DÜNYA BU GÜN
Dünya xəbərləri

DÜNYA BU GÜN

ZELENSKİ: HƏRBİ YARDIMLAR UKRAYNA ÜÇÜN YETƏRLİ DEYİL

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın hərbi yardımının artıq ölkəyə daxil olmağa başladığını açıqlayıb. “Trend” agentliyinin xəbərinə görə, Zelenski bu barədə Kiyevdə səfərdə olan NATO baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bəyan edib.

Ukrayna prezidenti deyib: “Müəyyən təminatlar daxil olmağa başlayıb, bunların konkret nələr olduğunu təfərrüatı ilə deməyəcəyəm. Əfsuslar olsun ki, bunlar ordumuzu tamamlamaq və müvafiq sayda briqadanı komplektləşdirmək üçün yetərli deyil”.

Zelenski həmçinin, təhlükəsizlik təminatlarına dair sazişlərin Ukraynanın ABŞ və saziş imzaladığı digər ölkələrdən dəstək gözlədiyi zamanda çox kömək etdiyini və Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinə yardımçı olduğunu vurğulayıb.

Yens Stoltenberq öz növbəsində qeyd edib ki, Alyans üzvləri rəsmi Kiyevə dəstəyi artırmaqla bağlı razılığa gəliblər. Baş katibin sözlərinə görə, ABŞ-ın yeni yardım paketini təsdiqləməsi, Böyük Britaniyanın ən böyük yardım paketini elan etməsi, Almaniyanın əlavə hava hücumundan müdafiə sistemlərini Ukraynaya təhvil verməsi və Niderlandın yardımı artırması buna nümunədir.

ABŞ VƏ TÜRKİYƏ YAXIN ŞƏRQDƏKİ VƏZİYYƏTİ MÜZAKİRƏ EDİBLƏR

ABŞ-ın dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidana Yaxın Şərqdə gərginliyin daha da artmasının qəbuledilməz olduğunu bəyan edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller Blinken və Fidan arasında Ər-Riyaddakı görüşü şərh edərkən bildirib.

Mətbuat katibinin sözlərinə görə, tərəflər girovların azad edilməsinə və təcili atəşkəsə yönəlmiş səyləri müzakirə ediblər. Eyni zamanda, Blinken Qəzza zolağında hərbi əməliyyatların davam etməsinə görə HƏMAS-ın məsuliyyət daşıdığını diqqətə çatdırıb.

Bununla yanaşı, Hakan Fidan və Entoni Blinken bölgədə davamlı sülhün təmin olunması, o cümlədən tamhüquqlu Fələstin dövlətinin yaradılması yolu ilə davam edən səyləri nəzərdən keçiriblər.

DUBAYDA HAVA LİMANININ GENİŞLƏNDİRİLMƏSİ 35 MİLYARD DOLLARA BAŞA GƏLƏCƏK

Dubay hakimiyyəti şəhərin cənub hissəsində yerləşən Əl-Məktum Beynəlxalq Hava Limanında yeni sərnişin terminalının tikintisinə 34,8 milyard dollar ayıracaq. “Trend” agentliyinin məlumatına görə, bunu Dubay Əmiri, BƏƏ-nin baş naziri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktum bildirib.

“Bu gün biz Əl-Məktum Beynəlxalq Hava Limanında yeni sərnişin terminalının layihəsini təsdiqlədik. Dubay Aviasiya Korporasiyası tərəfindən hazırlanmış strategiyanın bir hissəsi olaraq sərnişin terminalının tikintisinə göstəriş verdik”, - deyə BƏƏ-nin baş naziri vurğulayıb.

Eyni zamanda, baş nazirin sözlərinə görə, yeni terminal ildə 260 milyondan çox sərnişin tutumu ilə dünyanın ən böyük hava limanlarından birinə çevriləcək. Həmçinin 400 təyyarəni qəbul edə bilən yenilənmiş nəqliyyat qovşağının beş paralel uçuş-enmə zolağı ilə təchiz ediləcəyi gözlənilir.

Bununla yanaşı, baş nazir əlavə edib ki, bura hazırkı Dubay Beynəlxalq Hava Limanından 5 dəfə böyük olacaq.

AVSTRALİYA GƏLƏCƏYİN “GÖZƏGÖRÜNMƏZ” SUALTI QAYIĞINI HAZIRLAYIR

Hazırda daha çox ölkə hərbi texnika nümunələri baxımından fəaliyyətlərində yeniliklər etməyə çalışır. “TRT” telekanalının verdiyi xəbərə görə, müdafiə baxımından sualtı qayıqlar daha çox diqqət çəkir. Bu səbəbdən Rusiya-Ukrayna və İsrail-Fələstin münaqişələri fonunda Almaniya və Avstraliya kimi bəzi ölkələr müdafiə sənayelərinə, xüsusilə bu növ məhsullara sərmayələrini artırmağa başlayıblar.

Məlumata əsasən, aşkarlanması çətin olduğu üçün “Gözəgörünməz köpəkbalığı” adlandırılan sualtı qayıq Avstraliya hərbi donanması tərəfindən hazırlanır. Qayıq böyük olmayan ölçüləri ilə seçilir və bu xüsusiyyətləri dənizdə hərəkət edərkən onu daha da “görünməz” edir.

Bununla yanaşı, qurğunun digər xüsusiyyətlərinə gəldikdə, bu tip sualtı qayıq vasitəsilə heyət sayını çoxaltmağa ehtiyac olmadan komandaların hücum gücünü artırmaq mümkün olacaq.

TÜRKİYƏDƏ TERROR AKTI HAZIRLAYANLARA QARŞI ƏMƏLİYYAT KEÇİRİLİB

Türkiyə hüquq mühafizə orqanları ölkənin 40 vilayətində əməliyyat keçirərək İŞİD və PKK terror qruplaşmalarının fəaliyyətində iştirak etməkdə şübhəli bilinən 200-ə yaxın şəxsi saxlayıblar. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib.

Bildirilir ki, İstanbulda İŞİD terror qruplaşması adından terror aktı hazırlamaqda şübhəli bilinən bir neçə şəxs nəzarət altına alınıb.

“Beykoz rayonunda keçirilən əməliyyat nəticəsində partlayıcı maddələr barədə məlumatlı K.A. saxlanılıb. Onun terror aktı hazırladığı və bomba istehsalında istifadə edilən kimyəvi maddələri sınaqdan keçirdiyi müəyyən edilib”, - deyə nazir bildirib.

Ali Yerlikayanın sözlərinə görə, ələ keçirilən partlayıcılar irimiqyaslı partlayışa səbəb ola bilərdi. Nazir həmçinin qeyd edib ki, partlayıcı mütəxəssisi ilə əlaqəsi olan daha 7 nəfər saxlanılıb.

Xatırladaq ki, nazir daha əvvəl bildirmişdi ki, 2023-cü il iyunun 1-dən aprelin 22-dək İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən təqribən üç min şübhəli şəxs saxlanılıb, onlardan 718-i həbs edilib.

SƏUDİYYƏ ƏRƏBİSTANI ABŞ-LA MÜDAFİƏ PAKTINA ÇOX YAXINDIR

ABŞ-Səudiyyə Ərəbistanı arasında müdafiə və təhlükəsizlik sahəsində ikitərəfli sazişlə bağlı işlərin çoxu yekunlaşıb. “TASS” agentliyinin xəbərinə görə, bu barədə Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysəl bin Fərhan Əl-Səud ölkə paytaxtı Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunun xüsusi sessiyasında çıxışı zamanı bəyan edib.

“ABŞ-la ikitərəfli sazişlərin imzalanmasına çox yaxınıq. İşlərin çox hissəsi artıq yekunlaşıb. Fələstin cəbhəsində baş verməli olduğunu düşündüyümüz məsələlərlə bağlı ümumi konturlarımız mövcuddur”, - deyə XİN başçısı müdafiə paktının bağlanması perspektivləri ilə əlaqədar sualı cavablandırarkən vurğulayıb.

Xatırladaq ki, bir müddət öncə “Röyters” agentliyi Ər-Riyadın Vaşinqtonla NATO-nun kollektiv təhlükəsizlik xartiyasının 5-ci maddəsinə yaxın şərtlər əsasında müdafiə paktı bağlamaq üzrə danışıqlar apardığını xəbər vermişdi. Bu maddəyə əsasən, alyansın bir üzvünə hücum onun bütün ölkələrinə müharibə elan etməyə bərabərdir. Agentliyin mənbələrinin məlumatına görə, təhlükəsizlik zəmanəti müqabilində Səudiyyə Ərəbistanı İsraillə tam diplomatik əlaqələr qura biləcək.

ALMAN NAZİR MÜLKİ MÜDAFİƏ XƏRCLƏRİNİ ARTIRMAĞA ÇAĞIRIB

Almaniyanın daxili işlər naziri Nensi Fezer Ukraynada davam edən münaqişə fonunda ölkəsində mülki müdafiə xərclərinin artırılmasına çağırış edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Die Zeit” nəşri məlumat yayıb.

“Biz yaxşı xəbərdarlıq sistemlərinə, müasir helikopterlərə və digər avadanlıqlara daha ciddi investisiyalar yatırmalıyıq”, -  deyə nazir vurğulayıb.

Nəşr qeyd edib ki, eyni vəziyyət böhranlı vəziyyətlərdə kritik infrastruktur və təchizatlara da aiddir.

Nensi Fezer bildirib ki, Ukraynadakı münaqişə dünyada, o cümlədən Avropa İttifaqı və NATO ölkələrində təhlükəsizlik sahəsində vəziyyətin tamamilə dəyişməsinə səbəb olub.

Bununla yanaşı, nazirin sözlərinə görə, sözügedən münaqişə başlayandan kiberhücumlar, casusluq və dezinformasiyanın yayılması riski kəskin şəkildə artıb və bu səbəbdən Almaniya təkcə “hərbi çəkindirmə” üzərində deyil, həm də mülki müdafiə üzərində işləməlidir.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.