Sülh üçün Astana formatı
Siyasət

Sülh üçün Astana formatı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ötən ay ölkəmizə rəsmi səfəri və Prezident İlham Əliyevlə görüşü iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişafını göstərir. Ölkələrimiz beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir və daim bir-birini dəstəkləyir. Həmçinin Azərbaycan və Qazaxıstan Müstəqil Dövlətlər Birliyi (MDB), İqtisadi Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatının üzv ölkələridir. Qazaxıstan prezidentinin respublikamıza səfəri çərçivəsində iki ölkə başçısı həm də Azərbaycan-Ermənistan münasibətləri haqqında danışıqlar aparıblar. Görüşdən bir ay sonra qardaş ölkənin prezidenti Tokayev İrəvana səfər edib.

"Astana Ermənistan və Azərbaycanın sülh müqaviləsi bağlamaq istəyini alqışlayır. Qazaxıstan mümkün qədər kömək etməyə və danışıqlar üçün platforma təklif etməyə hazırdır. Əsas məqsədimiz dost ölkələrimizi bir-birinə daha da yaxınlaşdırmaq və sarsılmaz dostluq münasibətlərinə, sülhə və sabit inkişafa yol açmaqdır". Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi brifinqdə deyib.

Vurğulamaq lazımdır ki, Qazaxıstan Prezidenti Ermənistanda rəsmi səfərdə olarkən qondarma soyqırımı abidəsini ziyarət etməyib. Ermənistan XİN Tokayevin səfər çərçivəsində qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə ucaldılmış Tsitsernakaberd memorialını niyə ziyarət etməməsi ilə bağlı sualı qısaca belə şərh edib: "Bu, protokolun istəyə bağlı hissəsidir". K.J.Tokayev böyük diplomatik təcrübəyə malik şəxsdir və sözsüz ki, onun bu hərəkəti səbəbsiz deyildi.

K.J.Tokayevin ötən ay ölkəmizə səfəri zamanı Qazaxıstanın Azərbaycana hədiyyəsi - işğaldan azad edilmiş Füzuli şəhərində Uşaq Yaradıcılıq İnkişaf Mərkəzinin açılış mərasiminin keçirilməsi xalqlarımızın qardaşlıq münasibətlərinin daha bir nümunəsi kimi tarixə düşdü. Belə ki, Qazaxıstanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyi aydındır. Əslində, Ermənistan Türk dövlətləri ilə əməkdaşlıq etməklə özünü düşdüyü çıxılmaz vəziyyətdən xilas edə bilər.

Qeyd edək ki, yaxın zamanda Astanada Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçirilə bilər. Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü barədə məlumat verib. Dövlət rəhbəri qeyd edib ki, rəsmi Bakı Qazaxıstanda Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə razılıq verib. "Əgər Ermənistan da buna razılaşsa, XİN rəhbərlərinin növbəti görüşü Qazaxıstanda keçiriləcək". Dövlət başçımızın bu sözlərindən də bir daha aydın olur ki, sülhü diktə edən tərəf Azərbaycandır. Prezident, eyni zamanda bildirib ki, rəsmi Bakı istənilən məkanda Ermənistanla görüşə hazırdır. Astanadakı görüş uğurlu keçsə Prezident İlham Əliyev və N.Paşinyan arasında da görüş baş tuta bilər. Ermənistan Astana danışıqlarından da imtina etsə, artıq Paşinyan göstərəcək ki, onun məqsədi sülh deyil.

Astanada keçirdiyi brifinqdə Qazaxıstan Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib:

"Həqiqətən də Almatıda belə danışıqlar planlaşdırılır. Azərbaycan və Ermənistandakı həmkarlarımızla əlaqə saxlayırıq. Qarşıdakı danışıqlar yalnız tərəflər arasında aparılacaq. Astananın vasitəçiliyindən söhbət getmir. Biz yalnız xoşməramlı xidmətlər təqdim edirik - necə deyərlər "good Office".

Məlumatda o da bildirilib ki, Qazaxıstan XİN məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Danışıqların tarixi hələlik məlum deyil. Əgər bu iki tərəf sülhə nail olarsa və müvafiq razılaşma əldə olunarsa, müsbət təsir təkcə Qazaxıstana deyil, bütün regiona təsir edəcək.

Rusiya sülh barədə danışıqların Rusiya şəhərlərinin birində, Qərb isə Avropa İttifaqı və ya ABŞ-da aparılmasını istəyir. Bu səbəbdən Qazaxıstan hər iki tərəfi nisbətən qane edən platformadır. Astanada və ya Qazaxıstanın digər şəhərlərində baş tutacaq danışıqlar Avropa İttifaqı ölkələrində və ya ABŞ-da aparılan danışıqlardan daha məqsədəuyğundur.

Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz sülh müqaviləsi imzalamağa daim hazır olduğunu bəyan edib. Azərbaycan da qalib tərəf kimi, bu gün də sülhün tərəfdarıdır, bu istiqamətdə müəyyən addımlar atılıb və atılmağa davam edir.

Röya RÜSTƏMLİ,

"Respublika".