GÖZÜNÜN İŞIĞI ÜRƏYİNDƏDİR...
Sosial həyat

GÖZÜNÜN İŞIĞI ÜRƏYİNDƏDİR...

Taleyinə fiziki imkansızlıq, ömrü yarımcan yaşamaq qisməti yazılıb. Amma arzu və əməlləri ilə taleyinə yazılmış yarımcanlığı həyat tərzinə çevirib. Hamımız kimi yaşayır, işləyir, ictimai faydalı əməyi ilə ölkəmizin uğurlarına öz töhfəsini verir.

Söhbətə ailəsindən başladı. Qürurla danışır:

- Həyat yoldaşım iki gözümdü, övladlarım tutalğaclarım. Sevib ailə qurmuşam. Səsini sevdim onun, o səs də məni həyata bağladı, görən gözüm, yaşam səbəbim oldu, məni xoşbəxtliyə qovuşdurdu. Uşaqlarım, kiçik olsalar da sağlamdüşüncəlidirlər, yaxşını yamandan ayırmaqda çox həssasdırlar. Nə qədər onlar yox idi, tək qanadlı quş kimi idim. Fiziki imkansızlığın ağrısı canımdan çıxmırdı. Sonra sevdim, valideynlərimin məsləhəti ilə ailə qurdum, oğlanlarım dünyaya gəldi. Onların hər biri doğulanda sanki gözlərimə işıq gəldi, bir az küskün, bir az da giley-güzarlı olduğum bu həyata çox sıx bağlandım. İki oğlum var: İzzət on yeddi, Nahid isə on beş yaşındadır. Hər ikisi idmançıdır. Böyük oğlum ağır atletika, kiçik isə kikboksinqlə məşğul olur.

Bir qədər susub əlavə etdi:

- Sevərək məşğul olduğum işim, xoşbəxt ailəm, dünyalar qədər qürurverici balalarım var. İnsana daha nə lazımdı...

Aramla danışır, mən də qeydlər edirəm. Söhbət zamanı hadisələri elə dəqiq, incəliyinə qədər düzgün ifadə edir ki, bəzən çaşıram, qeydləri dayandırır, başımı qaldırıb, tutqun eynəyinə, işıqlı simasına baxıram. Yarımcan insan yoxdur, həyatını kor yaşayan, necə yaşadığını bilməyən insan var. Həyat qəribədir. Taleyinə həyatını yarımcan yaşamaq qisməti düşmüş bu insan tanıdığım bir çox sağlam, qüsursuz doğulmuş gözlülərdən cəmiyyət üçün daha faydalı, daha nəcib işlərlə məşğuldur.

1985-ci ildə anadan olub. Gözdən anadangəlmə əlildir. Əvvəlcə Bakıda gözdən əlillər üçün internat məktəbində oxuyub. Ali təhsil almaq istədiyini deyəndə, çoxları üzünə deməsə də ürəklərində qınayıblar. Amma istək möhkəm daşı da dəlib keçən saf su damlaları kimi hər şeyi üstələyib. Təfəkkür Universitetində ali təhsil alıb.

Sonrakı həyatı ictimai faydalı əməklə bağlıdır. Fiziki Qüsurlu İnsanlar üçün Gəncə Regional İnformasiya Mərkəzində işləyir. Gözdən əlillər üzrə aparıcı mütəxəssisdir. Fiziki qüsurlu insanlara kompüterdə dərs keçir, onların telefonlarını, kompüterlərini səsli proqramla təmin edir ki, istifadə edə bilsinlər. Bundan başqa hərəkətlərində də qüsur varsa onlara əsa ilə heç kimin köməyi olmadan yerimək vərdişləri aşılayır.

- Takdildən istifadəni də öyrədirəm. Gözdən əlil üçün çox vacibdir. Takdil bilirsiniz də nədir, yəqin görmüş olarsınız yollarda sarı zolaqlar olur. Ondan ən çox gözdən əlillər istifadə edirlər. O zolaqlar nisbətən hündürdür, ayaqlarımızla hiss edir, əsa ilə toxunaraq hərəkət edirik. Bir növ tramvay xətti kimidir, hərəkəti istiqamətləndirir.

Birinci dərəcəli əlil Məhərrəm Qasımov həm də tanınmış idmançıdır. Təkcə respublikamızda deyil, Avropanın, dünyanın bir sıra mötəbər yarışlarında böyük uğurlar qazanıb. Milli paralimpiyaçılardan ibarət respublika yığma komandasının üzvüdür.

2018-ci ildə Gürcüstanın Bakuryani şəhərində Avropa birinciliyində, 2019-cu ildə isə Tunis Respublikasının paytaxtı Tunis şəhərində keçirilən yarışların qızıl zirvəsini fəth edib, dünya çempionu adını qazanıb. İndi idmanın sirlərini yeniyetmə əlillərə öyrədir. Deyir ki, gözdən əlil olsalar da idmana maraqları böyükdür, həvəslə gəlirlər. Bir azdan məşqlərə başlayacağıq. Gözdən əlil bir qız idmançımız var, çox istedadlıdır, uğur qazanacağına böyük ümidlər bəsləyirik.

Söhbətə ara verir, hiss edirəm ki, ürəyi sözlüdür. Soruşuram. Deyir ki, istəyirəm qəzetiniz vasitəsilə gözdən əlillərə müraciət edəm ki, onlar da Mərkəzə gəlsinlər. Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin layihəsi olan "Fiziki Qüsurlu İnsanlar üçün Regional İnformasiya Mərkəzi" Gəncədə yerləşir. 2011-ci ildə Mərkəzin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib. Regional Mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir, Naftalan şəhər və rayonlarının fiziki qüsurlu insanları istifadə edirlər.

Ən müasir texnologiyalarla təchiz olunmuş Mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, internetə çıxış, internetdə informasiyanın tapılması, əldə ediməsi kimi xidmətləri əhatə edən kompüter mərkəzi fəaliyyət göstərir. Bundan başqa, oxu zalında 50 adda audiokitab, Brayl əlifbası ilə nəşr olunmuş kitablar vardır.

"Kitab həvəskarı - kompakt" oxu maşınının vasitəsilə türk, ingilis, rus və sair dillərdə istənilən kitabı səsləndirmək olur. Gələcəkdə Azərbaycan dilində də istənilən kitabı səsləndirmək mümkün olacaq.

Mərkəzdəki kompüterlərə əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən oyunlar quraşdırılıb. Mərkəzin kitabxanasında lal və karlar üçün subtitrlə olan filmlərə istənilən vaxt baxmaq imkanı var. Burada təlim-məşq otağı, standartlara cavab verən audiostudiya da fəaliyyət göstərir.

Məhərrəm fəxrlə deyir ki, Regional İnformasiya Mərkəzində fiziki qüsurlu insanların cəmiyyət həyatında fəal iştirakı, onların informasiya kommunikasiyaları vasitəsilə məlumat əldə etmələri və biliklərini artırmaq imkanları ümumilikdə yaşayış tərzinin daha da yaxşılaşdırmaları üçün hər cür şərait yaradılmışdır.

- Yadımdadır, bir vaxtlar gözdən əlillər üçün ayrıca sex, istehsal sahələri var idi. Bəs, indi vəziyyət necədir?, - deyə soruşuram.

Bir az düşünür. Hiss edirəm ki, onu narahat edən məsələlər də var.

Vaxtilə olan istehsal sahələri fəaliyyətlərini dayandırıblar. Problem deyəndə ki, qabaqlar Gözdən Əlillər Cəmiyyəti dövlət təşkilatı idi, maaşları vardı, işləmək imkanları geniş idi. 1992-ci ildən sonra onlar qeyri-hökumət təşkilatı kimi fəaliyyətə başlayanda özlərini maliyyələşdirə bilmədilər. Sexlərin fəaliyyət göstərdiyi vaxtlarda orada istehsal olunan məhsulların satışını dövlət özü təşkil edirdi. Amma yeni dövrün tələblərinə, rəqabətədavamlı ola bilmədilər. Çünki spesifik iş şəraiti, hərəkət məhdudluğundan doğan problemlər, kommunal xidmətləri bir sıra əlavə çətinlik və problemlər yaradır. Özəl təşkilatlar üçün bütün bunlar da əlavə xərc deməkdir. Əlillər üçün sexlər və digər fəaliyyət sahələri tədricən bağlandı. İndi onlar dövlətdən aldıqları təqaüdlə dolanırlar.

Mərkəz haqqında ürəklə danışır. Söhbətin yönünü dəyişirəm:

- Nəsə maraqlandığın başqa bir sənət sahəsi varmı?

- Dulusçuluqla məşğul olmuşam. Hazırladığım fiqurları hazırda evdə saxlayıram. İşlərim respublika müsabiqəsində ikinci yerə çıxıb. İndi fəaliyyətimi dayandırmışam, gil əldə etmək, istehsal avadanlıqları çox baha başa gəlir.

Bir az susub əlavə edir:

- Fiziki qüsurlu insanların həyata inteqrasiyasına bəzi valideynlər laqeyd yanaşırlar. Dövlət şərait yaradır, onların hər biri oxumalı və cəmiyyətin tamhüquqlu fəal üzvlərinə çevrilməlidirlər. Yenə deyirəm, çox təəssüf ki, bəzi valideynlər bu işə qayğı ilə yanaşmırlar.

Yenə söhbət fiziki qüsurlu insanların həyata inteqrasiyasından düşür:

- Mənim kimi, yarımcan insanların birinci dayağı, əsl yaşam səbəbi ailəsidir. Ailəm, uşaqlarım sanki gözümün qabağındadır. Şəkillərini beynimdə yaratmışam, görə bilsəm, qələmlə də çəkərəm... Allaha qurban olum, insandan nəsə alırsa, naümid qoymur, əvəzində nəsə verir.

Görüşüb ayrılırıq. Əl sıxmasaq da, ürək yaxınlığı ilə sağollaşırıq.

İnsan istər sağlam olsun, istərsə də yarımcan, Allahın qismətidir, amma qədir-qiyməti ürəyinin odu ilə yaratdığı sanballı töhfələrlə ölçülür.

Vaqif TANRIVERDİYEV,

"Respublika".