Mükəmməl mürəkkəb memarlıq
Maraqlı

Mükəmməl mürəkkəb memarlıq

Sivilizasiyaları özündə əks etdirən memarlıq abidələrinə bir nəzər

Tac Mahal

Dünyanın ən möhtəşəm memarlıq nümunəsi olan Tac Mahal nəinki təsiredici görünüşü, həm də təmtəraqlı üslubu ilə  Hindistan mədəniyyətinin bir hissəsidir. Saf eşqi simvollaşdıran və kövrək sevgi hekayəsinin təcəssümü olan möhtəşəm türbə dünya memarlığının şah əsərlərindən biri hesab olunur. Bu memarlıq abidəsi Hindistanın Uttar Pradeş əyalətinin şimalında Aqre şəhərində yerləşir. Məbədin tikintisinə  monqol  hökmdarı Cahan şah əmr vermişdi.  Bəs, belə bir möcüzəni yaratmağa Cahan şahı nə sövq etmişdir?

1631-ci ildə Cahan şahın xanımı Mümtaz Mahal 14-cü övladını dünyaya gətirən zaman vəfat edir. Heç cür ovuna bilməyən Cahan şah bir il sonra Mümtaz Mahala böyük məhəbbətini misli görülməmiş memarlıq abidəsində əbədiləşdirmək qərarına gəlir. Deyilənlərə görə, unikal üslubu olan məbədin baş memarı Ustad Əhməd Lahuri olub. Layihənin ərsəyə gəlməsində isə Hindistan və Orta Asiyadan 20 minə yaxın insan çalışıb. 

Böyük və gözəl fəvvarəli bağ içində salınmış beş günbəzli möhtəşəm binadan və 4 minarədən ibarət Tac Mahal yarımşəffaf ağ mərmərlə örtülmüşdür. Bu məbədin ən heyrətamiz xüsusiyyəti günün vaxtından və hava şəraitindən asılı olaraq rəngini dəyişməsidir. Gündüzlər ağ, yağışda şəffaf, səhər çəhrayı, gün batanda isə qızılı rəngə çalan məqbərə dekorativ elementlər, müxtəlif boya, suvaq, daş üzərində oyma fiqurların köməyi ilə yaradılıb. Türbəni bəzəyən günbəzlər qızıl suyu çəkilmiş fiqurlarla işlənib. Yeri gəlmişkən, sərdabəni bəzəyən mərmər günbəz Tac-Mahalın ən cəlbedici hissəsidir. Sənət əsəri kimi ayrıca bir xəzinə olan bu memarlıq əsərinin hündürlüyü 35 metrdir. Yüz minlərlə əqiq, sədəf, firuzə ilə bəzədilmiş divarlarda 42 zümrüd, 142 yaqut, 625 brilyant, 50-dən  çox böyük inci var.

Əfsanəyə görə, tikinti başa çatdıqdan sonra Cahan şah abidənin üslubunun bir daha təkrarlanmaması üçün ustaların əllərinin kəsilməsini və gözlərinin çıxarılmasını əmr edibmiş.

Tac Mahal 1983-cü ildə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına, 2007-ci ildə isə ümumdünya səsverməsi nəticəsində Dünyanın Yeddi Möcüzəsi siyahısına salınmışdır.

 

Guggenheim Muzeyi

Abidələr şəhərlərin vizit kartıdır, deyirlər. Memarlıq elementləri, sənətkarlıq baxımından bir-birindən fərqlənən bu abidələr şəhərlərin ümumi kompozisiyasında bir harmoniya yaradır. Öz möhtəşəmliyi ilə seçilən memarlıq abidələri isə dünya mədəniyyəti inciləri sırasında önəmli yer tutur.

Memarlığın ən innovativ ideyalarının möhtəşəm nümunələrindən biri olan  Guggenheim Muzeyi XX əsr amerikalı memar Frank Gehry tərəfindən layihələndirilmişdir. Titandan hazırlanmış nəhəng memarlıq abidəsinin ümumi sahəsi 24.000 kvadratmetrdir və bunun 11000 kvadratmetri sərgilərə ayrılmışdır. Mərkəzi atrium nəhəng bir metal çiçəyə bənzəyir, cəsarətli konfiqurasiya və innovativ dizayn parçaları isə  muzeydə olan sənət əsərlərinin nümayiş etdirilməsi üçün daha cazibədar fon yaradır. 400 metr uzunluğunda olan birinci mərtəbənin əsas girişindən keçən ziyarətçilər liftlə sonuncu mərtəbəyə qalxdıqdan sonra panduslardan aşağı enərək eksponatlara baxa bilirlər. Muzey memarlığın ümumi qəbul edilmiş ideyasını və ekspozisiyanın qurulması prinsiplərini sanki alt-üst edir.

Guggenheim Muzeyi spiral formasında reproduksiya edilmiş ilk memarlıq abidəsidir. Əvvəllər Guggenheim Muzeyinin spiralvari maili divarları burada sənət obyektlərini nümayiş etdirmək üçün uyğun deyildi. Sonralar isə düzbucaqlı kətanların əyri və maili divarlarda nümayiş etdirilməsinə imkan verən rels və kabel sistemləri yaradıldı.

Memarlıq nöqteyi-nəzərindən Guggenheim Muzeyi nəinki köhnəlmir, əksinə hər il daha çox insanın maraq obyektinə çevrilir. Bununla da Frank Gehrynin  layihələndirdiyi Guggenheim Muzeyi sənaye şəhəri Bilbaonu dünyanın mədəniyyət mərkəzlərindən birinə çevirir. Orijinallığı və qeyri-adi   üslubu sayəsində bina demək olar ki, bu şəhərin  simvollarından biri hesab edilir.

 

Mədain Saleh abidəsi

Qədim Heqranın bir çox tikililəri eramızdan əvvəl I əsrin ortalarına aiddir.  Qazıntı sahəsi Nəbati şəhərinin o dövrdə olan görünüşü barədə aydın təsəvvür yaradır. Strateji cəhətdən İordaniyanın məşhur Petra şəhərinin cənubunda yerləşən krallığın bu arxeoloji incisi bir vaxtlar Ərəbistan yarımadası, Aralıq dənizi və Asiya arasında mühüm ticarət yolu olub.

Unikal memarlıq abidəsi olan Mədain Saleh ərəb ölkəsinin milli sərvəti hesab olunur. Öz heyrətamiz qaya strukturları ilə Səudiyyə Ərəbistanının ən qədim memarlıq abidəsi sayılan bu tarixi kompleksin yaşı təxminən 2000 ildir. Burada Yunan, Roma və Misir mədəniyyətlərinin simvollarını görmək olar. Orijinal naxışlarla zəngin qəbirlərin bəziləri sfinks və meduza fiqurları ilə bəzədilmişdir.

 Tamamilə qayalardan oyulmuş Heqra UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk şəhərdir. Nəbati krallığının incəsənəti və memarlığı müxtəlif xalqların təsiri altında formalaşaraq Mədain Salehdə misirlilər, finikiyalılar assuriyalılar və ellinistlərin  ənənələrini əks etdirir. Qədim türbələrin fasadlarında müxtəlif yerlərdən götürülmüş memarlıq elementləri qorunub saxlanılır. Qayalardan oyulmuş heykəl və relyeflərlə bəzədilmiş tarixi abidənin üzərində əks olunmuş naxışlardan orada məskunlaşmış insanların səhranın "ürəyinə" haradan köç etdikləri qənaətinə gəlmək olur. Nəbatilər özlərindən sonra heç bir əl yazısı qoymadıqları üçün krallıq indi çoxlarının əvvəllər eşitmədiyi ən sirli və maraqlı sivilizasiyalardan biri hesab olunur.

Alimlər hələ də memarlıq abidəsi kimi günümüzə gəlib çıxan bu qayalıqların sirlərini açmağa çalışırlar.

Hazırladı:

Arzu ASİFQIZI,

"Respublika".