Türkiyənin media nümayəndələrinə Laçında aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib
Digər xəbərlər

Türkiyənin media nümayəndələrinə Laçında aparılan tikinti-quruculuq işləri barədə məlumat verilib

Qardaş ölkə jurnalistlərinin işğaldan azad edilən ərazilərə səfəri davam edir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə səfərdə olan media nümayəndələrinin növbəti ünvanı Laçın şəhəri olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, azad olunan ərazilərə səfər edən jurnalistlər Zəngilan rayonu Ağalı kəndindən sonra Laçın şəhərinə gəliblər. Burada onları Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonu üzrə Xüsusi Nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Laçın şəhəri barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, işğal zamanı erməni vandalizmi nəticəsində Laçında bütün infrastruktur dağıdılaraq məhv edilib, həmçinin təbiət ekoloji terrora məruz qalıb. Laçın azad olunduqdan sonra digər rayonlarda olduğu kimi, burada da tikinti-quruculuq işlərinə başlanılıb və qısa zaman kəsiyində Laçında evlər bərpa edilərək doğma sakinlərinin istifadəsinə verilib.

Qeyd edilib ki, Böyük Qayıdış proqramına uyğun olaraq Laçın sakinləri öz el-obasına qayıdıblar. Qonaqların diqqətinə çatdırılıb ki, bir neçə gün əvvəl Laçına Böyük Qayıdışın növbəti mərhələsi həyata keçirilib və daha 23 ailə Laçında məskunlaşıb. Hazırda Laçın şəhərində ümumilikdə 203 ailə olmaqla 793 nəfərin məskunlaşdığı və köçürülən ailələr üçün bütün infrastruktur şəraitin yaradıldığı bildirilib. Daha sonra media nümayəndələri Laçın şəhəri ərazisində gəzintiyə çıxaraq burada tikinti-quruculuq işləri sayəsində yaradılan şəraitlə tanış olublar.