Öz mənfəətləri naminə
Siyasət

Öz mənfəətləri naminə "qoca qitə"nin regiondakı fəallığına göz yu mulmamalıdır

Ermənistan ətrafında baş verən dramatik regional və geosiyasi proseslər fonunda yaxın gələcəkdə əlamətdar görüş gözlənilir. Erməni mətbuatının məlumatına əsasən, baş nazir Nikol Paşinyanın İran prezidenti İbrahim Rəisi ilə görüşünə hazırlıq gedir. Diplomatik mənbələr hesab edir ki, təmaslar böyük ehtimalla Ermənistan-İran sərhədində baş tutacaq. Maraqlıdır ki, sözügedən görüş aprelin 5-də Brüsseldəki danışıqlardan əvvəl keçirilməli idi. Lakin Yaxın Şərqdəki son hadisələr rəsmi İrəvan-Tehran proqramını təxirə salıb. İndi isə bu məsələ yenidən gündəmə gətirilib və yaxın günlərdə reallaşdırılması gözlənilir. Digər diqqətçəkən məqam isə odur ki, sərhəddə görüşün təşəbbüskarı məhz rəsmi İrəvanın Qərblə intensiv yaxınlaşması İranı səssizliyi pozmağa sövq edir. Çünki son dövrdə “qoca qitə”nin Ermənistana faktiki yardımları gündəmdədir və bu barədə gizli sənədlər mediaya sızır. Bütün bu dəstəyin arxasında isə Rusiya və İranın Cənubi Qafqazdakı varlığına son qoymaq planı dayanır. Bu səbəbdən də mümkündür ki, Brüssel görüşü rəsmi Tehran üçün son hədd olub və Rəisi sözügedən təmaslardan sonra dərhal Paşinyanla danışıqlar aparmaq istəyib. Çünki Ermənistanın Qərblə əməkdaşlığı, xüsusilə hərbi müstəvidə əlaqələrin inkişaf etdirilməsi İranın milli təhlükəsizliyini təhdid edir. Bununla belə, Tehran İrəvanla bağlı mövqeyində hələ də dəyişiklik etməyə tələsmir. Rəisi hökuməti çalışır ki, Ermənistanda hərbi mövcudluğunu yaratsın. Təbii ki, Qərbin maraqları bunu inkar edir. Ona görə də belə demək olarsa, Rəisi Brüssel görüşündən qayıdan Paşinyanla bu mövzuda müzakirə aparmaq istəyir.

Amma onu da nəzərə almaq lazımdır ki, İranın Qərblə münasibətləri heç vaxt düz xətt üzrə inkişaf etməyib, tərəflər arasında üzdə başqa, pərdəarxasında isə tamamilə başqa siyasət yürüdülüb. Tez-tez Qərblə rəsmi Tehran arasında gizli razılıq olduğuna dair yayılan xəbərlər nəzərdən qaçırılmamalıdır. İki qütb bir çox məsələdə əvvəlcədən öz maraqlarını bir-biri ilə razılaşdırır, daha sonra isə döyüş nümayiş etdirir. Bu səbəbdən İbrahim Rəisinin Brüssel görüşündən sonra Paşinyanla danışmaq istəməsi fərqli müstəvidə dəyərləndirilə bilər. Görünür, o, İranın Ermənistandakı maraqlarının təmin olunması üçün vədlər alacaq. Bu isə o deməkdir ki, Qərbin Rusiyanı Cənubi Qafqazdan uzaqlaşdırmaq planı Tehranın maraqlarına uyğun gələrsə, İran bunun əleyhinə olmayacaq. Yəni Rəisi öz mənfəəti hesabına "qoca qitə"nin regiondakı mövcudluğuna göz yuma bilər. Amma əvvəlcə İran prezidenti ona nələrin təklif olunduğunu bilməlidir ki, yaxın günlərdə keçirilməsi gözlənilən görüş də buna xidmət etsin.

Lakin İran və Ermənistan arasında liderlər səviyyəsində danışıqları təkcə ölkələrin şəxsi maraqları və Qərb müstəvisində dəyərləndirmək olmaz. Çünki son dövrdə regionda rəsmi Bakı və İrəvan arasında da əhəmiyyətli proseslər gedir. Ermənistanı "qırmızı xətt"i adlandıran İran demarkasiya prosesi və kəndlərin təhvil verilməsinə real münasibətini də erməni baş nazirə çatdıra bilər. Doğrudur, bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan və Ermənistan arasında delimitasiya razılaşmasını təqdir etdiklərini bildirib: "Biz Azərbaycan ilə Ermənistan arasında bağlanmış sazişlərə hörmət edirik. İki ölkənin bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət çərçivəsində sülh vasitəsi ilə sərhəd məsələlərini həll etmək üçün səylərinin davam etdirilməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması naminə zəruridir".

Bununla belə, heç kəsə təəccüblü deyil ki, bu ölkə Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyənləşməsini həmişə qısqanclıqla qarşılayıb. Ermənistanın sözügedən məsələyə razılıq verməsinin ardınca baş verənlərə nəzər salaq: Rəsmi Tehran hakimiyyəti saxta erməni "soyqırımı"na həsr olunan tədbirlərin geniş və əhatəli şəkildə keçirilməsinə şərait yaratdı, eləcə də Təbrizdə Ermənistan konsulluğunun açılacağının anonsu verildi. Bütün bunlar və sərhəddə keçirilməsi planlaşdırılan görüş İranın regional hadisələrə nəzarət etmək cəhdi kimi dəyərləndirilə bilər.

Bunların fonunda deyə bilərik ki, İran regionda yaranan yeni geosiyasi mühitdə öz yerini müəyyənləşdirməyə çalışır. Bu səbəbdən də rəsmi İrəvanla təmasları zəruri hesab edir. Onu da diqqətdən qaçırmamalıyıq ki, onların arasında açıq hərbi saziş var. Bütün bu proseslər də sözügedən razılaşma üzrə icra olunur. Bu məsələ 44 günlük İkinci Qarabağ müharibəsi dövründə ifşa edilib. Məlum olub ki, rəsmi Tehran müxtəlif vasitələrlə Ermənistana hərbi yardım edir. Müharibədən sonra Ermənistan hərbi sahədə əməkdaşlığı şaxələndirib. Nikol Paşinyan da bəyan edib ki, Rusiyaya təhlükəsizliyimizi etibar edə bilmərik. Ona görə də Fransa və Hindistan ilə münasibətlər dərinləşdiriləcək. Ötən ay Ermənistan müdafiə naziri və baş nazirin birinci müavini İrana səfər edib. Tərəflər arasında hərbi avadanlıq, silah-sursat və texnikanın alışına dair razılaşma əldə edilib. Amma Rəisi hökuməti unudur ki, bölgədəki qeyri-stabil vəziyyət gələcəkdə İranın öz taleyinə də təsir edəcək.

Jalə QASIMZADƏ,

"Respublika".