Ölkəmiz dünyaya günəş kimi doğdu
Tarixi şəxsiyyətlər

Ölkəmiz dünyaya günəş kimi doğdu

1969-cu il iyulun 14-də respublikaya rəhbərliyə gələn ulu öndər Heydər Əliyev bütün fəaliyyəti  dövründə xalqa sədaqətlə xidmət amalı ilə çalışdı

Bir vaxt: "Gün gələcək Azərbaycan dünyaya günəş kimi doğacaq", - deyən, Azərbaycan dövlətçiliyini yalnız yüksəlişə və tərəqqiyə, müstəqilliyə və suverenliyə aparan bacarıqlı dövlət başçısı Heydər Əliyevin fəaliyyəti bir-birinə zidd olan iki müxtəlif ictimai-siyasi sistemin qovuşuğundan keçmiş və bunların hər ikisindən o, məharətlə istifadə edərək respublikamızın hərtərəfli inkişafını təmin etmişdir.

1969-cu ildə respublikaya rəhbərliyə gələn Heydər Əliyev, ilk növbədə, ən geridə qalmış sahələrə qayğı göstərməyə başladı. Kənd təsərrüfatı, ağır və yüngül sənaye, neft sahəsində yüksək məhsuldarlıq əldə etmək üçün yeni texnologiyaya diqqət artdı, elm, təhsil, mədəniyyət, ədəbiyyat və incəsənət sahəsində uğurlar əldə olundu.

1969-1982-ci illər ərzində respublikada milli gəlirin ümumi həcmi ən yüksək mərhələyə çatdı. Sənaye istehsalı, həmçinin əmək məhsuldarlığı iki dəfə, kənd təsərrüfatında istehsal olunan məhsulun ümumi həcmi 2,7 dəfə, xalq istehlakı mallarının istehsalı isə 3 dəfə artdı. İqtisadiyyatda köklü struktur və keyfiyyət dəyişiklikləri baş verdi, tərəqqinin və yüksəlişin təməli qoyuldu. Respublikanın əsas istehsal sahəsi olan neft, energetika, qara metallurgiya, kimya və neft kimyası sənayesi inkişaf etdikcə Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrildi.

Azərbaycanın müasir tarixində 1969-cu ildən sonrakı dövr dönüş mərhələsi, inkişafın təməlinin qoyulduğu dövr kimi səciyyələndirilir. Bütün ictimaiyyətin, tarixçilərin də etiraf etdiyi kimi, 1969-1982-ci illər Azərbaycanın quruculuq salnaməsinin işıqlı səhifələri olmuşdur.

Ulu öndərin hakimiyyətə gəlişi sanki şüurlarda inqilab yaratdı. Sovet quruluşunun bütün incəliklərinə dərindən bələd olan Heydər Əliyev Azərbaycanı tənəzzüldən çıxarmaq üçün mövcud bütün imkanları qısa müddətdə səfərbərliyə aldı. Özünəməxsus qətiyyət, müdrikliklə respublikamızın uzunmüddətli, dinamik, hərtərəfli inkişafını nəzərdə tutan kompleks inkişaf proqramları hazırlatdı və bu proqramlar icra olundu.

Ölkə iqtisadiyyatının bütün sahələrində tərəqqi meyilləri nəzərə çarpmağa başladı. Elmi-texniki tərəqqinin səviyyəsinə, modern texnologiyaların istehsal prosesində tətbiqinə görə Azərbaycan SSR keçmiş ittifaq respublikaları arasında ön sıraya çıxdı. Əhalinin gün-güzəranı yaxşılaşdı, insanların sabaha inamı artdı, milli dövlətçilik düşüncəsi formalaşdı.

Həmin dövrdə ulu öndərin təşəbbüsü ilə azərbaycanlı gənclərin respublikadan kənara ali təhsil almağa göndərilməsi kampaniyası başlandı. Ötən əsrin 60-cı illərinin sonlarına qədər Cənubi Qafqaz respublikaları arasında azərbaycanlıların SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almalarına süni maneələr yaradıldığı, hətta buna müəyyən hədd qoyulduğu halda, Heydər Əliyevin hakimiyyətə gəlişindən az sonra hər il ittifaqın nüfuzlu təhsil ocaqlarına iqtisadiyyat, hüquq, diplomatiya, dövlət idarəçiliyi, beynəlxalq münasibətlər, texniki elmlər və digər gərəkli ixtisaslar üzrə biliklərə yiyələnmək məqsədilə göndərilən Azərbaycan gənclərinin sayı 1400-ə qədər artırıldı.

Respublikada ana dilində fəaliyyət göstərən yüzlərlə uşaq bağçası, məktəb tikilərək istifadəyə verildi. Ümummilli liderin şəxsi müdaxiləsi və qayğısı sayəsində 70-ci illərdən başlayaraq Bakıda ali hərbi məktəblərə qəbul olunan gənclərin sırasında o dövrə qədər hərbi elitaya, demək olar ki, yaxın buraxılmayan azərbaycanlıların sayı davamlı şəkildə artdı, bu sahədə də milliləşdirmə prosesi geniş vüsət aldı. Həmin dövrdə Heydər Əliyev milli hərbi kadr hazırlığı sahəsində daha bir tarixi addım ataraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin əsasını qoydu ki, bu da azərbaycanlılar arasında hərbi işə marağın ictimailəşməsinə təkan verdi. Azərbaycan dövlətçiliyinin intellektual və əsgəri potensialının formalaşdırılmasına yönəlmiş bu cəsarətli addımların əhəmiyyəti, müstəqil dövlət quruculuğundakı əvəzsiz rolu bu günün prizmasından daha aydın, daha qabarıq görünməkdədir.

Bütün bunlar bir neçə on ildən sonra dünyada baş verə biləcək prosesləri və Azərbaycanın bu proseslərdəki mövqeyini irəlicədən görən müdrik dövlət adamının ölkənin gələcək müstəqilliyi ilə bağlı hələ sovet dövründən formalaşdırdığı əsaslar idi.

Ulu öndər öz xalqına, dövlətinə xidmətini SSRİ kimi nəhəng bir imperiyanın əsas rəhbərlərindən biri olanda da davam etdirirdi. O, Kremldə tək Azərbaycan SSR-in deyil, digər türk respublikalarının da ən qüdrətli hamisi idi. Bunlar isə Heydər Əliyevə xalq rəğbətini artırmaqla yanaşı, əleyhdarlarının da sayını çoxaldırdı.

Heydər Əliyev ittifaq səviyyəsində tutduğu vəzifədən istefa verdikdən sonra təkrar Azərbaycana döndü və doğulduğu Naxçıvana qayıtdı. Bölgənin ağır böhrandan çıxması üçün çalışdı. O zaman respublikanın həyatında həlledici bir mərhələ idi. Ölkədə xaos, anarxiya hökm sürürdü, kürsü davası gedir, torpaqlarımızın işğalı isə genişlənirdi.

Belə çətin bir dönəmdə ulu öndər yenə də xalqının köməyinə gəldi, dövlətçiliyimizi qorudu və onu parçalanmaqdan xilas etdi. 1993-cü il iyunun 15-də təkrar hakimiyyətə qayıdış Heydər Əliyevə olan ümumxalq sevgisinin daha bir ifadəsinə çevrildi. Ölkə tezliklə dirçəldi, müstəqilliyimiz əbədi oldu.

Bu gün ulu öndərin ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu ideyaların işığında müstəqil, qalib, dünyaya günəş kimi doğan Azərbaycan gələcəyə doğru inamla addımlayır.

Zümrüd QURBANQIZI,

"Respublika".