Münasibətləri yüksək səviyyəyə çatdırmaq  milli təhlükəsizliyi təmin edir
Digər xəbərlər

Münasibətləri yüksək səviyyəyə çatdırmaq  milli təhlükəsizliyi təmin edir

2022-ci il fevralın 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması qonşu dövlətlərin xalqları arasında dostluq və mehriban tarixi ənənələri, dərin mədəni və humanitar əlaqələri özündə əks etdirir. Müqavilə ikitərəfli münasibətləri xalqların maraqlarına uyğun, regional və beynəlxalq təhlükəsizliyin və sabitliyin təmin edilməsinə və möhkəmləndirilməsinə töhfə verəcək şəkildə müttəfiqlik səviyyəsinə qaldırmağı nəzərdə tutur. Müqavilədə həmçinin, iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, təhsil, sosial, səhiyyə, gənclər arasında əməkdaşlıq və idman sahəsində yaxınlaşmanın vacibliyi, eləcə də iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsi öz əksini tapmışdır.

Rusiya Federasiyasının və Azərbaycan Respublikasının üzv olduqları beynəlxalq və regional təşkilatlarda qarşılıqlı maraq doğuran məsələlər üzrə fəaliyyətin inkişaf etdirilməsi nöqteyi-nəzərindən sənəd böyük əhəmiyyət daşıyır. Eyni zamanda tərəflərin Müstəqil Dövlətlər Birliyi (MDB) məkanında inteqrasiya proseslərinin gücləndirilməsində maraqlı olduqları və müvafiq səylərdə Rusiya Federasiyasının əsas rolu nəzərə alınaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin, Helsinki Yekun Aktının və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) və BMT-nin mərkəzi rolunun vacibliyi qeyd edilir.

43 maddədən ibarət Bəyannamədə deyilir ki, Rusiya və Azərbaycan xarici münasibətlərini qarşılıqlı fəaliyyət əsasında qurur, beynəlxalq problemlər üzrə yaxın mövqelər tutmaqla möhkəm əməkdaşlığı dərinləşdirirlər. Əlavə olaraq, qarşılıqlı maraq kəsb edən məsələlər üzrə beynəlxalq təşkilat və forumlar çərçivəsində qarşılıqlı fəaliyyətin sənədin əsas müddəalarından olması regiondakı səmərəliliyin artırılmasına xidmət edir. Müttəfiqlik prinsipinə əsasən ölkələr tərəflərdən birinin fikrincə sülhə təhlükə yarada bilən, sülhü pozan və ya tərəflərdən birinin təhlükəsizlik maraqlarına təsir edən vəziyyət yarandığı, eləcə də bu cür vəziyyətin yaranması təhdidi olduğu təqdirdə onun nizamlanması məqsədilə təxirəsalınmaz məsləhətləşmələrin aparılmasını təmin edəcək. Regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi məqsədilə ölkələr beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə səylərini birləşdirəcəklər.

İqtisadi və sosial inkişafın gücləndirilməsinə əsas olaraq qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaratmaq kimi maddələr müqavilədə göstərilmişdir.

Moskva Bəyannaməsinin əsas məqsədi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə dair öhdəlik götürürlər. Bu da həmçinin, qazandığımız hərbi zəfərin siyasi-diplomatik arenada daha da möhkəmləndirilməsinə xidmət edir. Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. “Şuşa Bəyannaməsi” və “Moskva Bəyannaməsi” regional lider dövlət olan ölkəmizin xarici və daxili maraqlarına öz töhfəsini verir. Təhdidlərin durmadan artdığı bir qlobal məkanda bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi önəmli sahədir. Təsadüfi deyil ki, 44 gündə əldə etdiyimiz tarixi zəfərimizdə bu amil böyük rol oynadı. Prezident İlham Əliyev 2021-ci il noyabrın 20-də xalqa müraciətində qeyd etdiyi kimi: “Qonşularla normal münasibət qura bilməyən ölkə necə inkişaf edə bilər?”.

                                  Nurlan ABDALOV,

                                       “Respublika”.