəfərlərlə dolu qalibiyyətli gələcəyə aparan siyasəti təmin etməkdir. Müstəqillik tariximizin ayrı-ayrı dövrlərini paralellər əsasında müqayisəli təhlil etdikdə Liderin ölkənin həyatında əhəmiyyətli rolunu daha aydın şəkildə görürük. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın hansı problemlərlə, faciələrlə üz-üzə qaldığı tariximizin qaranlıq səhifəsi kimi daim vərəqlənir. O illərdə ölkəyə rəhbərlik edənlərin siyasi savadsızlığı, dövlətin deyil, öz şəxsi maraqlarını öndə saxlamaları Azərbaycanı böyük bir uçuruma gətirib çıxardı. Həmin dövr, eyni zamanda torpaqlarımızın işğalı ilə xarakterizə edilir. Silahlı Qüvvələrin torpaqlarımızın deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb oldu. Belə bir ağır günlərdə xalq öz xilaskarına - Ulu Öndər Heydər Əliyevə üz tutdu. Xalqının, ölkəsinin taleyinə biganə qalmayan Ümummilli Lider hakimiyyətə qayıdışı ilə yeni bir Azərbaycan qurdu.

Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərindən bəhs edərkən xilaskarlıq missiyası ilə yanaşı, milli birliyin təmin edilməsi istiqamətində atdığı addımlar və onların uğurlu nəticələri də xüsusi vurğulanır. Bu birlik, azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi Ümummilli Liderin hakimiyyətinin hər iki dövründə, fəaliyyətinin Naxçıvan mərhələsində xüsusilə diqqətdə olub. Bu fikir daim önə çəkilir ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin missiyası yalnız Azərbaycan dövlətinin dayaqlarının möhkəmləndirilməsi, müstəqilliyin qorunması və inkişaf etdirilməsi kimi şərəfli vəzifəni yerinə yetirməklə bitmədi. Dahi şəxsiyyət, eyni zamanda xalqımızı bir amal, məqsəd və məram uğrunda səfərbər edən azərbaycançılıq ideologiyasını yaratdı.

Qeyd edək ki, milli birliyin təmin edilməsi yönündə mühüm addım Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən atılmışdı. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi bayramı kimi qeyd edilməsi barədə qərar qəbul edildi. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət etdi. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dünya azərbaycanlılarının birliyi, diaspor quruculuğu dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ümummilli Lider ilk olaraq belə bir çağırışı səsləndirdi ki, müstəqilliyimizi, suverenliyimizi daimi etmək üçün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları bir amal - azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməlidirlər. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları bir araya gətirmək üçün həmin ölkələrdə Azərbaycan cəmiyyətləri, mərkəzləri yaradıldı. Buna nail olduqdan sonra Ümummilli Lider bu birliyin, həmrəyliyin vahid mərkəzdən idarə olunması üçün Dünya Azərbaycanlılarının qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Dövlət başçısının Sərəncamı əsasında 2001-ci il 9-10 noyabr tarixlərində Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Qurultayda çıxış edən Ümummilli Lider Heydər Əliyev: "Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olubdur. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir", söyləyərək vurğulamışdır ki, müstəqil Azərbaycan öz milli mənafelərinə uyğun xarici siyasət aparır. Müstəqil xarici siyasət aparmaq müstəqilliyi daha da möhkəmləndirmək deməkdir. Biz həm xarici əlaqələrdə, həm də Azərbaycanın daxilində bir çox çətinliklərlə rastlaşmağımıza baxmayaraq, öz müstəqilliyimizi qoruyaraq dünyada müstəqil siyasət aparırıq.

Dünya Azərbaycanlılarının I Qurultayı soydaşlarımızın birliyində əhəmiyyətli rol oynamaqla yanaşı, onların qarşısında həqiqətlərimizin, ən əsası hazırda tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması vəzifəsini qoydu. Ümummilli Liderin xarici ölkələrə elə bir səfəri yox idi ki, həmin ölkələrdə yaşayan soydaşlarımızla görüşməsin, eyni zamanda səfər çərçivəsində aparılan danışıqlarda Qarabağ münaqişəsi diqqətdə olmasın. Ulu Öndər Heydər Əliyev Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktını dəfələrlə beynəlxalq təşkilatların siyasi gündəliyinə gətirmişdir. Ümummilli Liderin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycanın ətrafında yaradılan informasiya blokadasını yarmaq oldu. Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycan haqqında məlumatsızlıq erməni yalanlarının ayaq tutub yeriməsinə səbəb olmuşdur. Azərbaycana qarşı ədalətsiz "907-ci düzəliş"in tətbiqi də bunun bariz nümunəsi idi. Azərbaycanın real faktlara, tarixi həqiqətlərə söykənən siyasəti nəticəsində erməni yalanları ifşa edildi.

Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan müstəqil siyasəti uğurlu nəticələrlə diqqətdədir. Ölkəmizə qarşı ikili standartlar nümayiş etdirilsə də, bu yanaşmalar dövlətimizi, xalqımızı ruhdan salmır, əksinə daha böyük nailiyyətlərin əldə olunmasına səylər göstərilir. Həqiqətlərimizin təbliğində dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın üzərinə böyük məsuliyyət düşür. Bu məqamı da xüsusi qeyd etməliyik ki, hələ hakimiyyətinin birinci dövründə dövlətimizin müstəqil gələcəyini düşünən Ümummilli Liderin mühüm addımları sırasında Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi oldu. Bu yolla Azərbaycanımızın elmi və kadr potensialının yüksəldilməsi ilə yanaşı, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği də həyata keçirilirdi. Azərbaycançılıq ideologiyasının inkişaf etdirilməsi əsas hədəflər sırasında idi.

Təbliğat işinin yüksək səviyyədə qurulması, Azərbaycanın yeni dostlar, tərəfdaşlar qazanması ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin uğurlu xarici siyasəti nəticəsində Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza yaradıldı. Məhz diplomatik uğurlarımız 44 günlük İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyət kəsb etdi.

2003-cü ildən bu günədək Heydər Əliyev siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev birliyimizin, həmrəyliyimizin möhkəmləndirilməsini qarşıya əsas hədəf kimi qoymaqla yanaşı, bu istiqamətdə mühüm addımlar atır. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyimizin təqdimatı oldu. Prezident İlham Əliyev müharibə dövründə dünyanın ən böyük media qurumlarına 30-dan çox müsahibə verdi, münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırdı. İnformasiya savaşının əsas konturlarını təşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinə istiqamət verdi. Ardıcıl, dünyanın ən müxtəlif ölkələrinin, müxtəlif kanalları vasitəsilə aparılan müsahibələri real mübarizə vasitəsinə çevirən Azərbaycan Prezidenti informasiya müharibəsində də qalib gəldi. Həmin nitqlərdə gerçəklikdən doğan konkretlik, qətiyyət, iradə əsaslı şəkildə yer alırdı. Müzəffər Ali Baş Komandan verdiyi müsahibələrlə münaqişə ilə bağlı dünyanın fikrini dəyişdirməyə müvəffəq oldu.

İkinci Qarabağ müharibəsi ölkəmizdə milli həmrəyliyi, milli birliyi daha da gücləndirdi. Azərbaycanda yaşayan bütün xalqlar böyük bir ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir.

Tarixi Zəfərimizin reallıqları fonunda Qarabağın tacı Şuşa dünya azərbaycanlılarını bir araya gətirərək V Qurultaya - Zəfər Qurultayına ev sahibliyi etdi. Dövlət başçısı İlham Əliyev Qurultaydakı çıxışında böyük qürur hissi ilə bildirmişdir: "Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq. Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün. Bu tarixi missiyanı həyata keçirən bizim qəhrəman övladlarımız tarix qarşısında, xalq qarşısında, Vətən qarşısında misilsiz xidmətlər göstərmişlər. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər". Cənab İlham Əliyev onu da qeyd etmişdir ki, 2001-ci ildə keçirilmiş ilk qurultayda Ulu Öndər dərinməzmunlu çıxışında Qarabağ problemi ilə bağlı fikirlərini bildirmişdir və demişdir ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək, işğal altında olan torpaqlar işğaldan azad ediləcək və Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıdacaqdır.

Azərbaycan həqiqətlərinin, tarixə qovuşan Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılmasında Heydər Əliyev Fondunun xidmətləri böyükdür. May ayının 10-da yaranmasının 20 illiyini qeyd edəcək Heydər Əliyev Fondunun ötən dövr ərzində tariximizin, həqiqətlərimizin, milli-mənəvi dəyərlərimizin təbliğinə göstərdiyi diqqət çoxsaylı layihələrdə, keçirdiyi tədbirlərdə, çap olunan vəsaitlərdə və onların beynəlxalq ictimaiyyətə çatdırılmasında aydın ifadəsini tapır. Fondun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunması və təbliğ olunması istiqamətində apardığı tarixi xidmətlər sırasında Qarabağ həqiqətlərinin, Xocalı soyqırımının dünya xalqlarına çatdırılması üçün göstərdiyi səylər təqdirəlayiqdir. Müxtəlif dövlətlərdə təşkil olunan dinləmələr, keçirilən aksiyalar, münaqişə nəticəsində hüquqları pozulan azərbaycanlıların haqq səsinin, tələblərinin beynəlxalq təşkilatlarda səsləndirilməsində də Heydər Əliyev Fondunun xidmətləri böyükdür.

Bu gün işğaldan azad edilmiş bütün torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması hər bir azərbaycanlını qürurlandırır. Güclü, qüdrətli, qalib Azərbaycan bizim qürur mənbəyimizdir.

Fəxrəddin VƏLİYEV,

YAP Şəmkir Rayon Təşkilatının sədri.