Xüsusi Təyinatlı Qüvvələrimiz hərb tarixində silinməz iz qoyub
Siyasət

Xüsusi Təyinatlı Qüvvələrimiz hərb tarixində silinməz iz qoyub

Bu gün Azərbaycanın Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür. Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu il aprelin 30-da yaradılıb. Sözügedən dövrdə  Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması üçün hər cür addım atılsa da, düşmən ölkənin qəsbkarlıq təhlükəsi davam edirdi. Bu səbəbdən, ulu öndər Heydər Əliyevin müvafiq qərarına əsasən Azərbaycan Silahlı Qüvvələrində xüsusi hərbi birləşmə yaradıldı. Məhz həmin ildən Xüsusi Təyinatlı Qüvvələrimiz misli görünməmiş nailiyyətlərə, qələbələrə imza atdılar.

Birinci Qarabağ müharibəsindəki məğlubiyyətimiz o zamankı hakimiyyətin səriştəsizliyi ilə birbaşa bağlı idi. Həmin dövrdə ölkəmiz nizami orduya sahib deyildi və ordu quruculuğu prosesi getmirdi. Bütün bunların acı nəticəsi kimi, 1992-ci ilin may ayında Şuşa və Laçın işğal olundu. Ardınca 1993-cü ilin aprelində Kəlbəcərin işğalı nəticəsində Ermənistanla Qarabağ arasında coğrafi bağlantı yarandı. Beləliklə, xain düşmən tərəfindən torpaqlarımızın  işğalı prosesi daha da sürətləndi. Yalnız ulu öndərin siyasi hakimiyyətə qayıdışından sonra bir sıra sahələrdə olduğu kimi, ordu quruculuğunda da əsaslı tədbirlər görüldü. Ümummilli lider nizami ordu yaradılması məsələsini başlıca hədəf kimi bəyan etdi. Məhz bunun nəticəsində Azərbaycan Ordusu müasir standarlara cavab verən metodika və təlimlərlə təkmilləşməyə başladı. Silahlı Qüvvələrimiz müasir standartlara uyğun olaraq vahid mərkəzdən idarə olunan çevik gücə çevrildi. Ümummilli liderin adını daşıyan Azərbaycan Ali Hərbi Məktəbi də müstəqillik dövründə yenidən qurularaq yeni dövrə  uyğunlaşdırıldı. Digər tərəfdən, beynəlxalq hərbi məktəblərdə də Silahlı Qüvvələrimiz üçün yüzlərlə təcrübəli mütəxəssis yetişdirildi.

2003-cü il iyunun 26-da milli ordumuzun yaradılmasının 85 illiyi ilə əlaqədar müdrik rəhbər Heydər Əliyev Silahlı Qüvvələrin şəxsi heyətinə müraciətində deyib: "Azərbaycanın güclü ordusu bu gün də, sabah da, 10 il, 100 il bundan sonra da lazımdır. Azərbaycan Ordusu, onun Silahlı Qüvvələri böyük gələcəyə baxmalıdır. Böyük gələcəyin təminatçısı isə yalnız güclü, sarsılmaz ordu ola bilər".

Müasir ordu quruculuğu prosesində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) formalaşması və təkmilləşdirilməsində Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin müstəsna rolu var. Bununla yanaşı, Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda, ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər əldə ediblər. Məhz görülən işlərin məntiqi nəticəsi kimi, 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikasını məhv edib. Xüsusi vurğulanmalıdır ki, Aprel döyüşlərinə qədər - yəni, 2012-2016-cı illər arasında xüsusi təyinatlılarımız bir çox məxfi əməliyyatlarda iştirak ediblər. Məsələnin məxfiliyi nəzərə alınaraq XTQ-nin döyüş hazırlığı mətbuatda işıqlandırılmasa  da, xüsusi təyinatlılarımız Ermənistan ordusuna öz imkan və potensialını çox ciddi şəkildə göstərib. Məhz Aprel döyüşlərindən sonra xüsusi təyinatlılarımızın strukturunda müəyyən dəyişikliklər edilib, əməliyyat briqadalarına əlavə olaraq, xüsusi təyinatlı briqadaların da yaradılmasına başlanılıb. Aprel döyüşlərində və Vətən müharibəsində zəngin döyüş təcrübəsi qazanan xüsusi təyinatlılarımız imkan və potensialını hər keçən gün daha da artırır.

44 günlük Vətən müharibəsində qazandığımız şanlı Zəfərimizdə də XTQ-nin olduqca böyük rolu var. 2020-ci il sentyabrın 27-də başlayan döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Məhz bütün türk dünyasının mədəniyyət incisi hesab edilən, əzəli və əbədi yurd yerimiz olan Şuşa şəhərinin işğaldan azad edilməsi Xüsusi Təyinatlı Qüvvələrimizin yüksək şücaəti nəticəsində mümkün olmuşdur. Sıldırım qayaları dırmaşaraq dünya hərb tarixinə düşən Şuşa döyüşlərində  xüsusi təyinatlılarımız yüngül silahlarla düşməni məhv etməyi bacardı. Bununla yanaşı, 2021-ci ilin noyabrında Qaragöl istiqamətində ordumuzun əldə etdiyi uğurlar məhz XTQ-nin şücaəti ilə mümkün oldu. Bir sözlə, XTQ cəbhədəki əməliyyatları, manevrləri ilə üzərinə düşən bütün döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirdi və qəhrəmanlıqları ilə əsl igid döyüşçü obrazını qəlbimizə və tariximizə əbədi olaraq həkk etdi.

 Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xüsusi Təyinatlı Qüvvələrin yaradılmasının 23-cü ildönümü münasibətilə aprelin 30-da Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin "N" saylı hərbi hissəsində çıxışı zamanı bildirmişdir: "İyirmi üç il əvvəl ulu öndər Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələr yaradılmışdır. Ulu öndər bu Fərmanı imzalamaqla növbəti dəfə böyük uzaqgörənlik göstərmişdir. Xüsusi Təyinatlı Qüvvələrin yaradılması İkinci Qarabağ müharibəsindəki tarixi Zəfərimizdə də özünü sübut etdi".

Xüsusi Təyinatlı Qüvvələrimiz kimi, ordumuzun digər bölmələri də daim Vətənimizin keşiyindədir. Ərazi bütövlüyümüz və suverenliyimizin qarantı olan hərbi gücümüz bütün dünyaya nümunədir. Müasir standartlara uyğun təchizatla, üstün döyüş qabiliyyəti və keyfiyyəti ilə seçilən Silahlı Qüvvələrimiz düşmənin qorxulu yuxusuna çevrilib. "Keçilməz" deyilən sədləri darmadağın etmiş, xain düşmənin qurduğu bütün mifləri puç etmiş qəhrəman xüsusi təyinatlılar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hələ bundan sonra da qələbələrdən qələbələrə doğru addımlayacaq.

Nurlan ABDALOV,

"Respublika".