Müstəqil Azərbaycan dövlətinin qurucusu
Digər xəbərlər

Müstəqil Azərbaycan dövlətinin qurucusu

Möhtərəm Prezidentimiz İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il "Heydər Əliyev İli" elan edilmişdir. Bu əlamətdar günlərdə müasir tariximizin yaradıcısı, onun ən parlaq və silinməz səhifələrini yazan Ümummilli Liderin Vətən, xalq qarşısında misilsiz xidmətləri bütün dünya azərbaycanlılarının yüksək ehtiramı ilə ölkəmizin hər yerində və onun hüdudlarından kənarda geniş qeyd olunur. Ulu Öndərin unudulmaz xatirəsinə ümumxalq məhəbbətinin ifadəsi olmaqla yanaşı, ilk növbədə onun Azərbaycan xalqı və dövləti qarşısında misilsiz tarixi xidmətlərinə dövlət səviyyəsində verilən layiqli qiymət, həmçinin, keşməkeşli bir zamanda milyonlarla azərbaycanlının təməl hüququnu - müstəqil məmləkətdə yaşamaq, azad ölkənin vətəndaşı olmaq hüququnu təmin edən bir şəxsiyyətin ruhu qarşısında hesabatı kimi dəyərləndirilməlidir.

Heydər Əliyev hər zaman azərbaycanlı olması ilə fəxr edirdi və daim xalqının mənafeyini düşünürdü. Dahi rəhbərin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" sözləri xalqın dilində müdrik bir kəlama, hər bir azərbaycanlının iftixarla səsləndirdiyi şüara çevrilmişdir. Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımızın müasir tarixinin son 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş Ümummilli liderin xüsusi imzası var.

Mən hələ yeniyetməlik illərindən hüquqşünas olmaq arzusu ilə yaşamışam. Bu arzuma çatmışam və 30 ildən artıqdır ki, hüquq sahəsində öz sevdiyim işlə məşğul olmuşam. Bunun 11 ilini Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində fəaliyyət göstərmişəm. Son üç ildə Baş Prokurorluğun Elm-Tədris Mərkəzində çalışıram. Mərkəz Prokurorluq əməkdaşlarının nəzəri biliklərinin və peşə hazırlığının artırılması məqsədilə tədrisin təşkili funksiyasını həyata keçirir, prokurorluğa işə qəbul olunanların zəruri həm peşə, həm də nəzəri bilik və bacarıqlarının artırılması funksiyasını daşıyır. Prokurorluq orqanlarının əməkdaşı olaraq sadə bir hüquqşünasın gözü ilə müasir tariximizdə bu sahəyə Heydər Əliyevin göstərdiyi böyük diqqət və qayğının canlı şahidiyəm.

Heydər Əliyev hələ 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrdə ölkəmizdə qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsinə, strateji əhəmiyyətli sənaye və istehsal müəssisələrinin inşasına nail olmaqla Azərbaycanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş İttifaq miqyasında ilk yerlərdən birini tutmasını təmin etmiş, müstəqilliyimizə zəmin yaradan uzaqgörən və müdrik addımlar atmışdır.

Heydər Əliyev Sovetlər Birliyində rəhbər vəzifədə olduğu dövrdə öz fitri istedadı və şəxsi nüfuzu ilə fərqlənmişdir. O, ilk azərbaycanlı idi ki, belə zirvəyə gəlib çıxmış, xalqına möhtəşəm xidmətləri ilə Azərbaycanın güvənc yerinə və bütün türk dünyasının fəxrinə çevrilmişdir.

Heydər Əliyev hər zaman öz xalqının yanında oldu. Bu dahi insan Bakıya qanlı əllər uzananda - xalqımız 20 Yanvar faciəsini yaşayarkən kimsənin cürət edə bilməyəcəyi qətiyyət göstərdi, Moskvadakı Azərbaycan səfirliyinə gedərək sovetlər birliyinin rəhbərliyini ifşa etdi, imperiya siyasətinin əleyhinə çıxdı, doğma xalqının dərdinə üzüldüyünü, xalqı ilə bir yerdə olduğunu bir daha bütün dünyaya bəyan etdi.

Həmin günlərdə Azərbaycan müstəqilliyinin ən ağır dövrünü yaşayırdı. Xain qonşularımız tərəfindən məruz qaldığı hərbi təcavüz - Ermənistan-Azərbaycan münaqişəsinin ən çətin günləri, ağır nəticələr, ölkə daxilində vətəndaş müharibəsinin reallığa çevrildiyi bir dövr oldu.

Paytaxt Bakıda da vəziyyət olduqca gərgin idi. Qədim yurd yerlərimiz, axar-baxarlı rayonlarımız bir-birinin ardınca işğal olunurdu. Belə bir şəraitdə xalqımızın yeganə ümidi yüksək idarəçilik keyfiyyətinə, geniş siyasi dünyagörüşünə malik Heydər Əliyevə idi. Xalqın gözü məhz ona dikilmişdi.

Ulu Öndər xalqın istəyi və təkidi ilə Azərbaycana qayıdır və öz ana yurdu Naxçıvanın blokada şəraitində olmasına baxmayaraq, ağır günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, sonra isə sədri kimi fəaliyyət göstərir.

1993-cü ilin iyun ayında Ulu Öndər xalqın çağırışını dinləyərək Bakıya gəldi. Xalqımızı və dövlətimizi böyük təhlükələrdən xilas edərək müstəqil Azərbaycan dövlətini qurmaq missiyasını "Ömrümün qalan hissəsini xalqıma bağışlayıram" söyləməklə həyata keçirdi. Ulu Öndər iti zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə demokratik hüquqi dövlət yaratmağa müvəffəq oldu.

Müstəqil Azərbaycan dövlətinə rəhbərlik edən Ulu Öndər Heydər Əliyev demişdir: "Biz istəyirik ki, dövlətimiz tam demokratik, tam hüquqi, tam dünyəvi bir dövlət olsun. Bunun üçün də Azərbaycanda demokratiyanın bərqərar olması, inkişaf etdirilməsi, hüquqi aliliyin təmin olunması əsas vəzifəmizdir".

Heydər Əliyev Azərbaycanın müstəqilliyini təmin etməyi, onu möhkəmləndirməyi, demokratik-hüquqi dövlət qurmağı öz fəaliyyətinin vacib hissəsi hesab edirdi. Ölkədə geniş vüsət almış cinayətkarlığın bütün ünsürlərinə qarşı qəti mübarizə aparan Ulu Öndərin 1994-cü ildə imzaladığı xüsusi Fərman qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsində əsaslı dönüş yaratdı.

Milli dövlətçiliyin inkişafına ziyan verən, ümumbəşəri sosial bəla sayılan korrupsiyanın qarşısının alınması məhz Ümummilli Lider Heydər Əliyevin düşünülmüş müdrik siyasəti nəticəsində mümkün olmuşdur. Hüquq-mühafizə orqanları tərəfindən müvəffəqiyyətlə həyata keçirilən qəti tədbirlər nəticəsində ölkədə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoyuldu. Heydər Əliyev dövlət müstəqilliyimizi əbədi və dönməz etdi, ölkəmizə sabitlik, sülh və əmin-amanlıq, siyasi islahatlar, demokratikləşmə, iqtisadi yüksəliş, sosial inkişaf bəxş etdi. Azərbaycanı tənəzzül etmiş dövlətdən inkişaf edən ölkəyə çevirdi.

Zəngin dövlətçilik təcrübəsinə malik olan böyük strateq Heydər Əliyev hüquqi dövlətin Azərbaycan modelini ilk Milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Yeni Konstitusiyanın layihəsinin hazırlanması kimi çox ciddi və məsuliyyətli vəzifəni bilavasitə öz üzərinə götürən dahi öndərimiz bununla bağlı xüsusi yaradılmış Komissiyaya şəxsən rəhbərlik etdi.

Azərbaycan Respublikasının ilk Ana Qanununu - Milli Konstitusiyasını yaratdı. Bu sənəd dünyada nadir konstitusiyalardandır ki, burada demokratik-hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş, insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilmişdir.

Heydər Əliyev ölkəmizin parçalanması tə

hlükəsi yarandığı bir dövrdə xarici və daxili qüvvələrin məkrli cinayətkar hərəkətlərinin qarşısını almaqla sabitlik və əmin-amanlıq şəraiti yaratmağa nail oldu, Azərbaycanın inkişaf etmiş bir ölkəyə çevrilməsini şərtləndirən misli görünməmiş quruculuq işlərini həyata keçirdi.

Doğma xalqına və millətinə təmənnasız xidməti həyatının mənası və məqsədi kimi qəbul edən, bu yolda mümkün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin formalaşdırılması və daha da möhkəmləndirilməsi uğrunda mübarizə meydanında oldu və millətə layiqli liderlik etdi.

Hüquqşünas olaraq vurğulamaq istərdim ki, müstəqil ölkəmizin mühüm dövlət təsisatlarından biri olan prokurorluq orqanları demokratik məzmunda yenidən formalaşmasına görə məhz xalqımızın Ümummilli Lideri Heydər Əliyev şəxsiyyətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəçiliyi sistemində öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun böyük qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Heydər Əliyevin siyasi hakimiyyətə dönüşü, hüquq-mühafizə orqanlarının, o cümlədən Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətində də əsaslı dönüş yaratdı, çox ciddi nizam-intizam və tələbkarlıq şəraiti formalaşdırılmaqla dövlət mənafeyinin müdafiəsi məsələləri ön plana çəkildi. Ulu Öndərin təşəbbüsü ilə yeni qanunvericilik bazası formalaşdırıldı, "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" və hüquq sisteminin mahiyyətini müəyyən edən qanun və məcəllələrin layihələri hazırlandı və qəbul edildi.

Məhz Ulu Öndərin gərgin və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanda cinayətkarlıq və hüquq pozuntularına qarşı barışmaz mübarizə elan edildi, cinayətkar təzahürlərinə, mütəşəkkil cinayətkarlığa, korrupsiya və terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı sərt mübarizəyə səfərbər olunduq.

Ümummilli Lider Heydər Əliyev 2000-ci il aprelin 26-da prokurorluq orqanlarının rəhbər işçiləri ilə görüş keçirdi və Azərbaycan Prokurorluğunun tarixində əsl dönüş nöqtəsi yaratdı, prokurorluq sistemində köklü islahatlar və struktur dəyişikliklər başlanıldı. Dahi öndərin həmin müşavirədəki verdiyi tövsiyə nəticəsində məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluqda görülməsi vacib olan işlərin əsas istiqamətləri müəyyənləşdirildi. Onun tövsiyə və göstərişlərinə müvafiq olaraq həyata keçirilən tədbirlər sayəsində prokurorluğun demokratik məzmunda yeniləşdirilməsi, mövcud neqativ təzahürlərin aradan qaldırılması, müasir standartlar səviyyəsində işləməyə qadir olan kadr korpusunun formalaşdırılması, son nəticədə cinayətkarlığa qarşı mübarizə, insan hüquq və azadlıqlarının müdafiəsi işinin zəruri tələblər səviyyəsinə qaldırılması mümkün oldu.

Müstəqil Azərbaycan dövlətçiliyinin və hüquqi islahatların yaradıcısı Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun əsas fəaliyyət istiqamətlərindən biri kimi dövlət ittihamının müdafiəsi işinin yenidən təşkili, prokurorluq orqanlarında qulluğa qəbulun yeni qaydalarının müəyyənləşdirilməsi, prokurorluq orqanlarında yeni informasiya texnologiyalarının tətbiqinə başlanılmasının əsası qoyuldu.

1993-cü ildən ölüm cəzasının icrasına moratorium qoyulması, 1998-ci ildə isə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növünün tamamilə ləğv edilməsi Ulu Öndər Heydər Əliyevin böyük qəlb və mənəviyyat sahibi olduğunun təsdiqinə çevrildi, Azərbaycanın demokratik-hüquqi dövlət quruculuğu yolunda olduğunu bir daha sübut etdi. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığa əsaslanmaqla şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ulu Öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu.

Qürur hissi doğuran haldır ki, vaxtilə Milli Prokurorluq orqanlarında işləmiş və bu gün çalışan bir neçə nəsil prokurorluq əməkdaşlarının fəaliyyəti Heydər Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrlərə təsadüf edir. Əminliklə demək istəyirəm ki, Azərbaycan Prokurorluğu bugünkü vəziyyətdə mövcudluğuna, dövlət təsisatı kimi hərtərəfli təkmilləşdirilməsi və müasirləşdirilməsi yolunda əldə etdiyi nailiyyətlərə görə, ilk növbədə Heydər Əliyev şəxsiyyətinə və onun dövlətçilik siyasətinə borcludur. Azərbaycan Respublikası Prokurorluğunun kollektivi tərəfindən onun xatirəsi daim əziz tutulur və yüksək ehtiram göstərilir.

Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda Ulu Öndər daim usanmadan çalışıb. Öz mənalı həyatını xalqımızın bu günü və sabahı üçün yaşayan Heydər Əliyev özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək bir lider yetişdirdi. "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyən Heydər Əliyev xalqımıza özünün layiqli davamçısı kimi İlham Əliyevi təqdim etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi, insanlara firavan həyat bəxş edilməsi sahəsində yorulmaz və məqsədyönlü fəaliyyəti nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzunu gündən-günə yüksəldir.

Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər bu gün Azərbaycan xalqının ən mütərəqqi qanunlarla tənzimlənən, insan hüquq və azadlıqları üçün real təminatlar yaradan vətəndaş cəmiyyətində yaşamasını, hərtərəfli islahatlar nəticəsində formalaşmış demokratik və hüquqi dövlətdə fəaliyyət göstərməsini təmin edir.

Prezident İlham Əliyev tərəfindən də milli prokurorluq orqanlarına hərtərəfli qayğı və diqqət göstərilir, qurumun fəaliyyətinin müasir standartlar səviyyəsinə çatdırılması üçün zəruri tədbirlərin görülməsi təmin olunur. Ölkə başçısının siyasi iradəsinə müvafiq olaraq hüquq sisteminin inkişafı prosesində prokurorluğun rolunun artırılması, digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi, korrupsiyaya qarşı mübarizə işinin təşkilində prokurorluq orqanlarının məsuliyyətinin daha da artırılması, cinayət təqibi fəaliyyətinin inkişafı, prokurorluğun işində müasir elmi-texniki nailiyyətlərdən geniş istifadə olunması, mərkəzləşdirilmiş informasiya-kommunikasiya sisteminin yaradılması, müxtəlif fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinin artırılması, habelə prokurorluq işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və prokurorluğun maddi-texniki təminatının yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Bu gün prokurorluq orqanlarında müasir iş üslubları, ən qabaqcıl texnologiyalar tətbiq olunur. Bu sahədə xeyli işlər görülmüş, vətəndaşlara keyfiyyətli və rahat xidmət göstərilməsi üçün vahid elektron portal fəaliyyətə başlamışdır.

Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə çoxdan unudulmuş əfv və amnistiya aktlarının bərpasını da qeyd etmək yerinə düşər. Məhz bu humanist siyasətin nəticəsidir ki, məhkumların bağışlanması müsbət ənənəyə çevrilmişdir. Məhkumların vaxtaşırı əfv olunması və ya amnistiya aktından yararlanması ciddi tərbiyəvi əhəmiyyət daşımaqla, cəmiyyətə mənəvi dəyərlər, humanizm hissi aşılayır.

Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin fəaliyyətinin əsas prioritetlərindən biri məhz hüquqi dövlətçiliyin qorunması, insan hüquqlarına ehtiramdır. İndiyədək ölkə başçımız tərəfindən minlərlə məhkum əfv edilmişdir.

Ulu Öndər Heydər Əliyevin möhtəşəm dövlətçilik fəaliyyəti və zəngin siyasi irsi həmişə xalqımızın inkişaf yolunu işıqlandıran və ona düzgün yol göstərən bir mayak olacaqdır. İndiki və bundan sonra gələcək nəsillər bu dahi insanın şanlı həyat yolundan həmişə özləri üçün nümunə götürəcəklər.

Yüksək qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş siyasət və misilsiz əmək nəticəsində Azərbaycan bölgənin lider dövlətinə çevrilmişdir. 30 il işğal altında qalan müqəddəs torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və müzəffər Azərbaycan ordusunun gücü ilə geri alınması, uzun ayrılıqdan sonra insanların öz doğma yurdlarına qayıtması vətəndaşlarda dövlətə olan inamın sarsılmazlığını daha da möhkəmləndirdi.

Azərbaycan zəngin ölkədir, onun istedadlı insanları, tükənməz təbii sərvətləri var. Heydər Əliyevin siyasi irsi bizim sərvətimizdir. Bu gün hər birimiz - hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevin dövlətçilik amallarını, yüksək ideyalarını yaşatmaq və gələcək nəsillərə çatdırmaq, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək, fəaliyyət istiqamətimizdə əlimizdən gələni əsirgəməməliyik.

 

Rauf ABDULLAYEV,

Azərbaycan Respublikası

Baş Prokurorluğun Elm-Tədris

Mərkəzinin Prokurorluq işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və

peşə hazırlığının təşkili

şöbəsinin prokuroru.