Muğam ahəngində Azərbaycan cazı
Mədəniyyət

Muğam ahəngində Azərbaycan cazı

UNESCO-nun sülhməramlı səfiri, dünyaşöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü ilə təsis olunan Beynəlxalq Caz Günü 2012-ci ildən etibarən dünyanın bir çox ölkələrində qeyd olunur. Azərbaycan da həmin ildən bu dünya əhəmiyyətli caz hadisəsinə qoşulub. H.Hənkok Azərbaycanın Əməkdar artisti, pianoçu İsfar Sarabskini 2012-ci ildə ilk caz forumuna dəvət edib. 2015-ci ildə Parisdə keçirilən Beynəlxalq Caz Günündə ölkəmizi İsfar Sarabski, gənc pianoçu Etibar Əsədli, Əməkdar artist Ruslan Hüseynov, Elvin Bəşirov və Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi "Cəngi" folk-estrada qrupu təmsil edib.

Beynəlxalq Caz Günü 2017-ci ildən etibarən ölkəmizdə də qeyd olunur. Həmçinin artıq neçə illərdir Mədəniyyət Nazirliyinin təşkilatçılığı və digər qurumların iştirakı ilə ənənəvi Bakı Caz Festivalı keçirilir.

Cazı vaxtilə ABŞ-da istismar edilən hüquqsuz zənci əhalisi, öz vətənlərindən didərgin salınmış qara qulların əcdadları yaratmışlar.

İlk zənci qullar XVII əsrin əvvəllərində gəmi ilə Afrikadan Amerikaya gətirilmişlər.  Öz vətənindən, doğmalarından ayrı düşmüş, ağır əməkdən üzülmüş bu kölə insanlar musiqi ilə təskinlik tapmışlar.

Cazın əsas xüsusiyyətləri improvizasiya, ritm sərbəstliyi və geniş melodik nəfəsdən ibarətdir. Ritmdəki müntəzəm vurğuların ("bit") və bu vurğulardan yayınmaların ("svinq") mövcudluğu caz musiqisinə özünəməxsus rəngarənglik gətirmişidir.

Caz musiqisinin mahir ifaçıları və yaradıcıları olan Lui Armstronq, Dyuk Ellinqton, Benni Qudmen, Qlen Miller, Ella Fiscerald, Bessi Smqet və başqaları artıq bütün dünyada məşhurlaşmışdır.

Caz elementlərindən iri formalı musiqi əsərlərində (simfoniya, opera) istifadə edilməsi ("simfo-caz") sayəsində bir sıra görkəmli sənət əsərləri yaranmışdır.

Bu gün bütün dünyada azadlıq şərqisi kimi səslənən cazın öz qolu, axarı və cəzbetmə qüvvəsi vardır. Məsələn, Braziliya, Kuba, Polşa və digər bir neçə ölkədə cazın spesifik çalarları mövcuddur. Kuba cazı daha çox emosionallığı ilə seçilirsə, Azərbaycan cazı isə muğam üstündə qurulması ilə diqqəti cəlb edir.

Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Azərbaycan cazının bünövrəsi ötən əsrin 30-cu illərinin sonunda böyük musiqi xiridarları Niyazi və Tofiq Quliyevin yaratdıqları "Dövlət cazı" adı ilə tanınan Dövlət Estrada Orkestri tərəfindən qoyulmuşdur. Ansamblın ilk tərkibi üç trombon, eyni sayda truba, beş saksafon, royal, gitara və zərb alətlərindən ibarət olmuşdur. Orkestrin ilk konsert proqramına klassik cazla eyni səviyyədə Niyazinin və Tofiq Quliyevin pyesləri də daxil edilmişdir.

1941-1945-ci illər müharibəsi dövründə və müharibə qurtardıqdan sonra "Dövlət cazı"na rəhbərliyi Rauf Hacıyev həyata keçirmişdir. Amma 50-60-cı illərdə SSRİ-nin Qərb əleyhinə yönəlmiş təbliğat maşını ölkədə bu musiqi janrının inkişafına güclü ziyan vurmuşdur. Ancaq bütün qadağalara baxmayaraq, bu musiqinin fanatları bir yerə toplaşır, Qərb radiostansiyalarını dinləyir, sonra isə eşitdikləri musiqi parçalarını müstəqil surətdə ifa edirdilər. 60-cı illərdə Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı başlamışdır. Rafiq Babayevin "Qaya" vokal kvarteti yaranmış və nəhayət, Vaqif Mustafazadə dövrü başlamışdır.

Vaqif Mustafazadənin barmaqları pianinonun şirmayi dillərinə toxunduqca dinləyicilər heç vaxt eşitmədikləri musiqinin sehrində özlərini unudurdular. İnsanlara olan hörmətini, səmimi münasibətini o, öz musiqi əsərləri ilə bir növ tamamlayır, bütövləşdirirdi. Musiqiyə hamı kimi yox, özü kimi, fərqli, qeyri-adi və tam yeni nəzərlə baxırdı. Onun musiqisində və duyumunda Qərbin caz üslubu, elementləri ilə yanaşı, Şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdır.

V.Mustafazadə Moskvada, bir sıra keçmiş sovet respublikalarında qastrol səfərlərində olur, "Tallin-66", "Tallin-67" Beynəlxalq Caz Festivallarında iştirak edir.

Hazırda Azərbaycan cazının lideri bəstəkar-pianoçu Salman Qəmbərovdur. Hərtərəfli və ensiklopedik biliyə malik musiqiçi ən müxtəlif istiqamətlərdə işləyir və həmişə də uğur qazanır.

Aiza ŞABANOVA,

"Respublika".