Azərbaycan və dünya musiqisinin görkəmli nümayəndəsi Maestro Niyazi
Tarixi şəxsiyyətlər

Azərbaycan və dünya musiqisinin görkəmli nümayəndəsi Maestro Niyazi

"Mən təsadüfdən dirijor olmuşam. Xüsusi dirijorluq təhsilim yoxdur. Bir əsər yazmışdım, dirijorluq edən olmadı, dedim, özüm olaram".

Bu sözlər ötən əsrin ən məşhur dirijoru maestro Niyaziyə məxsusdur. O Niyazi ki, 1912-ci il avqustun 20-də Tiflisdə bəstəkar Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gözünü açdı. Atası Zülfüqar Hacıbəyov Azərbaycanda musiqili teatrın banilərindən biri və dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun qardaşı idi. Qardaşı oğlunu ilk dəfə görən və ona diqqətlə baxan görkəmli bəstəkar Üzeyir Hacıbəyov qeyri-iradi bu uşağa "Knyaz" dedi. Üzeyir bəyin verdiyi bu ad həyatı boyunca maestro Niyazi ilə birgə yaşadı. Yaxın dostları onu həmişə Knyaz deyə çağırırdılar. Niyazinin dayısı Heydərəli Tağızadə isə inqilabçı idi. Dayısının faciəli qətlindən sonra Niyazi onun soyadını daşımağı özünə borc bildi. Beləliklə, Tağızadə-Hacıbəyov soyadını götürdü.

Uşaqlıq illərindən Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid kimi dövrünün tanınmış sənət adamları, görkəmli yazıçılar arasında böyüyüb. Niyazi ilk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində oxumaqla alıb. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini 1925-1926-cı illərdə Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində davam etdirib. 1929-1930-cu illərdə isə Leninqrad (indiki Sankt-Peterburq) Mərkəzi Musiqi Texnikumunda bəstəkarlıq sinfində təhsil alıb. Ancaq həmin şəhərin havası ona düşmədiyindən və darıxdığından bu təhsil ocağını bitirə bilməyib. Dağıstan Maarif Komissarlığına göndərilən Niyazi Mahaçqalada gələcək ömür-gün yoldaşı Həcər xanımla tanış olub. Həcər xanımın xatirələrindən aydın olur ki, ailə həyatının ilk illərində güzəranları ağır keçib. Niyazinin yeganə kostyumuna hər mövsümə uyğun boyaq vurublar, ayaqqabısına qat-qat qəzet qoyublar ki, su keçirməsin. Bununla belə, Niyazinin böyük bəstəkar və dirijor olmasında əsas dəstəkçilərindən biri də ömür-gün yoldaşı Həcər xanım olmuşdur. Onların tanışlığının maraqlı tarixçəsi var. Maestro Niyazi Bakıya qayıdandan sonra Dağıstan Maarif Komissarlığına şöbə müdiri göndərilir. İrandan olan əslən Cənubi azərbaycanlı tələbə Həcər xanımla da elə Mahaçqalada tanış olur. Həcər xanımın qardaşı Əli İsgəndər Mahaçqaladakı İran konsulluğunda çalışırmış. Əli İsgəndərin təşəbbüsü ilə bir gün Niyazinin ailəsini qonaq çağırırlar və yaxın münasibətləri yaranır. Niyazi bəy Həcər xanımı burada görür və bir-birilərinə aşiq olurlar. Sonradan bu ailənin İrana geri dönmək fikri olduğundan, Həcərin Niyazi ilə yaxınlaşmasını əngəlləmək istəyirlər. 1932-ci ilin sonları Həcərgilin ailəsi İrana köçməli olur. Həcərin ailəsi bu izdivaca heç cür razı olmur. Gənclər 1933-cü ildə qaçıb gizlincə evlənmək qərarına gəlirlər. Elə belə də edirlər. Bir müddət Ağdaşda qohumlarıgildə qalırlar. Evliliklərinin ilk illəri əziyyətli keçir. Çünki həmin dövrdə Hacıbəyovlar ailəsinin maddi vəziyyəti yaxşı deyildi. Həcər xanımın sovet pasportu olmadığından molla kəbini kəsdirirlər. Onların nikahı 1940-cı ildə rəsmiləşdirilir. Gənclər harada, necə yaşayacaqlarını bilmirmişlər. Bütün çətinliklərə baxmayaraq, onlar düz 51 il birgə xoşbəxt ömür sürürlər. Niyazi bəylə Həcər xanımın övladı olmayıb. Bəzi mənbələrdə qeyd edilir ki, onların övladları olmadığından qohumlarından Ceyhun adlı oğlanı övladlığa götürüblər. Ceyhun böyüdükdən sonra narkotik aludəçisinə çevrilib. Elə ailə dramı bundan sonra başlayıb. Ceyhun ailəni min bir əziyyətə düçar edib. Sonradan müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun aqibəti isə bəlli olmur. Hətta onun həbsxanada öldüyü də bildirilir.

Bununla belə, Niyazinin yaradıcılığı acılı-ağrılı həyat hekayəsini geridə qoyur. Onun ilk böyük müvəffəqiyyəti 1938-ci ildə Moskvada keçirilən "Azərbaycan incəsənəti günləri"ndəki çıxışı ilə bağlıdır. O, Moskvada Üzeyir Hacıbəylinin "Koroğlu" və Müslüm Maqomayevin "Nərgiz" operalarına dirijorluq edərək həm həmin əsərlərə, həm də onların müəlliflərinə bir daha uğur qazandırıb. Maestronun gəncliyindən ömrünün sonuna qədər davam edən belə uğurlu çıxışları mədəniyyət tariximizə saysız-hesabsız nailiyyətlər bəxş edib. Onun adı həm də Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simaları ilə birgə çəkilir. "Xosrov və Şirin" operası, "Zaqatala", "Azərbaycan" süitaları, "Rast" simfonik muğamı və s. əsərlər Niyazinin zəkasının məhsuludur. O, hətta 1986-cı ildə R.Taqorun süjeti əsasında yazdığı "Çitra" baletinə görə "Cəvahirləl Nehru" mükafatına layiq görülüb. Niyazi sadəcə dirijor deyildi. O, bütün varlığı ilə musiqiyə bağlı və əsl sənət fədaisi idi. Niyazi ifa etdiyi əsəri bütün varlığından keçirib, onu öz içində yaşayıb, sonra pult arxasına keçirdi. Odur ki, o, orkestrin bütün üzvlərindən ciddi tələblər edirdi. Məhz buna görə də onun idarəsi ilə orkestr çox parlaq və möhtəşəm səslənirdi. Niyazi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Leninqrad Opera və Balet Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Filarmoniyada işlədiyi illərdə onun təşəbbüsü ilə "Humayun" xalq çalğı alətləri ansamblı yaradılıb. Xarici ölkələrdə işləmək təklifi alan dirijor Türkiyəni seçib, Ankara Opera və Balet Teatrında, İstanbul Opera Teatrında bir sıra uğurlar qazanıb. Dünyanın bir çox ölkələrinə qastrol səfərlərinə gedib. Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru Niyazi Şuşa, Xankəndi, Ağdam, Ağcabədi, Bərdə və Yevlaxda simfonik konsertlərin və festivalların təşkilatçısı olub. Maestro Niyazinin misilsiz xidmətləri daim xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Böyük sənətkar doğulduğu ayda, avqustun 2-də (1984) vəfat edib. Ona olan xalq məhəbbəti bu gün də yaşayır. Maestronun mənzili 1994-cü ildən ev-muzeyi kimi fəaliyyət göstərir. Burada müxtəlif incəsənət tədbirləri keçirilir və hətta bəstəkarlar haqqında bu mənzildən dəfələrlə verilişlər hazırlanıb. Hər il avqust ayında isə burada Maestronun xatirə gecəsi keçirilir. Bu, danılmaz faktdır ki, hələ neçə-neçə nəsillər əbədiyaşar Niyazi məktəbindən bəhrələnəcəklər. Hamının da ürəyindən bu fikir keçəcək: "Ruhun şad olsun ustad!".

Jalə QASIMZADƏ,

"Respublika".