Yaxın günlərdə köç karvanları Susa yol alacaq
Sosial həyat

Yaxın günlərdə köç karvanları Susa yol alacaq

Azərbaycan Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinə son qoyaraq yeni dövrünü yaşayır. İşğaldan azad olunmuş ərazilərin mərhələli şəkildə minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin ardınca müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası istiqamətində mühüm işlər həyata keçirilir.

Ermənistan tərəfindən xarabazara çevrilən kəndlər, şəhərlər yenidən tikilib qurulur. Aparılan bərpa-quruculuq işləri, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, keçmiş məcburi köçkünlərin daimi məskunlaşmasına və iqtisadi fəallığın təmin olunmasına xidmət edir. Dövlətimiz tərəfindən işğaldan azad edilmiş bütün ərazilərimizdə nəhəng infrastruktur layihələri gerçəkləşdirilir.

Laçın rayon mərkəzi və kəndlərində də bərpa-quruculuq işləri aparılır. Ermənilər tərəfindən dağıdılmış rayon ərazisində aparılan tikinti-quruculuq işlərinin miqyası və sürəti yaxın gələcəkdə sakinlərin böyük qayıdışından xəbər verir. Füsunkar təbiətə malik Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. İşğala kimi rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi olub. Ümumi sahəsi 1835 kvadratkilometr olan Laçın rayonu 72 min hektar yaylaq sahəsinə və 34 min hektar zəngin meşə massivinə malikdir. Relyefi əsasən dağlıq ərazilərdən ibarət olan rayon dəniz səviyyəsindən 700 metrlə 3 600 metr arasında dəyişən hündürlükdədir. Bol su ehtiyatları olan rayonun ərazisindən axan Şəlvə və Minkənd çayları birləşərək Həkəri çayını (uzunluğu 113 km) yaradır ki, o da Araz çayına qovuşur.

1992-ci ilin may ayında ermənilər tərəfindən işğal edilən Laçının azad edilməsi Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin siyasi liderliyi, sərkərdəlik qabiliyyəti və Azərbaycan Ordusunun Vətən müharibəsindəki uğurlu hərbi əməliyyatları nəticəsində mümkün olub. Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Laçın rayonu dekabrın 1-də bir güllə atılmadan Azərbaycana qaytarılıb.

2022-ci il avqustun 26-da Laçın şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb. Dövlət başçısının Sərəncamına əsasən hər il avqust ayının 26-sı Laçın Şəhəri Günü kimi qeyd edilir. Laçında və ətraf kəndlərdə tikinti-quruculuq işləri aparılır, dağıdılmış kəndlər yenidən bərpa edilir. Onu da qeyd edək ki, işğal dövründə Zabux və Sus kəndlərində ermənilər tərəfindən qeyri-qanuni məskunlaşma siyasəti aparılmışdır. O da danılmaz faktdır ki, əvvəllər Laçın rayonunda bir dənə də olsun erməni yaşamayıb. 2022-ci il 12 avqustda İsmayıllı rayonuna səfər edən Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində işğal dövründə ermənilərin Laçın şəhərində, Zabux və Sus kəndlərində qanunsuz məskunlaşmaları barədə demişdir: "Onların orada qalması, əslində hərbi cinayətdir. Çünki o, Cenevrə konvensiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Bəlkə də orada yaşayanlar Suriyadan, Livandan gəlmiş ermənilər bunu bilmirlər, amma Ermənistan rəhbərliyi bunu yaxşı bilir. Ona görə oradan bəzi xəbərlər gəlir, biri deyir ki, mən çıxmayacağam, o biri deyir ki, mən çıxmayacağam. Özləri bilər. Onlar hərbi cinayətkardırlar. Yenə də bizi, bizim səbrimizi sınağa çəkməsinlər. Öz xoşu ilə oradan çıxıb getsinlər. Haraya gedirlər bizi maraqlandırmır".

Artıq Zabux kəndinə ötən ildən köç prosesi başlayıb. Mərhələli şəkildə keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar. Kənddə həyat öz axarı ilə davam edir. Bütün infrastruktur və digər xidmətlər kənd sakinlərinin istifadəsindədir. Zabux kənd orta məktəbi də öz fəaliyyətini bərpa edib.

Sus kəndində isə son tamamlanma işləri aparılır. Sus kəndi Laçın şəhəri ilə üz-üzə Mərkiz dağının ətəyində, Həkəri və Zabux çaylarının sahilində, Qarabağ yaylasında yerləşir. Susda Tat dərəsi, Aşağı Xallanlı, Yuxarı Xallanlı, Mərkiz məhəllələri olub. Kəndin camaatı Şadmannı tayfasına aiddir. İşğaldan əvvəl kənd əhalisi əsasən heyvandarlıq, bağçılıq və əkinçiliklə məşğul olub. Kəndin turizm potensialı da olduqca böyükdür. Həkəri çayının sahilində bulvara yaxın ərazidə bunqalov tipli evlər də tikilir ki, gələcəkdə yerli və xarici turistlər bura cəlb edilsin.

Yenidən tikilib bərpa edilən Sus kəndinə yaxın günlərdə köç prosesinə start veriləcək. Dövlət tərəfindən Böyük Qayıdış planına uyğun olaraq məcburi köçkünlərin doğma yurd-yuvalarına ən qısa zamanda qayıtması üçün bütün imkanlar səfərbər edilib. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə aparılır. Yaxın günlərdə Sus kəndinə yol açacaq köç karvanında ilkin mərhələdə 59 ailə qayıdacaq.

Bu günlərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Laçın rayonunun Sus kəndinə ilk köçürüləcək ailələr arasında püşkatma keçirilib. Yeni inşa edilmiş fərdi evlər indiyədək müvəqqəti məskunlaşma yerlərində yaşayan və həmin kənddə daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. 59 ailə arasında keçirilən püşkatmada, ailə tərkibinə uyğun olaraq onlardan 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evlə təmin ediləcəklər. Kənddə həmçinin 132 şagird yerlik məktəb və 50 yerlik uşaq bağçası da inşa edilib.

Əzəmətli Laçın dağlarının qoynunda yurd salmış Sus kəndi yaxın zamanlarda öz sakinlərini qarşılayacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".