Erməni separatçılarının sonu yaxınlaşır
Digər xəbərlər

Erməni separatçılarının sonu yaxınlaşır

Azərbaycan Cənubi Qafqazda sülhü, əmin-amanlığı, birgəyaşayışı təşviq edir. Ölkəmizin ərazi bütövlüyünün pozulması ilə başlanan Ermənistan-Azərbaycan münaqişəsinin həllinə diplomatik yolla nail olmağa çalışan dövlətimiz 30 il ərzində yüksək tribunalardan haqlı mövqeyini bəyan etmiş, beynəlxalq təşkilatları, güc mərkəzlərini qarşı tərəfin işğalçı siyasətinə son qoymağa çağırmışdır. Ermənistan zəbt etdiyi Azərbaycan ərazilərini siyasi yolla qaytarmağa heç bir halda razı olmur, dünya birliyi isə məsələnin hərbi yolla həllinin mümkün olmadığını bildirirdi.

Azərbaycan torpaqlarının 20 faizdən çox hissəsini işğal edən Ermənistan yeraltı-yerüstü sərvətlərimizin qanunsuz istismarını həyata keçirir, ölkəmizlə sərhəddə təxribatlarını davam etdirirdi. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti təxribatına Silahlı Qüvvələrimiz əks-hücum əməliyyatı ilə cavab verdi. 30 il səbr edən, münaqişənin dinc yolla həlli üçün böyük təmkin nümayiş etdirən Azərbaycan öz gücü, qüdrəti ilə düşməni məhv etdi. Bütün dünyaya göstərdi ki, müstəqil, məqsədyönlü və düşünülmüş siyasət yürüdən Azərbaycan bir qarış torpağını düşmənə bağışlamayacaq və işğal olunmuş torpaqlarını geri almaq iqtidarındadır.

İkinci Qarabağ müharibəsi ölkəmizin ərazi bütövlüyünün təmin olunması ilə başa çatdı. Ədaləti heç bir ölkədən yardım almadan təkbaşına bərpa edən Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Qalib tərəf olsa da, düşmənlə barışığa doğru ilk addım dövlətimiz tərəfindən atıldı. Regionda münaqişəyə son qoyulması, xalqların mehriban qonşuluq şəraitində yaşaması naminə ədavəti, kin-küdurəti unudub sülhə gəlmək üçün Azərbaycan beynəlxalq hüququn təməl prinsipləri olan 5 şərti ortaya qoydu.

Humanist ideyalara sadiq olduğunu 1 milyondan çox vətəndaşını yurd yerlərindən didərgin salan, xalqının başına Xocalı soyqırımı kimi müsibətlər gətirən, kəndlərini, şəhərlərini viran qoyan, qədim tarixini yer üzündən silməyə çalışan, müqəddəs ocaqlarını təhqir edən, dağıdan düşməninə barışıq təklif etməklə bir daha isbatladı. Beynəlxalq vasitəçilərin münasibətlərin normallaşması səylərinə adekvat cavab verərək regionda sülhün bərqərar olması istiqamətində keçirilən bütün görüşlərdə əmin-amanlığı, təhlükəsizliyi dəstəklədi.

Bu gün iki ölkə arasında münasibətlərin yaxşılaşması, xalqların birgəyaşayışının təmin olunması təkcə Azərbaycan və Ermənistan üçün deyil, ümumilikdə region üçün mühüm əhəmiyyət kəsb edir. Lakin bəzi qüvvələrə Cənubi Qafqazda sülhün deyil, əksinə müharibələrin, münaqişələrin olması sərf edir. Odur ki, Ermənistanda vəziyyətin gərgin olaraq qalması, Azərbaycanın təklif etdiyi sülh müqaviləsinin imzalanmaması üçün bütün vasitələrə əl atılır. Erməni havadarları Qarabağ bölgəsində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəmizə reinteqrasiyasına imkan vermir, separatçı rejimi maliyyə, silah-sursat, canlı qüvvə ilə təchiz edərək regionda sülhü təhdid edirlər. Bunun Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərindəki kontingentinin müşayiəti ilə həyata keçirilməsi isə 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın tərəfi olan Rusiyanın regionda sülhün mövcudluğunda maraqlı olmadığını təsdiq edir. Çünki azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda aksiya keçirənədək rus sülhməramlılarının gözü qarşısında Qarabağa daşınan silah-sursatı indi separatçılar Xankəndidə yerləşən qanunsuz silahlı birləşmələrə paylayaraq vəziyyəti gərginləşdirirlər.

Artıq rus sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində bu hallara son qoyulmağın vaxtı çatıb. Belə ki, ermənilərin təbii ehtiyatlarımızı talan etməklə ekologiyamıza vurduğu ziyanın qarşısını almaq məqsədilə ötən il dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, QHT nümayəndələri aksiyaya başlamış və dinc aksiya 138 gün davam etmişdir. Aksiyaçılar Laçın dəhlizi ilə silah-sursat daşınmasının qarşısını almağa qismən nail olsalar da, düşmən sərhəddə terrorçu, vandal əməllər törətməyə davam edirdi. Dövlətimiz bu təxribatların qarşısını almaq məqsədilə aprelin 23-də Ermənistanı Qarabağla birləşdirən yeganə yolun - Laçın dəhlizinin başlanğıcında sərhəd-nəzarət-buraxılış məntəqəsi yaratdı. Keçid məntəqəsinin yaradılması Ermənistanla Qarabağ arasında hərəkətə nəzarət etməyə imkanı verir, avtomobillərin yoxlanılması isə nəinki sərhəddə, bütün regionda təhlükəsizliyin təmin edilməsinə xidmət edir. Artıq yoldan yalnız humanitar məqsədlərlə istifadə olunması üçün ciddi nəzarət həyata keçirilir, separatçıların silah daşımasının qarşısı alınıb. Növbəti addım isə ermənilərin qanunsuz silahlı birləşmələrinin ölkəmizin ərazilərindən çıxarılmasıdır ki, bu da separatçıların sonu olacaq. Bu il aprelin 18-də Azərbaycan Prezidenti İlham Əliyev Salyan şəhərində Azərbaycan Televiziyasına müsahibə verərkən bu barədə deyib: "Separatçılar da bilməlidirlər ki, onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər... Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar... - bu təlxəklər toplusu, nəhayət bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Mən əminəm ki, hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, bu zəlilər, bu yırtıcı heyvanlar, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar. Ona görə mənim mövqeyim bundan ibarətdir, bunu hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada"...

Mehparə ƏLİYEVA,

"Respublika".