Laçın - yaşıl şəhər
Region

Laçın - yaşıl şəhər

"Siz sabah Laçına səfər edəcəksiniz. Mən burada çoxlu tanış simalar görürəm və bilirəm ki, forum iştirakçıları artıq Şuşa, Ağdam və Zəngilanda olublar, bu dəfə isə Laçına səfər edəcəklər. Ancaq yeni iştirakçılar da var və əminəm ki, siz səfərinizdən zövq alacaqsınız. Laçın Azərbaycanın ən füsunkar bölgələrindəndir və yaşıl gələcək haqqında danışırıqsa görəcəksiniz ki, Laçın tamamilə yaşıldır". Bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilmiş "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.

Ermənistanın işğal etdiyi ərazilər arasında irimiqyaslı köçürülmə proqramının həyata keçirildiyi yeganə rayonudur Laçın. Məsələ burasındadır ki, buraya erməni köçkünlər digər ölkələrdən gətirilirdi. Cenevrə konvensiyasına zidd olan bu qanunsuz məskunlaşdırma mahiyyət etibarilə hərbi cinayət sayılsa da, erməni liderlər bunu qəsdən törədir, Laçının bir gün onun əsl sahibləri tərəfindən qaytarılacağı barədə heç düşünmürdülər. Ermənilərin bu bölgədə daha çox yerləşməsinin isə bir sıra səbəbləri vardı. Əvvəla, Laçın Ermənistanla sərhəddir və Birinci Qarabağ müharibəsində məhz bu rayonun işğalından sonra düşmən artıq ələ keçirdiyi ərazilərə qoşun, texnika və döyüş sursatı göndərmək imkanı qazanmışdı. Təsadüfi deyil ki, 2020-ci il dekabrın 1-də Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında da Ordumuzun bölmələrinin Laçına nəzarəti ələ keçirdiyi və bu rayonun işğaldan azad edilməsinin Qarabağın təhlükəsizliyi üçün böyük əhəmiyyətə malik olduğu vurğulanırdı. Digər bir tərəfdən Laçın illərlə işğal altında qalan bölgələrimiz arasında ən gözəli idi.

Bu gözəl məkanın azad edilməsi müjdəsini xalqına çatdıran Prezident Ali Baş Komandan İlham Əliyev öz müraciətində demişdi: "Laçın rayonunun zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri bizim milli sərvətimizdir. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rolu olacaqdır".

Laçının tam nəzarətə götürülməsi ilə Azərbaycanın ərazi bütövlüyünün, həmin ərazilərdə suverenliyimizin tam bərpası təmin edildi. Laçına ilk səfərində orada Azərbaycan bayrağını qaldıran dövlət başçısı o bayrağın burada əbədi dalğalanacağını qürurla söyləmişdi. Prezident bununla həm də bütün dünyaya Azərbaycanın bir qarış torpağından vaz keçməyəcəyini nümayiş etdirmişdi o gün.

Ermənilər uzun illər işğal altında saxladıqları bütün ərazilərimizdə, o cümlədən Laçında da maddi-mədəniyyət və dini abidələri dağıtmış, talan etmiş, mənimsəmiş, mənşəyini və təyinatını dəyişdirmişdi. Həmin ərazilərdəki abidələrin çoxunu erməniləşdirərək dünyaya özlərininki kimi təqdim edən işğalçı ölkə Alban tarixinə aid olan abidələrə də ziyan vurub. Laçın rayonunun Mirik, Hüsülü, Kosalar kəndlərindəki abidələrin də formaları dəyişdirilərək erməniləşdirilib. Bir sözlə, Laçın da vandalizmə məruz qalıb. Bilmirəm, nədənsə, Laçından hər dəfə söz düşəndə bir fotoşəkil canlanır gözümün qarşısında. Dağıdılmış bu kimsəsiz yurd yerimizdə sakit-sakit axıb gedən çayın sahilində dayanıb ətrafı seyr edən dövlət başçısının şəkli. O anda nələr düşündüyünü təsəvvür etmək çətin deyil: "Buradan da vəhşi qəbilə keçib". Bir az dalğın, həm də məğrur görkəmi ilə sanki deyir ki, biz o yerləri bərpa edəcəyik...

İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə dərhal başlanıldı. Laçında Həkəri çayı üzərində 8 meqavat gücündə Güləbird Su Elektrik Stansiyası işə salındı. Bu stansiya Qarabağı və ətraf rayonları ucuz enerji ilə təmin etmək məqsədi daşıyan yeni və bərpa edilmiş bu növ qurğular arasında birinci oldu. Ümumiyyətlə, düşmən Laçın rayonunda çoxlu sayda su elektrik stansiyasını dağıdıb, avandanlığı çıxarıb, binaları yerlə-yeksan edib.

Laçın şəhərinin Sus və Zabux kəndləri işğaldan azad edildikdən, Həkəri çayı üzərində sərhəd-nəzarət-buraxılış məntəqəsi yaradıldıqdan sonra quruculuq işləri daha geniş vüsət alıb. Laçın Beynəlxalq Hava Limanının tikintisi, pilot layihələr kimi arıçılıq və heyvandarlığın inkişaf etdirilməsi istiqamətində işlər davam edir. Rayonun bir qrup sakini artıq bu təsərrüfatlarda işə başlayıb. Sərhədlərin yeni yaradılan hərbi hissələrlə möhkəmləndirilməsi dinc quruculuq işlərinin güvənliyini xeyli artırır.

Torpağı çox məhsuldar olan Laçında tarixən kənd təsərrüfatı, heyvandarlıq inkişaf etdirilib. Buranın yaylaqları isə qoyunçuluğun inkişafına xidmət edəcək. Qızıl, civə kimi yeraltı sərvətlərin, mərmərin çıxarılması və emalı sənayesinin təşkili, xalçaçılığın genişləndirilməsi də ölkə iqtisadiyyatına böyük fayda verəcək.

Rayonun işğaldan azad edilmiş Zabux və Sus kəndləri layihələndirilib, yenidən qurulub. Bu zonada su mənbələri də çoxdur. Burada 14 yeni su elektrik stansiyası tikiləcək. Beləliklə, 28 su elektrik stansiyası olacaq ki, onların ümumi gücü 120 meqavat təşkil edəcək. Bu, Laçının enerji tələbatından bir neçə dəfə çoxdur. Ötən il daha əlamətdar oldu laçınlılar üçün. Belə ki, mayın 28-də dövlət başçısı Laçına köçən ilk sakinlərlə görüşüb, onlara mənzillərinin açarlarını təqdim edib. Görüş zamanı Prezident İlham Əliyev deyib ki, əgər cənnətin təsviri varsa, elə o Laçındadır. Bu həm də Qarabağ və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik deyən dövlət başçısının vədinə sadiqliyinin göstəricisidir.

Avqustun 26-da "Laçın Şəhəri Günü" bayram tədbirində iştirak edən Prezident İlham Əliyev Zabux kəndində görülmüş işlərlə tanış olub, sakinlərlə görüşüb. Dövlət başçısı sakinlərlə söhbət zamanı deyib: "Laçın şəhərini cəmi 8 ay ərzində qurub-yaratmaq xalqımızın həm istedadını, həm də iradəsini göstərir və eyni zamanda onu göstərir ki, bu torpaqların sahibləri bizik...". Laçın rayonunun timsalında biz dirçələn Azərbaycanın reallıqlarını görürük, dirçələn torpaqları görürük... artıq biz Laçında qonaqları qəbul edirik...".

Laçın bu gün doğrudan da qonaq-qaralıdır. Bu yerlərə hər gələn buradakı erməni vəhşiliyinin, quruculuq işlərinin şahidi olur. ADA Univesitetində keçirilən tədbirin iştirakçılarının Laçına növbəti səfəri də bu baxımdan əhəmiyyətli oldu. Onlar bu dağlar diyarının, hər tərəfi yaşıllığa bürünmüş bu qartal duruşlu şəhərin gözəlliyindən vəcdə gəlib şahid oldular ki, Yer üzünün cənnəti elə burada, Laçındadır! Və bir də əmin oldular ki, "şiş ucları buludlarla döyüşən" dağların qoynunda yerləşən Laçın həm də yaşıl örpəkli şəhərdir...

Zümrüd QURBANQIZI,

"Respublika".